Sizin reklam burada
Sizin reklam burada
  • SARI ÇIÇƏYƏ TƏSƏLLI VERƏN ŞAIR…

    "Vahid Əzizin poeziyasında çiçəklər torpaqdan yox, insanın ruhundan boy atır"- Professor Vidadi Orucov Xalq şairi Vahid Əziz haqqında yazır

    SARI ÇIÇƏYƏ TƏSƏLLI VERƏN ŞAIR…
    Vahid Əziz - 80
    Sözün nəfəsi var Vahid Əzizdə — yəni söz onda təkcə yazılmır, yaşayır, nəfəs alır, duyğu kimi dolaşır. Hər misra sükutdan doğur, hər sətir qəlbdən süzülür.
    Xalq yaddaşında sarı çiçək həmişə kövrək taleyin, qırılmağa hazır sevginin simvolu olub. Min illərdir insanlar onun taleyini bölüşərək belə oxuyublar:
    Bağçaları sarı gül,
    Yarı qönçə, yarı gül.
    Gec açıldın, tez soldun,
    Olmayaydın barı, gül.
    Amma Vahid Əziz hamıdan fərqli olaraq, çiçəyin taleyinə acımaqla kifayətlənmir - o, ona təsəlli verir. Sanki təbiətin öz ağrısını dinləyir, onunla insan kimi danışır:
    Qəm eləmə, sarı çiçək,
    Dərd gəlib ki, mən də solam,
    Bu dünyada axıradək
    Kim qalıb ki, mən də qalım.
    Bu misralar ilk baxışda sadə bir təsəlli kimi görünür – amma əslində, şair qəlbinin sükutla danışan fəlsəfəsidir. Sarı çiçək burada yalnız təbiətin bir zərrəsi deyil, həm də insan ömrünün kövrəkliyinin, faniliyin və qəbulun simvoludur. Solan çiçək - payızın, vidalaşmanın və həyatın keçiciliyinin rəngidir.
    Şair bu rəngi seçməklə ölümlə barışmış, həyatın zərif və ötəri anlarını dərk etmiş bir ruhu göstərir. Çiçəyin solması onun üçün faciə deyil – bu, varlığın sükutla yazdığı qanundur. O, nə üsyan edir, nə də ümidsizliyə qapılır; sadəcə pıçıldayır: “Mən də sənin kimiyəm, mən də solacağam.”
    Bu şeir qəm deyil, dərkin sükutlu təzahürüdür. Hər birimizin içində gizlənmiş solan xatirələrə, gəncliyə, yaşanmış sevgi və ayrılıqlara ünvanlanır. “Qəm eləmə...” – bu, həm də bir çağırışdır: “Solmaqla tamamlanır həyat; hər son, yeni bir başlanğıcın içində gizlidir. Bu əbədiyyatdır…”
    Vahid Əzizin poeziyasında çiçəklər torpaqdan yox, insanın ruhundan boy atır. Onlar daxildə açan sirdaşlardır – dilsiz, amma hər baxışda, hər nəfəsdə danışan. Çiçəklər yalnız gözəllik deyil; onlar insanın içindəki möcüzəni, duyğu dərinliyini və həyatın fəlsəfəsini daşıyan varlıqlardır.
    Vahid Əzizin şeirlərində təbiət danışır, insan isə dinləyir.
    Sarı çiçəyə təsəlli verən şair, əslində insanın ruhuna səbr öyrədir – hər solan çiçəkdə bir dərs, hər keçici anda gizli bir hikmət vardır...



    Vidadı Orucov
    Pedaqogika elmləri doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ