
Bəradər Səməndərli
KÖÇÜR
Ömür sürət qatarıdır,
Yaş elə tez gəlib keçir...
Yumub açırsan gözünü,
Görürsən, kimlərsə, köçür.
Dörd fəslimiz yaranışdı,
Gedən payız, gələn qışdı.
Köç eyləyən qaranquşdu,
Elə bilmə, sərçə köçür.
Yara üzdə, söz dərində,
Kül gəzirik köz yerində.
Tikan qalır öz yerində,
Ləçək solur, gülsə, köçür.
Zil yerində bəm dayanar,
Sevinc ötər, qəm dayanar.
Ürək indidən dayanar,
Hansı anda bilsə, köçür.
Dünya fani, ömür qısa,
Səməndərli, batma yasa!
Gələnlər 10-larladısa,
Köçənlər 100-lərlə köçür.
MƏNİMKİDİ
Yenə duyğularım qaynayır, coşur,
Dilimdə alışan söz mənimkidi.
Külümlə oynama, yandırar səni,
Ürəyə od salan köz mənimkidi.
İndi içimizdə çoxdu müxənnət,
Yoxdu mühakimə, yoxdu məzəmmət.
Dönüb cəhənnəmə gördüyün cənnət,
Çovğunlu, boranlı yaz mənimkidi.
Dəyişib, toplanan cəmdə qalıbdı,
Alışıb pərvanə, şəmdə yanıbdı.
Ürəyim o sarı simdə qalıbdı,
Telini qırdığın saz mənimkidi.
Görürəm, sözümdən söz çıxarırsan,
Götürüb köynəkdən saz çıxarırsan.
Qaş düzəldən yerdə göz çıxarırsan,
Çıxarıb tökdüyün göz mənimkidi.
Mən elə dağam ki, uca, vüqarlı,
Yamacı çiçəkli, zirvəsi qarlı.
Sən maddi, Bəradər mənəvi varlı,
Tarixə düşəcək iz mənimkidi.
