
1 saylı Respublika Psixatriya Xəstəxanası nümunəvi xidməti ilə fərqlənir
Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Artıq bu faktdır ki, ölkənin hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, profilaktik əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılmışdır.
Bu cür müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Ölkəmizdə son 15 il ərzində 650-yə yaxın xəstəxananın, tibb obyektinin əsaslı təmir olunaraq yenidən tikilməsi dediklərimizi bir daha təsdiqləyir.
Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixatriya Xəstəxanasında da məhz ölkə rəhbərliyinin, Səhiyyə Nazirliyinin qayğı və köməkliyi sayəsində bir neçə il öncə əsaslı təmir işlərinə başlandı. İlk növbədə kollektivə yeni baş həkim təyin olundu. A\zərbaycanın əməkdar həkimi, tibb elmləri namizədi Ağahəsən Rəsulov, necə deyərlər, işə “sıfır”dan başladı. Ötən illər ərzində burada hansı böyük işlərin aparıldığı barədə “Atribut”un oxucularına dəfələrlə məlumatlar verdiyimizdən, bunlar barədə təkrar söhbət açmaq istəmirik. Təkcə onu demək kifayətdir ki, əvvəllər az qala xarabalıqları xatırladan tibb müəssisəsi indi əməlli-başlı bağ-bağçaya çevrilib. Özü də bütün bunlarla yanaşı, xəstələrə göstərilən tibbi müalicənin səviyyəsi də inanılmaz dərəcədə artıb.
Yolum hər dəfə Maştağaya düşəndə Ağahəsən həkimlə görüşür və müəssisədə baş verən yeniliklərdən xəbər tutmağa çalışıram. Bu dəfə də belə oldu. Xəstəxananın həyətinə daxil olanda gözlərimə inanmadım. Yeni salınan gözəl və yaraşıqlı park, girəcəkdəki mənzərə məni sözün əsl mənasında valeh etdi. Əvvəlki mənzərədən əsər-əlamət qalmayıb. Burada valideynlərin dincəlməsi üçün yerləşdirilən müasir oturacaqlar, ətrafdakı gül-çiçəklər insanda xoş ovqat yaradır.
Skamyada əyləşən yaşlı bir kişiyə yaxınlaşıram:
- Yəqin ki, xəstənizə baş çəkməyə gəlmisiniz; deyilmi?
- Hə, bala, oğlumu ildə müalicə almaq üçün 15-20 günlüyə buraya gətirirəm. Əvvəllər heç gəlmək istəmirdik. Ağahəsən həkim bu tibb müəssisəsinə rəhbərlik edəndən bu günədək xəstəxananı az qala cənnətə döndərib. Allah ona uzun ömür, can sağlığı versin, hamı razılıq edir. Müalicə də çox effektli olur.
- Qarşıdan Novruz bayramı gəlir. İnşallah oğlunuzu aparana oxşayırsınız...
- Hə, bu gün günortadan sonra rayona yola düşəcəyik. Sağ olsun bütün həkimlər, tibb bacıları - çox vicdanla işləyirlər.
Mən həmsöhbətimdən ayrılıb baş həkimlə görüşmək üçün yoluma davam edirəm. Doğrudan da “yaxşı iş üz ağardar” deyiblər. Novruz bayramı ərəfəsində baş həkim Ağahəsən Rəsulov başda olmaqla bütün kollektiv üzvlərini, tibb personalını təbrik edir, onlara işlərində uğurlar arzulayıram. Xəstələrə isə “yastığınız yüngül olsun!” deyirəm.
Bəradər Səməndərli





