Sizin reklam burada
Sizin reklam burada
  • TANRININ SEVGİSİ, İLAHİNİN VERGİSİ

    Rövşən Vəlioğlu “qoca”lmadı ey, ömrün zirvəsinə ucaldı

    Dedilər ki, bu axşam otur, Ramazan bayramı münasibətilə dostlara, doğmalara, qohumlara təbrik yaz. Elə başlamışdım da yazmağa. Birdən yadıma düşdü ki, ən böyük təbrik yaddan çıxa bilər. Əslində, bunu çoxdan eləməliydim. Gecikmişəm, düz 10 il!
    Yazıya başlamamış öz-özümə gülüb pıçıldadım: “...tezdi, vallah, 50-də yazmadım, incimədi, indi niyə küssün ki?! Ömrünü uzadıram da, nə pislik edirəm ki? İnşallah sonrakı yubiley yaşlarında təbrik edərəm. İnciyib-küsəsi oğul deyil, vecinə də almaz, çünki “manıs”lıq yolu keçib, təbrikləri də az görməyib, hədiyyə verənləri-alanları da”.
    Yox, bu yubilyarın daha özəl keyfiyyətləri, istedadı var ki, onu elə 25 yaşında da təbrik eləməli idik.

    Deyirəm ki, səhnə özü bir həyat imiş

    Bir vaxtlar mən də onun kimi, səhnə həyatı yaşayırdım. Onda “göynən getmirdim”, amma, bir az forsdu-zad görünürdük. Əslində, elə də deyildik, səhnədən elə görünür adam. İndi anlayıram.
    Kəlbəcərimizin istedadlılarının heç də hamısından yaza bilməmişəm. Xəsis deyiləm, maşallah, onlar çox, mən də tək. Ona görə tək demirəm ki, qələm ancaq mənim əlimdədir. Yox, qələmli olanlarımızın başı şeiriyyətə qarışıb, istedadlılarımızı unudublar. Mən isə unutmadım, vaxtım-zamanım yetən qədər qələm çaldım, layiqlilərimizə.
    Belə layiqlilərdən biri haqqında görün hansı gecə yazıram: sabah, 30 mart 2025-ci il tarixdə Ramazan bayramı keçiriləcək. Müqəddəs Ramazan ayında edilən duaların, tutulan orucların sahibi xalqımızı, türk millətimizi və onların da xüsusi olaraq istedadlılarını, vətən sevdalılarını qorusun, amin...
    Belə oğullardan, “qocalıb” - ucalanlardan biri də Kəlbəcər şəhərində dünyaya göz açan Rövşən Vəlioğludur. Deyirlər ki, 60 yaşı sabah-birisigün tamam olur. Əlim üzümdə qaldı: doğrudanmı?! İnansam da, inanmasam da, Rövşən qardaşımız böyüyüb və ürəyini də böyüdüb özüylə.
    Rövşən Vəlioğlu haqqında qələm çalınmalı oğuldur. Mənim gözlərimdə hələ də subay oğlandır: toy mağarlarında qoltuğuna sığmayan nağarası, konsertdə “çıqqıldatdığı” qoşanağarası, zərb aləti ilə məclis əhlini “oynadan”, çoxlarını isə “dingildədən” manıs. Manıs dedim, bəlkə də oxuculardan bəziləri bu sözün mənasını bilmir, yaxud heç eşitməyib də. Deyim, bilsinlər. “Manıs” musiqiçilərin uydurduğu sözdür. Toyda-mağarda, elə konsert salonlarında da başqaları onların öz aralarında nə danışdıqlarını (razılıq-narazılıq anlamında) bilməsinlər deyə, özlərindən “dil” yaradıblar. Manıs da həmin “dil”in bir kəlməsidir - musiqiçi deməkdir.
    Hə, manıs qardaşım da bizim kimi, ömür karvanını sürüb ha. Elə bilirəm ki, Kəlbəcərdəki Rövşəndir: mədəniyyət evinin səhnəsində nağarası...

    Qoşanağarasıyla “meydan sulayan” manıs

    Hamıdan gənc və boydan balaca, əsas fərqliliyini də deyirəm, ağzımda söz durmaz: Rövşənimiz simacan sarışın olduğuna görə də digər qardaş-bacılarından seçilirdi. Elə bilərdin ki, milliyyətcə rusdur, ya da xaxol-ukraynalı. Sən demə, elə türklərimizin özlərinin də ona bənzərləri az deyilmiş. Bu gün ona əsl türk oğlu kimi baxırıq.
    Rövşənin gənclik illəri mədəniyyətə, incəsənətə bağlı olub, ahıllığa aparan yolda da onu bu sahədə görürük.
    Mən Rövşən Vəlioğludan yazmaq üçün bəhanə axtarırdım. İllərdir ki, onun bu sahədə xalqımıza və dövlətimizə göstəriyi misilsiz xidmətlərdən ciddi şəkildə yazmamışdım. Budur, Tanrım özü bunu mənə yazdırır, həm də görün hansı ayda, ildə, gündə! Müqəddəs Ramazan ayının son günündə, sabah bayram olacaq. Bayram bayrama, sevincləriniz-sevinclərə qarışsın. Tanrım belə sevinclərimizi bircə ayda, gündə yox, ilboyu yaşatsın, amin!
    Amma Rövşən Vəlioğlunun təbriki həm də özünün ən müqəddəs sandığı, dünyaya gəldiyi günlərdə yazılır. Bu da Allahdan oldu.
    Rövşənin dünyaya göz açdığı ailə çoxuşaqlı olub. O da bu böyük külfətli ailənin sonbeşiyi kimi tanındı. Atası Vəli dayı, anası Kəklik bacı bilmirəm ki, adını Rövşən qoymaqla nə demək istəyiblər. Rövşən Koroğlunun adı olub. Amma Rövşən at beli həyat keçirməyib. Rövşən yalnız şənlik keçirmək üçün gəlib bu həyata. Bu gün də onun əməli fəaliyyəti bunun təsdiqidir.
    Gəlin görək, o, ancaq nağaraçalandırmı? Qoşanağarasının çubuqlarını göydə oynatmaqla neçələrinin qollarını havaya qaldırıb?! Allah bilir.
    Rövşən Vəlioğlu ilə bir neçə il iş yoldaşı olub, onun yolda yoldaşlıqlarını da duydum. Rayonun kəndlərinə konsert briqadamız gedib-gələndə hamı Rövşənin səmimiyyətindən danışırdı. Sən demə, onda daha böyük istedad potensialı var imiş. Çox keçmədi ki, biz bu

    “maral dərisi geyinmiş musiqiçi”nin

    digər özəlliklərini də gördük. Bəli, bəli, “maral dərisi geyinmiş manıs” - düz eşitdiniz, düz oxudunuz. Rövşən Kəlbəcərdə “Maraloyunu” folklor oyununu Mehralı babadan və onun oğlu sazbənd Süleymandan sonra dünyaya çıxardan yeganə “oyunbaz” oldu. “Maral”la birlikdə dünyanın ən böyük səhnələrində, xalqlararası beynəlxalq festivallarda Rövşəni də gördük və daha yaxından tanımağa başladıq.
    Bildiyimiz kimi, “Maraloğunu” və “Kilimarası” xalq oyunları - meydan tamaşaları Kəlbəcərdə əsrlərlə yaşadılıb. Milli geyimlərimizlə dünya səhnəsinə atılan Rövşənin birdən-birə “maral”a çevrilməsi də təsadüfi deyildi. Yaxşı xatırlamıram, İsraildə, yoxsa da Türkiyədə tamaşaçılar, hətta qara zurnanın səsinə boylana-boylana oynayan “maral”ın canlılığına şübhə etməmiş, onun boyunu qucaqlamış və şəkillər çəkdirmişdilər. Qara zurnanın ahənginə boynunu uzadıb yan-yörəsinə baxan “maral” “cildini” dəyişəndə tamaşaçılar heyrətdən donub qalmışdılar.
    Rövşən sənətə sevərəkdən gəldi. O, çörək qazanmaq naminə bu sənətə gəlmədi. Onun respublikamızda hər il “Novruz” şənliklərində “maral”a çevrilməsi və dövlət başçısının da maraqla bu səhnəni izləməsi Tanrının ona verdiyi fitri istedaddır.
    Rövşən Vəlioğlu xoşbəxt kəslərdəndir ki, onun mədəni-kütləvi tədbirlərdəki çıxışları televiziyanın “Qızıl Fondu”nda saxlanır. Demək, o, əsrlərlə yaşayacaq bir varlıqdır, sənətkardır, Tanrının bizim mədəniyyətimizə verdiyi töhfədir.
    İllər öncə bəlkə də bunu xatırlatsaydım, düzgün anlaşılmazdı. Rövşən Vəlioğlu həm də Birinci Qarabağ döyüşlərinin veteranıdır. Bilmirəm ki, o imtiyazın daşıyıcısıdır, yoxsa bu sahədə də laqeydliyin qurbanıdır. Kəlbəcərdə könüllü özünümüdafiə batalyonu yaradılanda onun ilk könüllülərindən biri də Rövşən Vəlioğlu olmuşdu. O, səhnəni, “maral”ını unudaraq, düşmənlə üzbəüz Qurda çevrilib, gödənyırtan erməni çaqqallarının torpaqlarımıza gizlicə, tülkü kimi hücum çəkməsinin qarşısını alan igidlərimizdən biri kimi sərhəddə, keşikçi məntəqələrində, Dikyurd zastavasında, ön sırada dayanmışdı.
    Rövşən Vəlioğlu, səhv eləmirəmsə, İsraildə keçirilən beynəlxalq Folklor Festivalının “Qızıl medal”ını alanlardan biri olmağı ilə həmişə fəxr edir. Onun belə mükafat və təltifləri az olmadı. Lakin, təəssüf hissi ilə qeyd edim ki, Mədəniyyət Nazirliyində onun mədəni xidmətlərini nəzərə alıb, heç olmasa, “Əməkdar Mədəniyyət işçisi” fəxri adının verilməsi üçün düşünülmədi. Bilmək olmur ki, bu məsələ yerli icra strukturları, mədəniyyət şöbəsi tərəfindən, yoxsa nazirliyin əlaqədar şöbələrində oturan, “hazırın nazirləri”nin gözündən və düşüncələrindən yayındı.
    Ömür insana bir dəfə verilir, xidmətlər təkrar olsa da. Heç kim də sığortalanmayıb ki, ömrünü 100-də başa vuracaq, yaxud bir az da artıq (Rövşənin Nabat nənəsi kimi). Ona görə də Rövşən Vəlioğlunun mədəniyyətimizin, folklorumuzun, yaradıcı xalq sənətinin qorunmasında və yaşadılmasındakı xidmətləri nədən nəzərə alınmır? Məgər, 50-60-dan da o yana gözləmək lazımdır?! Bu məntiqsizliyə son qoyulmalı, ölməz Xalq şairi Cabir Novruz demişkən, “sağlığında qiymət verin”...

    Kənd qəbristanlığı, şəhid bulağı - xeyirxahlıq missiyası...

    Rövşən Vəlioğlu bəlkə də bu laqeydliyi təbii qəbul edir. Çünki ədəbiyyat, mədəniyyət və incəsənət aləmində misilsiz xidmətlər göstərmiş o qədər şəxsiyyətlər laqeydliyin qurbanı olub ki, buna görə o da hər şeydən əlini üzərək, sadə peşə adamı olmaq yolunu seçib, ömrünün barlı-bərəkətli dövrünü. İllərini yelə verməsə də, mədəniyyət-incəsənət sahəsində dolanışıq üçün yox, mənəviyyata xidmət etməsi onu məyus etmir. Əksinə, sevinir ki, ulu foklorumuzun yaşadılmasında onun da əməyi oldu.
    Bu arada bir vacib məqamı da unudacaqdım, az qala. Rövşən Vəlioğlu Kəlbəcərin işğaldan azad edilməsindən sonra doğma yurda ilk ziyarəti də tarixə yazıldı. O, bir vaxtlar nağara döyməkdən qabar bağlamış əlləri ilə Dalqılınclı kənd qəbristanlığındakı məqbərini yenidən bərpa etməsi çoxlarına nümunə göstərildi. Bu məqbərə Kəlbəcərdə vaxtilə tanınmış ülamalardan biri olan Seyyid Məhəmmədinkidir. Yeri behiş, ruhuna salavat! Daşnak vandallar məqbərini tamamilə dağıtmaq istəsələr də, bacarmamış, ağanın ruhu onlara qənim olmuşdur. Rövşən qardaşımız da Kəlbəcərə, həmin qəbristanlığa ilk ziyarətində məqbərinin halına acımış və imkanı daxilində müqəddəs məbədi öz hesabına (həm də əlləri ilə) yenidən bərpa etmişdir.
    Rövşənin doğma yurda sevgisi təkcə bununla bitməyib. O, Dalqılınclı kənd məktəbinin yaxınlığında vaxtilə çağlayan bulağı da bir neçə kənd cavanı ilə yenidən bərpa etdi. Bulağın yuxarısındakı məhlənin ağsaqqalı Məhəmməd kişi şəhid olduğuna görə elə bu nur çeşməsinə də onun adını verdi və beləcə əbədiləşdirdi: “Şəhid Məhəmməd baba bulağı”.
    Tanrı onun qollarına güc, qüvvət versin. Bundan sonrakı ömrüün Kəlbəcərdə keçirsin, amin!
    Bu gün Rövşən Vəlioğlu baba kimi balalarına, nəvələrinə xidmət göstərdiyi sənətdən “nağılvari” həqiqətləri danışır. O həqiqətləri ki, o, yaradıcı ömrünü ona həsr edib.

    Yığışıq başına, gələk təbrikə...

    Bu da ömrün zirvəsi - əzəmətli, vüqarlı, barlı-bəhrəli görünür. 60 yaş nədir ki, 70-də, 80-də təbrik üçün gecikək. Halal haqqın Yaradanımız tərəfindən dəyərləndirilib, eloğlu!
    Səni sənət dostların, qohumlar və doğmalar adından təbrik edirik! Nabat nənənin ömrünü arzulayırıq.
    Mənim də hədiyyəm, mükafatım qəlbimin isti kəlmələri olsun, Bu müqəddəs gecə.
    Məktubumun sonunda “Yurd yeri” havasında sənə belə dilək diləyirəm, eloğlu:

    Özün boyda odd da sənsən, ocaq da,
    Altmışında sən ulusan, Vəlioğlu!
    Açmısan hər kəsə isti qucaq da,
    Doğmaların sağ-solusan, Vəlioğlu!

    Qocalığı almayaynan boynuna,
    Salar səni Fələk özcə oynuna.
    Dəvət elə nəvələrin toyuna,
    Özün elə el yolusan, Vəlioğlu!

    Ömrün keçib yaşatdığın “maral”la,
    Bunu ancaq Tanrı bilər, hə, valla!
    Oturub-durmusan saflar ilə, halalla,
    Ona görə Haqq qulusan, Vəlioğlu!

    Yığışıq başına, gələk təbrikə,
    Sən dözəsən doğmaların ərkinə.
    Day almazsan bizi atın tərkinə,
    Rəşadının sağ qolusan, Vəlioğlu!

    Qoy yazım varağın qalmasın ağı,
    Altmış qocalığın bil, gənclik çağı.
    Tanrım qoy ucaltsın qoca bayrağı,
    Min naxışlı bir xalısan, Vəlioğlu!


    Hörmətlə:
    Məhəmməd Nərimanoğlu,
    Bakı, Müşfiqabad qəsəbəsi,
    30 mart 2025-ci il, saat 1-36.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ