İttifaq MİRZƏBƏYlİ
Fəxr elə əsgər ki, bizimdir Şuşa ...
Musiqisi Tofiq Bakıxanovundur
...Ermənistan rəsmiləri sərxoş olub Cıdır düzündə Yallı oynayanda da azərbaycanlı əsgər anaları ağlayırdılar, Şuşa işğaldan azad ediləndən sonra qalib əsgərlərimizin həmin Cıdır düzündə Cəngi sədaları ilə sanki dağları belə silkələyən rəqsini görəndə də. Qədim Azərbaycan torpaqlarını, doğma Qarabağımızı düşmən tapdağından azad etmiş oğulların məhz bu meydandakı rəqsi nəinki əsgər anasını “ağladırdı”, hətta qos-qocaman, ağsaqqal kişilərimiz də riqqətdən kövrəlirdilər. O zaman mən bu şeiri yazmışdım:
Ağlama əsgər anası, şux dayan,
Bax, önündə arzulardı qaynayan.
Öz oğlundur indi yallı oynayan.
Can gəlibdi hər çəmənə, hər daşa –
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!
Ağdama bax, durdu, dözdü ər kimi,
Doğdu Günəş Cəbrayıla zər kimi,
Qalxan oldu Murov da Tərtər kimi,
Layiqdır hər dağ-düzümüz alqışa,
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!
Sar qovuldu Xarıbülbül elindən,
Yer-göy tutur bir-birinin əlindən.
Türk sözü var milyonların dilində –
Sanki giribdir döyüşə min Paşa
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!
Qarabağda ağ yazıldı fərmanım –
Natəvanın sevincidir dərmanım.
Cıdır düzü, Xan səsidir dastanım,
Baş əymədik yüz borana, min qışa
Fəxr elə Əsgər ki, bizimdir Şuşa!
Noyabr 2020 –ci il
Bağışla bizi Şuşa
Musiqisi Tofiq Bakıxanovundur
Salam Şuşa, qayıtdıq,
Bu vüsal çox gec oldu.
Sənsiz keçən ömrümüz
Nağıl oldu, heç oldu.
Cıdır düzü, bağışla,
Həsrət qaldın atlara.
Qovuldu qatır-qotur,
Başlayaq büsatlara.
Üzeyir bəy nisgili
Xoş ovqata köklənər,
Sadıqcanın mizrabı
Dinər, yenə dillənər.
Bağışla bizi Şuşa...
Gec olsa da, qayıtdıq.
2020-ci il.
Kim oxudu Hisarı?
Hardan doğdu həsrət dolu bu nəğmə?
Hardan gəldi qulağıma sızıltı?
Kim dağıtdı sinəmdəki baharı,
Kim qəsd etdi çiçəklərə,
Kim oxudu Hisarı?
Dərdli kaman niyə mağmın, fağırdı?
Tar inləyib kimi dada çağırdı?
Yanan gördüm nə kamanı, nə tarı,
Özüm yandım!
Kim oxudu Hisarı?
Yazıq ana qız böyütdü – aypara,
Demədi ki, Arpaçayı apara.
Üzün tutub daşqın sarı, sel sarı,
Kim ağladı, kim qarğadı,
Kim oxudu Hisarı?
Yanıq Kərəm yandı getdi ahıyla,
Xan Əsli cəng etmədi Allahıyla .
Belə yanıq sayalanmaz, sağalmaz,
Ha məlhəm qoy, ha dərman et, ha sarı,
Kim düşündü, kim yaratdı,
Kim oxudu Hisarı?
Kim kəsdirdi qollarını Babəkin?
Nəsimini soyduranın babası.
Qaranlığı kim gətirdi yurduma –
“Ocaq” yazan ocaqsızın “sobası”.
Dur Babəkim, qalx Koroğlum,
Viran oldu elin bəndi, hasarı,
Kim oxudu, kim oxudu, kim oxudu Hisarı?
Bakı, 1988-ci il
Biz Fələyi aldadırıq, Fələk bizi
Qələm yeyir kağızımı,
kağız çeynəyir qələmi,
Zəmilərdə taxıl yoxdu,
hər yanı basıb vələmir.
Yol ayrıdır, iz ayrıdır,
min bir cığır bəs eləmir –
Bir yol bölüb nə qazandıq,
Bəlkə bir də bölək bizi?
Hansı qaraya ağ dedim,
hansı ağı “qaraladım”?
Hansı dağı sevmədim ki,
hansı daşı yaraladım?
Allaha gedən yoldakı
pərdələri araladım –
Gördüm yalan qazanını...
Biz Fələyi aldadırıq, Fələk bizi.
Yerdə adam boyda kölgə gəzirdi...
Bir adam boyunda kölgə gəzirdi
Adamın özü də kölgə kimiydi.
Ürək ət olsa da, daşı əzirdi –
Yazıq daş bir qaya yetimi idi.
Bir ürək dolusu solğun ümidlər –
Biri qurumuşdu, biri yanmışdı.
Bir ağac dolusu xəzan yarpağı
Yazığın gör neçə qolu sınmışdı.
Bir bidon dolusu gözüqanlı su –
Hələ dağda ikən çox bulanmışdı.
Səs bitir, yolların kələfi düyün –
Duman da bir yandan badalaq vurur.
Əzrayıl şövq ilə görür işini
Elə bil bostanda ot, alaq vurur.
Gedirəm, dumanı körpü eyləyib
Anamı görürəm, çöhrəsi gülmür.
Yanmış palıd idim, qoca kötüyəm
Söyüd də məni öz pöhrəsi bilmir.
... Bir adam boyunda kölgə gəzirdi...
Heyf…
Bir payız səhəri, yarpaq yağanda
xəzələ çevrildi qanım, damarım.
Külək toza qatdı xatirələri
Təkcə onlar idi dövlətim, varım.
Səhər lövhəsi
... Çıxdım həyət qapısından
Çox ərköyün, hikkəli bir səhər idi.
Üstü-başı tozlu külək
dalan, döngə, küçə boyu sülənirdi.
Saçları dağılan söyüd
Boynu bükülü qalmışdı
Elə bil ki, dilənirdi.
Tanrıya irad söylədim:
– Bu nə iyun, bu nə yaydı?
Cavabdan yayınmaq üçün
Buludu çəkdi üzünə.
Buluda etiraz etdim
İldırımlar qəhqəhəylə gülüşdülər
Naşükür qocanın sözünə.
... Girdim həyət qapısından
Külək sanki itələdi kürəyimdən
– Get yerində otur, qoca.
Buludlarla, ildırımla işin yoxdur,
Otur, qalan günlərini
Barmaqla say, ötür, qoca.
Xırdalan, 18 iyun 2025-ci il.
Vəssalam…
Gəldi çatdı altmış ilin hesabı –
Qazanc nədir? Xoşəhvalam, vəssalam.
Xoş əhval da aşan dağı dikəltmir,
Çökür qəsrim, uçur qalam, vəssalam.
Ulduz yanında hilalam, haləli
Möminə əl uzatdım, piyaləli.
Dərdsiz üçün ney səsiyəm, naləli,
Dərdli üçün tar-qavalam, vəssalam.
Ətrafımda görən yoxdu tüstümü,
Hər baharda xəzan örtdü üstümü.
Duzlu kabab məst edəndə dostumu
Mən gəzirdim duzlu kəlam, vəssalam.
Əl atıram, dərya olur bir qaşıq,
Qollarımda qandalımdır sarmaşıq.
Yollarımda kimsə yandırır işıq,
Qoymayır ki, darda qalam. Vəssalam!
Fevral, 2013-cü il.
Qanadı sınmış ümid
“Xalq qəzeti”nin kollektivi 2015-ci il dekabrın 8-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən vətəndaşlarımızın xatirəsini anmaq məqsədilə sahil parkından dənizə qərənfil atmış, dünyasını dəyişən həmvətənlərimizi yad etmişdi.
Dənizə qərənfil atdıq,
Suların burnu qanadı.
Ümidin şəklini çəkdik
Peşiman ağ ləpələrdə –
Onun da sındı qanadı.
Analar öləndə…
Bu gecə yuxuda səni görürdüm,
Buludlar içində, sel-suda idin.
Mən yuxu içində oyaq olsam da,
Sən mənim yuxumda – yuxuda idin.
Hardandı bilmədim o qədər bulud,
Gördüm ki, gözlərim daşır, dolurlar.
İldırım astaca söyləyib ötdü:
– Analar öləndə … bulud olurlar.
Ər- Riyad, noyabr, 2013.
Bağışla İlahi...
Bulaq aradım, İlahi,
Neynirəm seli? Bağışla.
Yarı məndən gizlədirsə,
Sevmirəm teli, bağışla.
Qan yaradan söz özüməm,
Suçlu dərə, düz özüməm.
Ocaq çatdım, köz özüməm –
Söndümsə, külü bağışla.
Yazma dövlət – varı mənə,
Bəsdi bircə darı mənə.
Kim yazdı ah-zarı mənə?
Tanrım, o əli bağışla.
1987-ci il, Qutqaşen.
Kül etmə…
Zaman, yandır məni öz ocağında,
İllərin oduna, közünə dönüm.
Bir də alışmağa qalsın gümanım,
Kül etmə, kömür et, gözünə dönüm.
Şəmsin sarı çiçəkləri
Sarı gəlin kimi sarışındılar
Şəmsin saralmayan sarı gülləri.
Bir arı yüz dəfə getdi, qayıtdı,
Gör nə qədər öpdü arı gülləri.
Dünya bazar meydanıdır
Dünya bazar meydanıdır,
Mən də itmiş bir uşaq.
Gözümdə dünya boydadır,
Səksəndiyim künc-bucaq.
Soruşurlar, adım nədir,
Haralıyam?
Danışmıram.
Heyrət yüklü gözlərimdən
Yaş da çıxmır bircə qram.
Danışmıram.
Adamlardan –
məni dəli biləni var.
Geyindiyim təlaşımı
Qorxu bilib güləni var.
Danışmıram.
Danışmasam –
Kim biləcək səsim nədir?
Kim biləcək marağım nə,
Bazarda həvəsim nədir?
Danışmıram.
Bu bazarda
Yoxdu bir nəfər tanışım.
Haray çəkir alverçilər,
Mən necə dinim, danışım?
1996-cı il.
Dağdağan ağacı, çox qocalmısan
Mən səni ruhumun ilk sinifində
Bir çay qırağında qoyub gəlmişdim.
Üstünə bir imza, ad yazmaq üçün
Kövrək qabığını soyub gəlmişdim,
Qədərdən qaçmağım deyilmiş asan –
Dağdağan ağacı, çox qocalmısan.
O kənddə yanından salamsız keçən
Əlli, ya əllibeş adam varıydı.
Ruhumuz cütüydi əkizlər kimi,
Evimiz, anamla atam varıydı.
Ötənlər gözümdən keçdi anba-an,
Dağdağan ağacı, çox qocalmısan.
İndi nə qədərdi salamsız keçən?
Salamsız, kəlamsız yaşamaq zülüm.
İndi işıqlıdır gündüzün, gecən –
Yaxşı ki, işıqdan çəkinir ölüm.
Gəl tutaq əl-ələ, yox olaq burdan –
Dağdağan ağacı, çox qocalmısan!
Mən səni ruhumun can verən çağı
Dəniz kənarında gördüm, bu səhər.
Bir çay kənarında bitmiş ağacı
Qırx ildə nə qədər qocaldıb şəhər?
Sanki yükün olub yerlə asiman,
Dağdağan ağacı, çox qocalmısan.
Qocaldın dumanda, tozda, tüstüdə,
Sən sahil bağında nələr görmədin?
Bir yarpaq istəyən, kölgə axtaran
Qoyun çox olsa da, mələr görmədin.
Baxdı, tanımadı diplomlu bağban,
Dağdağan ağacı, çox qocalmısan.
Kaş ki, görməyəydim, səni bu səhər,
O, boy güzgüsünə daş qənim olsun.
Qolların üstündə qar mürgüləyir,
Silkələn, üst-başın məskənim olsun.
Ürəyim titrədi soyuduqca qan...
Dağdağan ağacı, çox qocalmısan.
21 fevral, 2017-ci il
Necəsən?
( On altı yaşlı İttifaqa...)
Dədəm, qarışdı rənglərin,
Saçın ağardı. Necəsən?
Zalım Fələk göydən enib
Sənə nağardı, necəsən?
Səsin batdı, ünün getdi
Yolunda kol-tikan bitdi.
Nə qədər toy, düyün itdi
Bom-boş mağardı... necəsən?
On altıdan indiyədək
Fikrin oldu ələk-vələk.
Sən əkərdin yüz növ çiçək
Kimsə yığardı. Necəsən?
Bulud ötdü, sular daşdı,
İldırımdan göz qamaşdı.
“Ölüm”nən “Olum” dalaşdı...
Önün məzardı. Necəsən?
Fevral 2023-cü il, Xırdalan.
Dəhlizdə əkilmiş bir ağaca
Köhnə iş yerimizdə tavana qədər uzanmış limon ağacı var idi. Hər bahar çiçəkləsə də, səkkiz ildə ondan bar görən olmadı.
Sənin kimi yaşamağa nə varmış,
Sinən külək, üzün çovğun görməyib.
Su həsrəti çəkməmisən bircə yol,
Aclıq dərdi başağrısı verməyib.
Arxayınsan, ərköyünsən, əzizsən,
Dayanmısan dəhlizdə qorxubilməz.
Mənim cavan budağımı kəsirlər,
Sənin bircə yarpağın da üzülməz.
Barın yoxdu, barı kölgən olaydı –
Bu dəhlizdə kölgə kimə gərəkdi?
Qayğısızlar daş-qayada bitirlər,
“Qayğı” səni “taxta yeşikdə” əkdi.
Sənin kimi yaşamağa nə varmış,
Sinən külək, başın çovğun görməyib.
Sənin kimi yaşamaq… kimə lazım?
Hələ səndən heç kəs nübar dərməyib.
1996-cı il.
İstanbuldan Ər-Riyada uçanda…
Bir az yuxarıda bəyaz buludlar,
Bir az aşağıda gömgöy Egeydir.
Təyyarə “əyildi”, bir söz eşitdim –
“Bizə yer doğmadır, göylər ögeydir”.
Bu kəndin anası…
Bu kəndin anası ... çoxdan ölübdü
Bir – qarğa qonası qoz ağacı yox,
Selbə atılası qız ağacı yox,
Ağac var, sadəcə, öz ağacı yox –
Bu kəndin anası, çoxdan ölübdü.
Bu kəndin atası – getdi, gəlmədi,
Görünən papaqlar yaddı, gəlmədi.
İndi ərzi-halı bircə kəlmədi –
Bu kəndin anası çoxdan ölübdü.
Çay da quruyubdu, yetim qız kimi,
Göy də uzaqlaşır – arzumuz kimi.
Yol ürək sızladır, şaxta, buz kimi –
Bu kəndin anası çoxdan ölübdü.
Bülbülü ac yatır, saxsağanı tox,
Nəğmə söyləyəndən ağlayanı çox.
Bağı var, dağı var – İttifağı yox –
Bu kəndin anası çoxdan ölübdü.
Qəbələ, 2016-cı il
Mən kənddən çıxanda...
Şahdağın üstündə əl -ələ verib
Pambıq tayaları sıralanırdı.
Telefon xətləri qılınc kimiydi
Buludlar “kəsilir”, “yaralanırdı”.
Tənəklər ağacda qıvrılıb yatır,
Cığırlar sehirli plan cızırdı.
Kəsək ağlayırdı toza döndükcə,
Daşlar öküz kimi yanır, qızırdı.
Torpaq anam kimi arxamca baxıb
“Cedirsən, yaxşı yol, sağ gəl” – deyirdi.
Boyuma tən gələn məzar yerisə
Xəfifcə gülərək – “gəl-gəl” deyirdi.
Qəbələ, 20 iyun 2024-cü il.
Bağlayın o pəncərəni
Ötən əsrin yetmişinci illərində Bayılda – bizim hər həftə yığışdığımız Mədəniyyət sarayının yanında Arıçılıq idarəsi adlı bir dövlət müəssisəsi var idi.
Arıçılıq idarəsi –
Neçə dəfə dolanmışam başına MƏN
Arı kimi.
Pəncərədən baxan qızın kiprikləri
Sancıb məni gözlərimDƏN
Arı kimi.
Arıçılıq idarəsi –
Deyirsiniz bal arısı kimi sancsa
“rəqib” qalır, özü ölür.
Bu həqiqət üzür məni,
Bağlayın o pəncərəni.
1978-ci il.
Tamarzı qollarım
Tozlu yaddaşımın dəhlizləri dar,
Tüstüsü çıxmağa bacası yoxdur.
Sözlü xatirəmin qırx qardaşı var
Gözünü sıxmağa bacısı yoxdur.
Ötən günlərimin damı uçubdur,
Eyvanı ot basmış yollarım kimi.
Gülüş damağımın dili açılmır
Qucmağa tamarzı qollarım kimi.
15 yanvar 2022-ci il.
“Sizin ərazidə jurnalist ölüb...”
Qalxıb Aydan yuxarı --
Ulduzların üstündə,
Allahın göy üzündə
Özümə qəsd eləyəm –
Mələklər ağı deyə.
“Yox. Olmaz.” -- dedi ürək.
-- Sonra bizim “uşaqlar”
Tanrını da çağırıb
Salarlar çək-çevirə:
“Sizin ərazinizdə jurnalist ölüb!” – deyə.
13 noyabr 2019-cu il.
Mən toyda deyiləm...
Atlant çiyni kimi daş saxlayıram,
Kimsə məni toyda, mağarda bilir.
Üzümüz onsuz da daim ağ olub --
İllərsə, saqqalı ağarda bilir.
8 yanvar 2020-ci il
Davalı kinolar
Getmirəm...
Aparmayın məni.
Davalı kinolara baxa bilmirəm.
O kinolar mənlik deyil –
Hər pərdədə bir atəşə, oda düşüb
Yanmadan çıxa bilmirəm.
Göstərməyin, tanıtmayın mənə
Reyxstaqa girmiş,
Berlini dağıtmış oğulları.
Dünyaya gəldiyim gündən
Gözlərimin önündədir
Atamın müharibə yazılmış
Yanıq qolları.
1976.
Mən də sevdim o gözəli...
Qırğızıstanlı jurnalist, səfər yoldaşımız Şirin xanıma
Sanki Manas nəğməsidi,
Sözdü, görünür qız kimi.
Gözlərim oğruluq etdi,
Arsız kimi, xırsız kimi.
Sözlərini avaz edir,
Xəzan ömrümü yaz edir.
Hər teli bir cür naz edir,
Ətrafında qırx qız kimi.
Dumduru bir türk soyudur,
Danışdırsan, dərd soyudur.
Boyu qərənfil boyudur,
Barmaqları yarpız kimi.
Belə güllər sola bilməz,
Xara, sara qala bilməz.
Pamir dağı ola bilməz
Bizim Murov, Qırxqız kimi.
Gözlər andırır qəzəli,
Baxanda ruhlar təzəli.
Mən də sevdim o gözəli,
Qız kimi yox, qırğız kimi.
Dekabr, 2013-cü il, Ər- Riyad.
