Sizin reklam burada
Sizin reklam burada
  • RAMİZ HÜMMƏTOV UŞAQLIĞIMIN CANLI SİMASI İDİ

    Namazalı Məmmədov,
    “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini

    Ramiz Hümmətov mənim uşaqlığımın canlı siması idi. Ramiz Hümmətov mənim doğulub boya-başa çatdığım Qaraxanlı kəndinin Bakı şəhərindəki havası-suyu idi. Ramiz Hümmətov hamımızın qürur yeri, saz-söz məclislərinin baş tacı idi.
    Xoş günümüz, yubiley sorağı, kitab təqdimatı olanda, yaxud da bir dərdimiz, itkimiz baş verəndə Ramizə tapınırdıq. Ramizin üstünə gedirdik. Ramiz bizim danışan dilimiz idi. İçimizdəkiləri qəzet, jurnal, kitab səhifələrində bir araya gətirənimiz, təsəllimiz idi... Sevincimizi paylaşırdıq, sevincimiz artırdı, dərdimizi paylaşırdıq, dərdimiz azalırdı. İndi çox ağrılıdır ki, Ramiz dərdimizi azaltmağa yer gəzirik, adam gəzirik, Ramizi gəzirik. Bəxtiyar Vahabzadənni anasına həsr etdiyi poemada belə bir bənd var:

    «Kimləri çağıraq bu gün yeddiyə?»
    Xalalar, bacılar soruşur məndən.
    Anamdan soruşaq, o bilər deyə,
    Sənin otağına üz tuturam mən.

    Ramizin 7 mərasiminə hazırlaşırıq, ürək sözlərimizi yenə kağız səhifələrinə boşaldırıq, çapa hazırlayırıq. Harda çap edək? Necə çap edək? Qəzetmi, jurnalmı, kitabmı... hamımız bir-birimizin üzünə baxırıq ki, “Ramizdən soruşaq, yenə o bilər...”
    Ramiz o qədər nikbin, həyata bağlı, mehriban, gülərüzlü, zarafatcıl, sözü duzlu-məzəli birisi idi ki, bu xatirə yazımı da Ramiz ruhuna kökləməyə çalışıram, bədbinlikdən qaçmaq istəyirəm, alınmır...
    Ramiz şeiri, sazı-sözü çox sevdiyi kimi futbol oynamağı da sevirdi. Məktəbdə dərs əlaçısı, müəllimlərin sevimlisi idi. Şagirdlər ona həsəd aparırdı. Futbolda da hamıdan qabaqda idi. Sonralar ikimiz də kəndimizdən uzaq düşdük, mərkəzdə ali təhsil alıb, iş fəaliyyətinə başladıq. 90-cı illərdən sonra “Tovuz Xeyriyyə Cəmiyyəti”nin fəaliyyəti dönəmlərində mən Ramizlə yenidən bir araya gəldim, yenidən yollarımız kəsişdi. Bir yerdə kitablar, jurnallar dərc etdirdik, bir yerdə tədbirlərdə, məclislərdə olduq....
    Ramiz təkcə Tovuzun, Qaraxanlının deyil, bütün Azərbaycanın dəyərli ziyalısı, mətbuatımızın sütunu idi.
    23 dekabr günü Ramizin qəfil ölüm xəbəri gəldi... Xəbəri eşidən kimi Ramiz olan yerə - Göy Məscidə tələsdim. Yol boyu eşitdiyim xəbərin yalan olmasını arzulayırdım. O böyüklükdə, o ucalıqda olan, dostlarını görəndə ayağa qalxaraq qarşılayan Ramiz bu dəfə bizi qarşılamadı...
    Elə həmin gün Ramizi dünyaya gəldiyi Tovuza yola saldıq. Təkcə Tovuza yox, həm də əbədi dünyasına yola saldıq...
    Yolun işıqlı olsun, Ramiz!
    Allah sənə rəhmət eləsin!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ