Lilpar Cəmşidqızı
QƏZƏLLƏR
Bir dərdə salıbdır məni Yar, çarəsi yoxdur,
Artıq ürəyim qan axıdır, parəsi yoxdur.
Canan qoparıb canımı candan, ala bilmir,
Yerdən göyə qaldırmağa təyyarəsi yoxdur.
Quştək sıxılıb köksümə ruhum, darıxır hey,
Zülmətdi səma yolları, səyyarəsi yoxdur.
Pərvanəyə döndükcə könül yandı hər axşam,
Söndürmədi yar atəşi, fəvvarəsi yoxdur.
Məcnun eləyib aşiqi, yoldan çıxarıbdır,
Eşq aləminin Leylitək avarəsi yoxdur.
Sübhün çağı şəbnəm gülü canlandıra bildi,
Ancaq bu könül çeşmədi, meyxarəsi yoxdur.
Bir sadə qəzəlxan yaradıbdır məni Tanrım,
Sən'ətdə bu Lilpar kimi mehparəsi yoxdur.
***
Çiçək açmış nə gözəl qönçə yanağımda mənim,
Sənin ismin dolaşır çünki dodağımda mənim.
Gözünün şöləsi zülmətdə işıq saldı yerə,
Görünən nuri- cəmalındı çırağımda mənim.
Ətirin məst eləyir aşiqi, yar, aləmdə,
Əlinin istisi var köhnə darağımda mənim.
Neçə xoş xatirədən boylanır artıq nəfəsin,
Dediyin xeyli sözün qaldı qulağımda mənim.
Çəkilir surəti hər gün gözümün pərdəsinə,
Ürəyim hiss eləyir yardı sorağımda mənim.
Nə demək istədiyin anlamışam göydə onun,
Qəmü fəryada dönüb yerdə fərağımda mənim.
Yenidən rəsmini çəkdikcə könül lövhəsinə,
Səni vəsf eylədi Lilpar bu varağımda mənim.
