Ölkəmizin Türkiyədəki səfirliyi, səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, “İRS” jurnalı, “İRS” nəşriyyat evi və “PAŞA Həyat Sığorta” ASC-nin birgə səyləri ilə təşkil olunan tədbirdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, elm xadimləri, iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə müasir Azərbaycanı tərənnüm edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Türkiyə Mədəniyyət Nazirliyinin Kitabxanalar və Nəşrlər İdarəsinin rəhbəri Taner Beyoğlu təqdimatı keçirilən kitabı müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafı prosesini Türkiyə və dünya auditoriyasına çatdıran əhəmiyyətli nəşr adlandırıb. Onun sözlərinə görə, “Azərbaycan: Yeni era” kitabının müəllifləri ölkəmizin milli maraqlarını və tarixi həqiqətləri baxımından güclü informasiya və təbliğat vəsaiti hazırlayıblar.
Daha sonra çıxış edən ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov müstəqilliyini hər sahədə daha da gücləndirən, beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa edən, regionda uzunmüddətli sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən dövlətimizin son illərdə əldə etdiyi tarixi uğurlardan bəhs edib. Diplomat əmin olduğunu bildirib ki, “Bir millət, iki dövlət” şüarının ruhunu bütün yönləri ilə əks etdirən bu kitab Türk dünyasının ortaq gələcəyinə işıq salan etibarlı mənbə və bilik bazası olacaq.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Azərbaycanın mədəni, tarixi və təbii irsinin dünyada tanıdılmasına töhfə verməyə daim hazır olduqlarını vurğulayıb. O bildirib ki, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr edilən və Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan “Azərbaycan: Yeni era” kitabı Azərbaycanı daha dərindən tanımaq istəyən oxucular üçün cəlbedici olacaq.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım qalib Azərbaycanın bu gün yeni siyasi reallıq və yeni status-kvo əsasında siyasətini həyata keçirdiyini ifadə edib. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə diqqət çəkən Şamil Ayrım yeni əsərin ölkəmizin siyasi, iqtisadi, geosiyasi və digər sahələr üzrə inkişaf modelinin, əldə edilən nailiyyətlərin təqdimatı baxımından son dərəcə vacib olduğunu deyib.
“Azərbaycan: Yeni era” kitabı həm geniş oxucu kütləsi, həm də xaricdən Azərbaycanı daha dərindən tanımaq istəyən oxucular üçün olduqca dəyərlidir”, - deyə o əlavə edib.
“İRS” jurnalının baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Musa Mərcanlı qeyd edib ki, Azərbaycan irsinin dünyada tanıdılmasına, mədəni diplomatiyanın gücləndirilməsinə mühüm töhfə verəcək “Azərbaycan: Yeni era” kitabı “İRS” nəşriyyat evinin Türkiyə oxucularına təqdim etdiyi sayca altıncı nəşrdir. “Azərbaycan: Yeni era” kitabının milli-mənəvi baxımdan dəyərini xüsusi vurğulayan Musa Mərcanlı bu əsərin ölkənin müstəqillik dövründə keçdiyi yolu, əldə etdiyi nailiyyətləri, həmçinin Qarabağdakı tarixi Qələbəni və Böyük Qayıdış proseslərini yüksək elmi-bədii dildə əks etdirdiyini deyib.
Digər çıxışçılar təqdim olunan nəşrin milli yaddaşın qorunmasında və Azərbaycanın müasir tarixi kimliyinin təbliğində xüsusi rol oynadığını qeyd ediblər.
