
Oruc Dadaşi Elman
YETİŞİR
Açıram könlümü, bir qədər, oxu
Yaxası zəhərli qəm - kədər oxu
Qəzanın yanında bir qədər oxu
Yubanıb qalsada vəli yetişir
Talehi paylayıb yazanda ömür
Gördüm ki sevgimi həsrətlər gömür
Kiminə mənim tək bərkimiş kömür
Kiminə qızılı - ləli yetişir
Adımla sevgiyə dolan qapıya
Həsrəti gözümdə olan qapıya
Uzaqdan baxdığım solan qapıya
Utanmaz kölgəmin əli yetişir
Namərdə çevrildi dərman tərsinə
Nisgilim odundan yandı tər sinə
Onda ki bir cana, qəlb istər sinə
Qanını sormağa zəli yetişir
Düz sevgi atamdır, doğru elm Anam
Elimin adından ağır el manam
Ağıllı dedilər gördüm Elmanam
Bu ada yetişən dəli yetişir
YARAŞIR
Gözlərinin varlığına, dalğalı dərya yaraşır
Güzgünü təmsil eləyən hüsnünə dünya yaraşır
Can gəmisin qərq eləyən, tufana bənzər baxışa
Fitnə sözündən alahı, bir dolu məna yaraşır
Baxsa alır can bazarın, baxmasa, can əldə qalır
Bir belə al - verçiliyə, göz özü tənha yaraşır
Açsa xəyal yelkənini, yer üzünü görməyəcək
Mən yazığın bəxtinə bax, təkcə təmənna yaraşır
Bir dodağın yaz güluşün gözləmədə qış uzunu
Can sıxılır, göz qaralır, gözləmək amma yaraşır
Bir dəli, eşqin oduna, yar sarı yalvarmayacaq
Hökmü nədir məscid ola, yoxsa kəlisa yaraşır?
Gızlı qalan dərdimizi talehi göz qirpimidir
Yar baxışından toxuna, Elmana əla yaraşır
