Professor Vidadi Orucov Xalq şairi Vahid Əziz haqqında yazır
Kimi qönçə qaldı, kimi çiçək oldu,
Kiminin açmadan barı sovuldu…
Poetik ruh insan ömrünü təbiətin ən zərif rəmzi olan çiçəklə müqayisə etməyi əsrlərdir öyrənib.
Vahid Əziz bu misralarında yalnız bu ənənəni davam etdirmir,
həm də ona öz dərin müşahidəsini və incə duyğusunu əlavə edir.
Burada həyat bir bağdır, insan isə o bağda açmağa çalışan bir çiçəkdir.
“Kimi qönçə qaldı”
Arzularına çata bilmədən, içindəki gözəlliyi ifadə etməyə fürsət tapmadan yarımçıq qalan talelərdir.
Qönçə – potensialdır, vəd edilmiş gözəllikdir.
Amma bəzən həyat elə olur ki, bu potensial heç vaxt çiçəyə çevrilmir.
“Kim çiçək oldu”
Bəzi insanlar isə vaxtında açır, öz rəngini, ətrini, mənasını dünyaya bəxş edir.
Bu, həyata yetişən, öz yolunu və sözünü deyə bilən nadir insanlardır. Əhsən…
“Kiminin açmadan barı sovuldu”
Burada isə ömrün ən acı reallığı gizlidir.
Bu, yalnız gözəlliyi yox, faydanı, nəticəni də ifadə etməyə fürsət tapmadan itən talelərə işarədir.
Açmamış çiçəyin barı da olmur – bəzən həyat yalnız keçib getmək üçün yaşanır, tam mənası ilə dəyərləndirilmir.
Vahid Əziz insan taleyinin bu müxtəlif təzahürlərini – ümid, yetişmə, yarımçıq qalma, solma – təbiətin dilinə çevirir.
Bu müqayisə sadəcə bənzətmə deyil; həyatın faniliyini qəbul etməyin, onu anlayışla qarşılamağın poetik yoludur.
Bəzən bir çiçək bir gün yaşayır, amma min illik gözəllik buraxır arxasında…
Bu bənd oxucunu həm düşündürür, həm də duyğulandırır.
Çünki hər insan öz içində bir çiçək daşıyır – bəzən açır, bəzən isə qönçədə donub qalır. Əfsus, hər kəsin baharı olmur.
Həyatın incə və keçici gözəlliyi məhz burada gizlənir.
Vidadi Orucov
Pedaqogika elmləri doktoru, professor
