Lilpar Cəmşidqızı
QƏZƏLLƏR
Yarımın ruhu dəniz, çöhrəsi məxmər kimidir,
Çeşmdən sayə salan kirpiyi səngər kimidir.
Ay üzün şöləsi bir anda salır canı oda,
Atəşindən alışan qəlbi, səməndər kimidir.
Bəstəboy dilbərimin misli yox aləmdə, fəqət,
Zülfünün hər teli bihuş edir, *ənbər kimidir.
Bir mələkdir, yaradıb Tanrı xoş anında onu,
Bal süzən küpdü ləbi, kəlməsi şəkkər kimidir.
Danışır, cilvəsi çox aşiqi öldürmədədir,
Nazının, qəmzəsinin vergülü ləngər kimidir.
Ömrünün rənginə baxsan, görünər fəsli-xəzan,
Nəhr olan taleyi bir daxmada qənbər* kimidir.
Çox dua eyləyənin alqışı Sultanə yetər,
Yar qədəm qoyduğu yer eşq ilə minbər kimidir.
Qəlbi nazik olanın çeşməsi köksündən axar,
Tökülər ayinədən göz yaşı, kövsər kimidir.
Lilparın xatirələr adlı könül cənnəti var,
Götürür yazmağa hərdən, dolu dəftər kimudir.
*Ənbər- ətir
*Qəmbər- xırda çay daşları
***
Allah mənə aləmdə sərvət kimi söz verdi,
Qəlbimdə doğan eşqi, yandırmağa köz verdi.
Ömrün yolu zillətdi, işgəncə, əziyyətdi,
Kimlər ki, əzab çəkdi, öyrənməyə "biz" verdi.
Sabitqədəməm, çünki, Canan məni nəqş etdi,
Yol çəkdi çətinliklə, bir xəttini düz verdi.
Adəm ilə cənnətdə Həvva qalıb avvarə,
Şəkkərdi deyib yerdə çox adəmə duz verdi.
Peyğəmbərə vəhy ilə çatdırdı Xuda elmi,
Öyrəndi kəlam əhli, çox qanunu "düz" verdi.
Bə'zən düşünür bəndə, dünya nəyə lazımdı?
Ancaq Yaradan yolda hər canlıya iz verdi.
Ay doğdu, yerin üstə nur saldı qaranlıqda,
Kortək bəşəriyyət də yerdən göyə toz verdi.
Şükr eyləyirəm, sadə oldum bu cəmiyyətdə,
Tomris kimi qeyrətli, Tanrım iki qız verdi.
Hər kəlməsi mə'cundu, hər cümləsi ləzzətli,
Lilpar qəzəliyyatda iz qoymağa "söz" verdi.
