Ümummilli liderin böyük uzaqgörənliklə atdığı addımlardan biri də hələ ötən əsrin yetmişinci illərində azərbaycanlı gənclərin hərbi təhsilə yiyələnməsi sahəsində sistemli tədbirlər həyata keçirməsidir.Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, ulu öndər eyni zamanda Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma¬mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.
Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çox vacib şərt saymışdır. Bu da təsadüfi deyil. Çünki gələcəyin qurucuları olan yeni nəsillərin milli ideologiyaya yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir. Eyni ciddi vəzifələri ulu öndər Azərbaycanın dövlət atributlarının, dilinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi sahələrinə də aid etmişdir.
Müstəqil Azərbaycanın təhsil sisteminin qarşısında duran məqsəd və vəzifələrdən bəhs edərkən dahi şəxsiyyət Heydər Əliyev təlim prosesinin düzgün qurulmasının böyük amalların, ideyaların, vəzifələrin gerçəkləşməsi, bütövlükdə, xalqın və ölkənin sabahkı taleyi üçün son dərəcə vacib əhəmiyyət daşıdığını konkret şəkildə nəzərə çatdırmışdır.
Respublikamızda ümumi orta, texniki peşə, orta ixtisas və ali təhsilin əsaslı yüksəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul olunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, o cümlədən “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr potensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd olunmalıdır. Belə ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatmışdır. 1969-82-ci illərdə Azərbaycanda 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılmışdır. Məktəblərin texniki, elmi-metodik vasitələrlə təminatı sahəsində də böyük işlər görülmüşdür. Həmin illərdə Azərbaycanda texniki peşə təhsili də yeni yüksəlişə qədəm qoymuşdur. 1970-82-ci illərdə respublikada texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, onlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatmışdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir.
Ulu öndərin respublikaya rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişmişdi. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.
Ümummilli liderin böyük uzaqgörənliklə atdığı addımlardan biri də hələ ötən əsrin yetmişinci illərində azərbaycanlı gənclərin hərbi təhsilə yiyələnməsi sahəsində sistemli tədbirlər həyata keçirməsidir.
Ulu öndərin tapşırığı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac vermişdir. Ümummilli liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli Sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanmışdır. 15 iyun 1999-cu il tarixli Sərəncamla qəbul olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” bu sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 ok¬tyabr 2002-ci il tarixli Sərəncam da müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür.
Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Təkcə bir faktı deyək ki, böyük dövlət qayğısı sayəsində 1993-2001-ci illərdə təhsil işçilərinin əməkhaqları doqquz dəfə artırılmışdır.
Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.
Sara Xanlarova,
132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim
