Nicatın hər zaman riyaziyyata böyük marağı olub. Bəlkə bu maraq onu ikinci ixtisas qrupuna yönəlməyə sövq edib. Bu gün öz ixtisas qrupunda uğura imza atmasında müəllimlərindən Əli Xəlilov, Elşən Zeynalov, Coşqun Əsədov, Səbinə Orucova, Raqif Mərdanovun çox böyükdür. O, 2021-ci il 9-cu sinif buraxılış imtahanında 290 bal toplayaraq məktəbin birincisi olub.
Nicatı başqalarından fərqləndirən məsuliyyətli, çalışqan, səliqəli və özünə qarşı tənqidi yanaşmaq xüsusiyyətinin olmasıdır. Hədəfi getdiyi hər bir yolda uğur qazanmaq olub. Sözsüz ki, valideynlərinin köməyi, dəstəyi həmişə onunla olub. Uşaqlıqda nə qədər dəcəl olsa da, çox sakit, utancaq və təvazökardır. Formula-1 yarışlarına marağı həddindən artıq böyükdür. Boş zamanlarında velosiped sürməyi xoşlayır. İngilis dili səviyyəsini yüksəltmək üçün daim öz üzərində çalışır.
Ali məktəbə hazırlaşdığı illərdə var gücü ilə çalışıb. Təkcə dərsliklərlə kifayətlənməyib. Sınaq imtahanlarında iştirakı öyrəndiyi bilikləri möhkəmlətməkdə ona kömək olub. Abituriyent olduğu müddətdə heç bir sosial şəbəkədən istifadə etməyib. Buna heç vaxtı da olmayıb. Dərs cədvəlini planlı qurduğu üçün elə də çox yuxusuz qalmaylb. Tapşırıqlarda etdiyi heç bir səhvə etinasız yanaşmayıb. Bütün bunların nəticəsidir ki, Nicat bu il on birinci siniflər arasında keçirilən buraxılış imtahanlarında 292,4 bal, blok imtahanlarında isə 394 bal toplayaraq ümumilikdə 686,4 balla ikinci ixtisas qrupunda respublika ikincisi olub. Bu uğurda əməyi keçən 24 saylı tam orta məktəbin direktoru Nəsibə Cabbarova başda olmaqla bütün kollekivinə, valideynləri Mətanət xanım və Sərdar bəyə, ona yol göstərən bütün müəllimlərinə sonsuz minnətdardır.
Hazırda hədəfi Bakı Ali Neft Məktəbində təhsili ingilis dilində olan “Biznesin idarə edilməsi” fakültəsində müvəffəqiyyətlə təhsil almaq, təcrübəli mütəxəssis kimi formalaşmaqdır. Gələcəkdə magistr təhsilini xaricdə davam etdirib tam ixtisaslı kadr kimi Vətəninə qayıtmaq və öz şəxsi brendini yaratmaqla biznes qurmaqdır.
Nicat uğurun formulunu təhsilə başladığı ilk gündən sona kimi çalışmaqda,dərs proqramını planlı qurmaqda, öz potensialına uyğun hədəf seçməkdə, yetərincə istəkli olmaqda görür. Uğurun başlıca səbəbini isə diqqətli olmaqda gördüyünü deyir: İmtahana hazırlaşan hər kəs diqqətlə çalışmalıdır. Cavablar çıxarkən çox sevindim. Düzü bu qədər yüksək nəticə olacağını gözləmirdim. Ancaq inanırdım ki,uğur qazanacam. Daha çox çalışırdım. Demək olar ki, günümün böyük hissəsini kitablarla keçirirəm. Həmyaşıdlarıma tövsiyəm odur ki,qarşılarına dəqiq hədəf qoysunlar,əzmlə çalışsınlar,özlərinə inansınlar. Mən bunu bacaracağam, fikri ilə məsələlərə yanaşsalar, uğur onlarla olacaq.
İmtahana çox ciddi yanaşmaq lazımdır. Gənclər bilməlidilər ki, onların gələcək arzularının reallaşması məhz həmin imtahandan keçir. Bunun üçün oxumağa mümkün qədər çox vaxt ayırmaq, ümumilikdə hazırlıq prosesini sistemli qurmaq lazımdır. Arada istirahət etməyi də unutmasınlar. Onlar bilməlidirlər ki, bilik hər zaman qiymətləndirilir.
Uğurların davamlı olsun, Nicat!
İlhamə Məhəmmədqızı
"Atributinfo.az"
