Ağahəsən Rəsulov,
Respublika 1 saylı Psixoloji Xəstəxananın
baş həkimi, Əməkdar həkim
Ölkə Prezidentinin bu sahəyə göstərdiyi qayğı öz səmərəsini verir
Ölkə Prezidenti İlham Əliyevin istər son 15, istərsə də son bir illik fəaliyyətinə nəzər salanda, aydın görmək olar ki, dövlət başçısı bütün sahələrdə olduğu kimi, səhiyyəyə də daim xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Prezidentin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında imzaladığı sərəncam və fərmanları sözsüz ki, səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.
Azərbaycanda sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyənin inkişafı təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar səmərəli nəticələr verir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da zənginləşdirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb.
Ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə müvafiq Dövlət proqarmlarının qəbul olunması da mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Dövlət proqramlarının uğurla icra olunması əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna önəm daşıyır. Məhz dövlətin diqqət və qayğısı sayəsində təkcə paytaxtda deyil, regiqonlarda da əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb.
Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb. Bütövlükdə, Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ölkəmizdə cari ilin büdcəsində səhiyyə xərcləri 1 milyard manatı ötəcək. Belə ki, bu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, dövlət büdcəsindən ayrıca qrafa ilə maliyyələşən ictimai-sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan Dövlət proqramlarının maliyyələşməsinə ayrılan vəsait də cari illə müqayisədə 30 faiz artıb.
Məlumdur ki, ölkə miqyasında uğurla həyata keçirilən sosial infrastruktur quruculuğu səhiyyə sahəsində də geniş vüsət alıb. Həyata keçirilən tədbirlər bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinin təmin edir. Son 15 ildə respublikamızda təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Ölkəmizin bütün regionlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibbi xidmət göstərmək üçün həm kadr potensialı, həm də güclü maddi-texniki baza mövcuddur. Vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətin daim diqqətində və nəzarətindədir. Şübhəsiz ki, yeni müasir səhiyyə obyektlərinin istifadəyə verilməsi regionlarda əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşmasına da öz müsbət təsirini göstərib.
Azərbaycanda daim insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edən yeni sosial təşəbbüslər irəli sürülür. Son illərdə ölkəmizdə reallaşdırılan yeni sosial təşəbbüslərdən biri də respublika miqyasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu genişmiqyaslı sosial layihə bütün dünya miqyasında nadir nümunələrdəndir. Dövlətimizin başçısı çıxışlarının birində deyir: “Bildiyiniz kimi, son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır”.
Bu gün ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən siyasətin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığını və yüksək səviyyəli tibbi xidmət almaq imkanını təmin etməkdir. Ona görə də Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin mühüm prioritetlərindəndir.
