Sizin reklam burada
Sizin reklam burada
  • Bir igidin ömründən bəhs edən kitab

    Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə kitab təqdimatımdan sonra çay süfrəsində məktəbin müəllimləri ilə xeyli söhbət etmişdik. Söhbət əsnasında məlum olmuşdu ki, məktəbin müəllimlərindən biri də elə şəhid ailəsidir. Həmin müəllim illər öncə şəhid qohumu Valeh Camalov haqqında yazılan kitabı mənə hədiyyə etdi. Kitabı əlimə alandan diqqətimi çəkmişdi. Evə gələndə hər nə qədər vaxt məhdudiyyəti yaşasamda gecələr çalışırdım ki, kitabı oxuyub bitirim.
    Nə yalan deyim kitabın ilk səhifələrində kəndin tarixcəsi, kəhrizi, abidələri haqqında məlumatları oxusam da, əsas şəhid Valehin həyatını öyrənməyə tələsirdim. Və nəhayət bir neçə səhifə sonra məni əsas maraqlandıran məqama çatdım.
    Valeh Camalov 1966-cı il aprelin 1-i Füzuli rayonu Kürdlər kəndində anadan olub. Hər kəsə gülüş bəxş edən tarix Camalovlar ailəsinə də ən gözəl sevinci bəxş edir. Valeh Camalov evdə hər kəsin sevimlisi olmasına baxmayaraq nə ərköyün böyümür, nə də nadincliyi ilə ailəsini incitmir. Əksinə ağıllı hərəkətləri, mülayim xarakteri ilə hər kəsin hörmətini qazanır. Zaman keçdikcə böyüyən Valeh dərslərində əlaçı olsa da 5-ci sinifdə oxuyarkən burnundan əməliyyat olunmalı olur. Səhətiylə əlaqədar olaraq dərslərdən yayınsa da məktəbi bitirdikdən sonra texnikuma daxil olur. Hərbi xidməti isə Çernobıl hadisələrinin tüğyan etdiyi bir vaxta təsadüf edir. Çernobıl hadisələrinin iştirakçısı olan Valeh xidmətdən qayıtdıqdan sonra 1992-ci ildə Qarabağın fəryadında dözməyərək vətən torpaqlarının müdafiəsinə qalxır. Evdəkilərin israrına baxmayaraq cəbhəyə üz tutan qəhrəman tank üzrə təlimlər keçdiyindən onun bu bacarığı orduya çox kömək edib. Sıradan çıxmış tankları təmir edib, digər hərbi maşınların təmirində də çox böyük hünər göstərib. Hətta dəfələrlə təmir etdiyi tanklarla düşməni qorxudub geri çəkilməyə məcbur edib. Döyüş yoldaşları ilə birlikdə çiyin-çiyinə verib vuruşub. Ən sonuncu dəfə isə 1992-ci ilin avqustun 29-u sıradan çıxmış tankın düşmənə qənimət qalmaması üçün mərmi yağışı altında təmirinə cəhd edib. Təmiri uğurlu alınasa da işini bitirdikdən sonra tankı hərbi hissəyə gətirmək Valehə qismət olmayıb. Tankın təmirini bitirdikdən sonra onu işə salmaq üçün tankın üstünə çıxan Valeh düşmən gülləsinə tuş gəlib. Elə yerindəcə şəhidlik zirvəsinə ucalan Valehin ardıyca gələn dostları onu şəhid edən 5 ermənidən 2 sini öldürüb 3 nü isə əsir götürürlər. Torpağın bağrını yandıran günəşin naləsi göy üzünü tutur. Bir qəhrəman öz yurdunda dəfn oluna bilməsə də ailəsinin köçkünlüklə yerləşdiyi imişli rayonunda dəfn olunur. Çünki İmişli camaatı qəhrəmanının başqa yerdə dənf olunmağına razı olmur. Valeh Camalov 1992-ci ildə İmişli rayonu Boşçallar kəndinə gələn ilk şəhid idi. Həm də onun qəhrəmanlıqları xalqa yaxşı bəlli idi. Amma çox təəssüflər olsun ki, aidiyyəti qurumlar tərəfindən Valehin qəhrəmanlıqları layiqincə qiymətləndirilməyib.
    Mən bu gün vətən tarixini qanıyla yazan, vətən var olsun dəyə öz canını heçə sayan daha bir qəhrəman şəhidimizi tanıdım. Sən bizim fəxrimizsən Valeh Camalov. Biz səni unutmarıq!



    Tankçı Valeh

    Daha bir şəhidi tanıdım bu gün,
    O tankçı Valehdi Kürdlər kəndindən.
    Mənfur ermənilər hələ o zaman,
    Ayrı salmışdılar onu elindən.

    O da dözməyərək bu haqsızlığa,
    Vətən harayına könüllü gedib.
    Bu qədər igidlik göstərsə belə,
    Yoxluğu hər kəsi pərişan edib.

    Şəhidlik xəbəri yayılıb elə,
    Deyiblər: yalandı, ölməzdi Valeh.
    Onda pələng gücü, şir ürəyi var,
    Qələbə çalmasa gəlməzdi Valeh."

    Qələbə sevinci qismət olmadı,
    Vətən torpağında yatan igidim.
    İndi rahat uyu, indi rahat yat,
    Qarabağ azaddır daha, şəhidim.
    Qarabağ azaddır daha, şəhidim!

    Esmira Günəş
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ