Sizin reklam burada
Sizin reklam burada
  • Qənirə Paşayevanin vəfatı hər birimizi korun-korun yandırır

    Musa Süleymanov
    "Tovuz" Xeyriyyə Cəmiyyətinin sədri

    Qənirə Paşayevanin vəfatı hər birimizi korun-korun yandırır
    (Esse)

    Bu günlər Azərbaycan ictimaiyyəti üzləşdiyi ağır itkinin acılarını yaşamaqdadır. Tarix boyu xaqlıqmız mərd oğul və qızları ilə öyunüb, qürur duyub. "Aslanın erkəyi, dişisi olmaz", deyərlər. Belə aslan ürəkli, mərd, cəsur, təpərli, hünərli, sözünü zamanında deyən, çağırışı vaxtında səsləndirən, haqqı-nahaqqa verməyən el qızı, həkim, şair-publisist, natiq millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva idi. O, Qənirə xanım ki, hələ torpaqlarımızin 20 faizdən çoxu işğal altında olarkən, səsini ali tribunalardan ucaldaraq dünyaya səslənən, Türkiyə-Azqrbaycan dostluq və qardaşlıgının sarsılmazlıgı naminə qardaş ölkədə ünlü çıxışlarla diqqət cəlb edən, haqq-ədalət carçısı, idealist, realist, milli-mənəvi dəyərlərin daşıyıcısı və sair, və ilaxır.
    Qənirə Paşayeva sıradan bir ziyalı xanım, sıradan bir deputat deyildi. O, tanınmış ictimai xadim, peşəkar jurnalist idi. Bəli, Qənirə xanim Paşayevanın vəfatı gerçəkdən Azərbaycan ictimaiyyətinin ağır itkisi deməkdir. Gəlin onun zəngin həyat və fəaliyyətinə qısa paraqrafla kiçicik bir ekskurs edək:

    Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın ayının 28-də, ömrünün 49-cu baharında həyata gözlərini əbədi yumaraq vəfat etişmişdir.
    Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya vəsiqə almışdır. O, orta məktəbi müvəffəqiyyətlə bitirərək, 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
    Jurnalistikaya, söz sənətinə sonsuz marağı Qənirə xanımı 1998-ci ildə “ANS” televiziya şirkətininə gətirib çixarır. İlk əmək fəaliyyətinə sözügedən televiziyanın Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
    Milli mənsubiyyəti hər nemətdən uca tutan
    Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Fəaliyyəti dövründə o, istər ölkədəxili, istərsə də ölkəmizin hüdudlarından kənarda işgüzar səfərləri zamanı, keçirilən hər bir görüşlərdə Azərbaycanın parlaq gələcəyi naminə uğurlu diplomatik çıxışlarla hər kəsdə xüsusi maraq və diqqət yaratmışdır. Qənirə Paşayeva həmçinin, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.
    O, zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı, xeyirxahlığı, nəcibliyi, milli təəssübkeşliyi ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun danılmaz, təqdirəlayiq, misilsiz xidmətləri vardır. Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak etmiş, xüsusi fəallıq nümayiş etdirmişdir.
    Vətənpərvərliyi, insanpərvəriliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə əməli şəkildə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində, ictimaiyyət arasinda yüksək nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.
    Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələri, müəllifi olduğu ssenarilər izləyicilər tərəfindən həqiqi diqqət və yüksək maraqla qarşılanmışdır.
    Qənirə Paşayeva qeyd etdiyim kimi, Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik, bərabərlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.

    Türk anasıydı, türk bacısıydı, türk qadınıydı, türk qız övladıydı Qənirə Paşayeva.

    Bütün türklərə köklərini xatırladırdı həmişə. Türkün türkdən başqa dostu olmadığını və olmayacağını bütün dünyaya duyururdu.
    O düşüncədəydi ki, bütün türk dünyasında sevincimizi, kədərimizi bölüşməkçün aydın türk qadınlarının, qadın təşkilatlarının üzərinə böyük missiya düşür.
    Onun “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabı türk dünyasının müxtəlif bölgələrini yaxından tanımaq, bilmək və öyrənmək istəyən hər bir insanımz üçün maraqlı örnəkdir. Özəlliklə gənclərin oxumasını daha çox istədiyi həmin kitabdan əldə olunan gəliri İraq Türkmanı olan və atasız-anasız bir qızın ali təhsil alması üçün “Beynəlxalq Kərkük Kültür Dərnəyi”nə bağışlamışdı. Odur ki, İraq türkləri də Qənirə Paşayevanın vəfatından çox böyük üzüntü içərisindədir. İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya deyir: ""Qənirə Paşayeva təkcə Azərbaycanın deyil, Türk dünyasının, Kərkük Türkmənelinin ləyaqətli, güclü, qürur duyulacaq qızı idi. TURAN-a gedən yolda böyük mücadilə verirdi. Bütün ömrünü Türk dünyasına həsr edən Qənirə xanım bu yolu öz parlaq siması, əməlləri ilə işıqlandırırdı”.
    Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Qənirə Paşayevanın vəfatı ilə bağlı deyib: "Qənirə xanım türk dünyasının hər bölgəsində olub, ona hər kəs sayqı duyur, böyük rəğbət bəsləyirlər. Mən Qənirə xanım haqda olan yazımda onun vətənpərvər, millət fədaisi olduğunu bildirmişəm. Çox heyif. O millətsevər, türk dünyasının aşiqidir”.
    Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan, Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu və Türk dünyasının bir çox tanınmış simaları da millət vəkilinin ölümü ilə bağlı sosial media hesablarında paylaşım ediblər.
    Q.Paşayeva bu qənaətdəydi ki, "bir millət, iki dövlət" dediyimiz Azərbaycan və Türkiyənin arasına nifaq toxumu səpməyə çalışanlar türk birliyindən qorxanlardır və onların bu niyyəti heç zaman baş tutmayacaq.
    Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetində "Türk dünyası Xidmət" ödülünə layiq görüldüyü tədbirdə çıxışında Qənirə Paşayeva Türk dünyası mənsublarının ilk olaraq ortaq türk tariximizi öyrənmələrinin gərəkli olduğunu, özlərinə “Mən Türk dünyası üçün nə etmişəm, nə edə bilərəm, nə etməliyəm?” sualını verməli olduğunu diqqətə çatdırmışdı: “İstəyimiz mümkün olan ən yaxşı işi görməkdir – Türk dünyası hər şeyin ən yaxşısına layiqdir!” Türk dünyasının birlik idealını mənimsəməkdə təlim-tərbiyənin, təhsilin, deməli, universitetlərin müstəsna yerə, rola malik olduğunu vurğulayan Qənirə Paşayeva, türk birliyinin daha böyük sürət, keyfiyyət və daha geniş miqyas qazanmasına xidmət edən qurum və quruluşların işbirliyinin faydalı olduğunu deyirdi.
    Q.Paşayeva 44 günlük Azərbaycan Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının Azərbaycana verdiyi yüksək mənəvi, siyasi-diplomatik və informasiya dəstəyinin müstəsna önəmini hər fürsətdə qeyd edir, Azərbaycanın tarixi zəfərinin bütün türk ölkələri üçün önəm daşıdığını, Zəngəzur dəhlizinin işə düşməsi ilə bu önəmliliyin praktik iqtisadi müstəvi üzərində də inikas edəcəyini vurğulayırdı. Türkiyə-Azərbaycan birliyinin 44 günlük müharibəyəqədərki tarixi zirvə hadisələrini – Çanaqqala savaşlarında Azərbaycanlıların könüllü olaraq döyüşdüyünü, 1918-ci ildə Türk-İslam Qafqaz Ordusunun Azərbaycandakı qurtarıcılıq hərəkatı və başqa hadisələri xatırladan Qənirə Paşayeva, qardaş ölkələrin birliyinin bundan sonra da qürur qaynağımız, yol rəhbərimiz olacağını deyirdi.
    Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın ömrünün erkən çağlarında, həyatının qaynar vaxtlarında, hələ bahar nəsiminin ilıq nəfəsini duyduğu yaşının təravətli çağlarında dünyaya vida etməsi tərəddüdsüz deyə bilərəm ki, hər kəsi, hər birimizi korun-korun yandırır. Onun əziz xatirəsi qədirbilən xalqımızın, bizlərin qəlbində daim yaşayacaq, uca tutulacaq.
    Allahdan ona rəhmət diləyir, doğmaların, əzizlərinin kədərinə şərik olur, bu hüznlu günlərdə onlara səbir, dözüm arzulayıram!
    Və yazımı "Kredi" qəzetinin baş redaktoru Əli Rza Xələflinin Qənirə xanıma həsr etdiyi, hələ mürəkkəbi qurumamış şeiri ilə tamamlayıram:

    YERİN ULDUZU GETDİ
    Millət vəkili Qənirə Paşayevanın vaxtsız ölümünə elegiya

    Bir acı xəbər gəldi, əldə qələm titrədi,
    Misralar qara geydi, yazmadım yazı getdi.
    Əhdində, inamında Təbriz, Borçalı vardı,
    Yurdun Dərbəndi getdi, bir Qarayazı getdi.

    Ümidlər göyərirdi payızından, yazından,
    Haqqa nizam gəlirdi doğru-düz tarazından,
    Bülbüllər səs almışdı onun xoş avazından,
    Millətin şirin dili, söhbəti, sözü getdi.

    Simsarlıqda hər kəsə könül evi, him idi,
    Bir dərdlinin qəlbində ürək teli sim idi;
    Arxasıza dayaqdı, kimsəsizə kim idi,
    İnsana məhəbbətin, sevginin nazı getdi.

    İçində böyümüşdü haqq uğrunda savaşın,
    Qəlbi döyüş meydanı, səngəri vətəndaşın;
    Təskinliyi olarmı gözlərdən axan yaşın,
    Elin doğma balası, qeyrətli qızı getdi.

    Savalandan Diriyə karvan gəlsə, nə deyim,
    Aveydən, Göyəzəndən mehman gəlsə nə deyim;
    Xudafərin üstündə kədər geyim, qəm yeyim
    Könlümüzün evində dillənən sazı getdi.

    Bir Qənirə adının qənirsizlik taleyi,
    Onu vaxtsız ələdi – bu dövranın küləyi;
    Necə yazım qınayım əli qanlı fələyi,
    Apardı arzuları... yanan murazı getdi.

    Xələflinin qələmi ağladı öz vaxtına,
    Ayrılığın acısı göynədi söz baxtına.
    Dünyaya can borcuyla vida dedi taxtına
    Axdı göyün üzündən yerin ulduzu getdi.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ