Sonra yadıma düşdü ki, mən 1994, ya da 95-ci ildə də belə bir zarafat eləmişdim.
... O illərdə Dövlət Radiosunda işləyirdim. Hər həftə bazar günü işləyib hazırladığım bir saatlıq “Səhər” musiqili informasiya proqramı birinci gün səhər saat 7-də efirə gedirdi. Növbəti verilişlərdən birinin mətnində Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün bütün sahələrdə milli səfərbərlik zərurətinin olduğu barədə “ürəyimi boşaltdım”. Ardıca da Seyid Məhəmməd Şəhriyarın “Azərbaycan” şeirinə yenicə yazılmış mahnını efirə verdim. Yeri gəlmişkən, həmin lenti mənə təklif edən şöbə müdiri ( şöbəsinin adını unutmuşam) Hacı Məmmədova Allah rəhmət eləsin!
Səhv eləmirəmsə, həmin mahnını rəhmətlik Rafiq Babayevin bu əhvalatdan bir neçə il qabaq yaratdığı “Cəngi” folklor ansamblı ifa edirdi. Çox möhtəşəm idi, davulların, zurnanın qan qaynadan sədası fonunda hansısa kişi müğnninin şaqraq səslə oxuduğu
“Yetər fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan”
– sözləri həqiqətən əsl çağrış kimi səslənirdi.
... Ertəsi günü ( yəni verilişin efirə getməsindən iki-üç saat sonra) mən işə gələndə teleşirkətin həyətində 5-10 santimetr qalınlığında qar var idi. Üstəlik yenə də yağırdı. Cavan əməkdaşlar bir-biriə qar atır, qızları cırnatmağa çalışırdılar. Mən isə dayanıb onlara baxır, Qəbələdə yağan qarın daha gözəl olduğu barədə düşünürdüm. Bu məqamda əlindəki ənənəvi papkası ilə işə gələn Proqram Redaksiyasının əməkdaşı Maşallah Xudubəyli mənə yaxınlaşdı: “Cavan oğlan, gəl səni öpüm!” Dedim, Maşallah müəllim, qarı mən yağdırmamışam.
– Ayə, mənim qarla nə işim var? Sənin bugünkü verilişindən məmnun oldum.
Sonra iş otaqlarımıza yığşdıq. Baş redaktorumuz ( Allah ona rəhmət eləsin!) Heydər Zeynaloğlu “Sadəcə üz ağlığıdır” – deyə, yığcam şəkildə təşəkkür etdi. Zərxanım Əhmədli heç nə demədən, gülümsəyərək, baş barmağı ilə “əla!” işarəsini göstərdi. Sonra televiziyadan Camal Yusifzadə ( Allah ona rəhmət eləsin!”) zəng eləyərək o verilişi necə qiymətləndirdisə yazmaq istəmirəm. (Yeri gəlmişkən, mən bir dəfə ona demişdim ki, sizə ad verəndə səhv eləyiblər. Çünki Camal insanın xarici gözəlliyini ifadə edir. Sizin adınız Kamal olsaydı , daxili gözəlliyinizə də dəxli olardı).
Sonra rəhmətlik Şəfi müəllim ( “Ekran-Efir” qəzetində mərhum Məmməd Aslanın müavini idi) zəng elədi...
Qərəz, Allah sənə rəhmət eləsin, Maşallah Xudubəyli! Gör nələri yada saldın.
Çox təəssüf ki, mən radioya işə təzə gələndə Proqram Redaksiyasının əməkdaşlarını ( rəhbərləri rəhmətlik Zöhrab Zeynalov idi) texniki heyətin üzvü kimi qəbul edirdim. Sonradan öyrəndim ki, Göyçə mahalının böyük aşıqlarından olmuş Xəstə Bayraməlinin oğlu Maşallah Xudubəyli təkcə diplomuna, fəaliyyətinə görə yox, həm də canına, qanına, iliyinə qədər jurnalistdir. Üstəlik, folklor bilicisi kimi çoxsaylı tədqiqatları da var idi.
Bir daha deyirəm, Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
