Əli Rəştbər Qayıb
Cənubi Azərbaycan
Danış mənlə
Səni gülüş-barış haqqı!
Danış mənlə danış mənlə.
Tanrı məni bağışlasın,
Nə etdimsə əgər sənlə,
Danış mənlə danış mənlə .
İçimdə qəm yeli əsir,
Bağrımı qəm,kədər kəsir.
Sən susanda həyat susur ,
Əl-bir olur hər düşmənlə,
Danış mənlə danış mənlə.
Artıq olub qan yaş didə,
Harası var hara gedə?
Bütövlaşdır bir kərədə,
O vətəni bu vətənlə .,
Danış mənlə danış mənlə.
Həmən yolu gəl bir daha,
Göydən yağış yağa-yağa.
Ömür günə yoxdur vəfa,
Çalmaq olmaz haq bölənlə,
Danış mənlə danış mənlə.
Çatdı bura axır iş ki,
Qayıbın da yatdı köşkü.
Gəl səni tanrının eşqi !
Orman yolu, göy çəmənlə,
Danış mənlə danış mənlə...
Səni bir də görüncə
Qəmdən çəpər toxuyacam sözümə,
Od tökəcəm günaşırı közümə,
Yox olsam da bir an belə özümə
Gəlməyəcəm səni bir də görüncə.
Qırmayınca bu sehiri, tilsimi،
Görməyəcəm bundan belə heç kimi,
Bir kərə də kimsə ilə qəlbimi,
Bölməyəcəm səni bir də görüncə.
Qəm çatsa da ömür boyu qaşımı,
Qatmayacam heç nə ilə başımı,
Gözlərimdə selə dönən yaşımı,
Silməyəcəm səni bir də görüncə.
Qərq olsam da min kədərə min aha,
Çıxmasam da bir işıqlı sabaha,
And içirəm səni sevən Allaha,
Ölməyəcəm səni bir də görüncə
