Təqdim olunan bu kitab-albom Azərbaycan Demokrat Firqəsinin Bakıda nəşr etdirdiyi “Azərbaycan” qəzetinin 1947-1949-cu illər materialları əsasında hazırlanıb. Nəşrdə həmin dövrün ruhunu əks etdirən müxtəlif vizual və mətn materialları: nadir fotoşəkillər və rəsm nümunələri, dövrü xarakterizə edən satirik karikaturalar, görkəmli şəxsiyyətlər haqqında qələmə alınmış məqalələr toplanıb.
Kitabda 1940-cı illərdə İranda və Cənubi Azərbaycanda şah rejiminə qarşı baş vermiş tarixi milli-demokratik hərəkat, xalqın apardığı inqilabi mübarizə, həmçinin dövrün elmi, mədəni, ictimai-siyasi və hərbi mənzərəsi ətraflı şəkildə əks olunub. Müəllif mövzu ilə bağlı yalnız Bakı nəşrlərinə deyil, həmçinin 1945-1946-cı illərdə Təbrizdə nəşr olunmuş orijinal materiallara və digər ədəbiyyata da müraciət edib.
Nəşr həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab-albom 1940-cı illərin sonundakı siyasi mübarizəni və mədəni mühiti vizual sənədin dili ilə öyrənmək istəyənlər üçün önəmli vəsaitdir.
