Sizin reklam burada
Sizin reklam burada
  • Biz sizə minnətdarıq, doktor Ziyad Əliyev!

    Hörmətli “Atribut” qəzeti redaksiyası, mən heç zaman hansısa qəzetə və ya yurnala məqalə göndərməmişəm. Belə bir istəyim də olmayıb, həvəsim də. Ancaq indi elə bir faktla üzləşmişəm ki, yazmaya bilmərəm. Ona görə də, xahiş edirəm, bu minnətdarlıq məktubumu qəzetinizdə verəsiniz ki, biz öz xilaskarımız qarşısında olan borcumuzun mənəvi tərəfini ödəyə bilək.
    Söhbət ondan gedir ki, mənim Bakıda yaşayan kiçik bacım Saqibə Qaçayevanın hər iki böyrəyində heyrətamiz dərəcədə böyük daşlar var idi. On illər boyu müalicə olunsa da, daşlar əriyir və yenə də böyüyürdü. İş o yerə çatmışdı ki, Bakıdakı bəzi “tanınmış” uroloq-həkimlərdən biri onun böyrəklərinin birini kəsib çıxartmağı məsləhət bilir, hər gün yüksək səviyyədə reklam olunan digər həkim isə, ümumiyyətlə, bu dərdin müalicə olunmasını mümkünsüz sayırdı. Başqa bir həkim isə külli miqdarda vəsait müqabilində bacımın ağır vəziyyətdə olan böyrəyini kəsib götürəndən sonra o biri böyrəyini operasiya etməyə razılıq verir, amma yaşayacağına ümid olmadığını söyləyirdi. Yəni, əlimiz yerdən-göydən üzülmüşdü.
    Ancaq Allah böyükdür. Allah bizə doktor Ziyad Əliyev kimi bir xilaskar göndəribmiş. Bakıdakı “German Hospital” adlı özəl klinikada çalışan Ziyad doktor 2022-ci ilin noyabrında bacımın bir böyrəyini daşdan təmizlədi, 2023-cü ilin martında isə daha ağır vəziyyətdə olan ikinci böyrəyini əməliyyat etdi. İndi bacım ayaq üstdədir və Allaha şükür ki, həm də ailəsinin, uşaqlarının başı üstündədir. Mənim bu məktubu təxminən bir il sonra yazmağımın səbəbi isə Ziyad doktorun, nə isə yazmağa və ya hansısa minnətdarlığa imkan verməməsi idi. Elə ona görə də bu sətirləri doktordan xəbərsiz yazdım.
    Bacımın oğlu danışdı ki, Ziyad doktor altı il Azərbaycan Tibb Universitetində təhsil aldıqdan sonra bir il də Seçenov adına bir nömrəli Moskva Dövlət Tibb Akadeniyasında internatura, sonra isə iki il Kazan Dövlət Tibb Akademiyasında kliniki ordinatura keçmişdir. Bizim həkimimiz eləcə də, İtaliya, Türkiyə, Rusiya və ölkəmizdə çoxsaylı elmi - praktik konfranslarda iştirak etmiş, Tartarstandakı Leninoqorsk şəhər Mərkəzi Şəhər Xəstəxanasında həkim uroloq vəzifəsində çalışmışdır.
    Sonda xüsusilə qeyd edim ki. altı ildir Bakıdakı “German Hospital”da uroloq vəzifəsində çalışan Ziyad doktorun heç bir reklama ehtiyacı olmadığını özü də bilir, xəstələri də. Mən isə kənddə yaşayan bir adam kimi onu bilirəm ki, ən yaxşı yağ nehrə yağıdır. Elə ona görə də heç yerdə nehrə yağı reklam edilmir.

    Hörmətlə:
    Sürəyya RƏFİYEVA,
    Qəbələ rayonu, Yemişanlı kəndi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ