Professor Vidadi Orucov təqdim edir:
QOCALDIM...
Xalq şairi Vahid Əzizin 23.11.25-ci ildə 80 yaşı tamam olur.
Fani ömür olsa belə bir əsim,
çarpışaraq Səksən yaşa ucaldım,
ucaltdığım Sarayımın qülləsin
tağbənd edib hörmək üçün qocaldım.
İnsan olar həm “şükürlü”, həm “ası”,
mərdlikdəymiş varlığımın mənası,
təkrarımdır övladımın balası,
bu qisməti görmək üçün qocaldım.
Ya qismətdi – kim duymaya, kim qana,
mehman oldum vüsallara, hicrana;
bu Dünyada hər kəs borclu bir cana
Haqqa bütöv vermək üçün qocaldım.
Canı sağlam yaşadana – “Mərhaba”,
xar olarsan inkar etsə El-oba,
ömür – Vaxta bülənd olmuş araba,
zirvələrə sürmək üçün qocaldım.
Yaşantılar, qol-budaqlı bir bağım,
öləziyir; sönmək üzrə çırağım,
kal-kal deyil – yetişərək torpağın
ağuşuna girmək üçün qocaldım...
22.11.2023
