
MƏN NECƏ SÖZ AÇIM SEVGİDƏN SƏNƏ.
ŞEİRİMDƏ DİL AÇIB ÖZÜN DEYİRSƏN,
Həmişə qəlbimdə, harada yaşamasından aslı olmayaraq yazıb - yaradan insanlara rəğbətim böyük olub. Ələxsusda Cənubi Azərbaycanlılarmza. Burada bir neçə nüans rəğbətim gücləndirir ki, bunlardan da, deyərdim ən əsası, böyük Azərbaycan şairi və mütəfəkkiri olan Məmmədhüseyn Şəhriyardırsa ( Seyid Məmmədhüseyn Behcəti Təbrizi), ikinci bir hal, həmin soydaşlarımızın danışıq ləhcəsində şeirin şirinliyidir. Həmdə bu halların içində cənublu soydaşlarımızın çoxşaxəli yaradıcılıq janrlarında ortalığa çıxardıqları əsərlərdir. Əsasəndə qəzəl, qəsidə, məsnəvi, qitə, rübai janrlarında çox gözəl yaradıcılıq nümunələri ilə ədəbiyyatımızı zənginləşdirirlər. Həmişə də, cənublu soydaşlarımızın yaradıcılıq nümunələrində Vətən, sevgi, mübarizlik özünü güclü büruzə verir...
"Ağsu Yazarları" Ədəbi Birliyinin, İran Azərbaycanından olan üzvü, birliyimizə qoşulduğu andan hamının sevimlisinə çevrilən Oruc Dadaşi Elman qardaşımızdır.
Oruc Dadaşi Elman mütəmadi olaraq birliyin qrup paylaşmasında fəal iştirak edir, öz yaradıcılıq nümunələrindən birlik üzvlərinin müzakirəsinə verir, bəzi yaradıcılıq nümunələri barədə irad və təkliflərini bildirir, müzakirələrdə fəal iştirak edir...
TANIŞLIQ :
- ORUC DADAŞİ ELMAN 1978 - ci ildə İran Azərbaycanında anadan olmuşdur. Şairdir, Təbriz şəhərində yaşayır. Şeirləri Təbriz, Urmuyə, Tehran jurnal və qəzetlərində çap olunur, Azərbayanda "HƏKƏRİ", "SÖZÜN IŞIĞI" və "BÜTÖV AZƏRBAYCAN" qəzetlərində çap olunub. Şeirləri eyni zamanda Türkiyədə "AY İZİ", "HİCA TAŞLARI" və "GERGEF" jurnallarında cap olunub. Şeirləri İraqda Kərkük bölgəsinin Xurmatuz şəhərinin AQSU qəzetində də çap olunubdur.
Bir cild kitabı 2023 ildə "MÖVLA MƏHƏBBƏTİ" adında ışıq üzü görmüşdür.
"Ağsu Yazarları" Ədəbi Birliyində davam edən Mərziyə Sarvan təşəbbüsünün növbəti qonağı, bütün müzakirələrdə fəal iştirak edən, əslən İran Azərbaycanından olan Oruc Dadaşi Elman qardaşımız sıra sayında nəhayət rastımıza çıxdı. Onun, bu gözəl təşəbbüs ərəfəsində, birliyin dəyərli üzvlərinin ixtiyarına verdiyi ilk, "YAŞADIM" qəsidəsinin ruhuna gücüm çatdığı qədər bələdçilik edəcəm.
Yaradıcı insanlar bilir ki, Qəsidə janrı ilk dəfə ərəb şairlərinin şeirlərində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur.
Qəsidə janrı— bir şəxsin və ya tarixi bir hadisənin mədhi və tərifi, adətən təntənəli ruhda, uzun lirik şeir.
Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur.
Odur ki, şairin öz sevgisinə, - "Tut əlimdən gözəlim" - SEVGİNİ sultan yaşadım. Gedək sevgi yoluna, sən CANI CANAN yaşadım.
Tut əlimdən gözəlim, sevgini sultan yaşadım,
Varalım can yoluna, sən canı canan yaşadım.
Böyük bir sevgi yolunda
Qoşulum ARZULARIN göydə uçan QUŞLARINA,
QANADINDA asılı, İSTƏYİ hər an YAŞADIM.
Bu qədər gözəl vəsf, mədh, tərif, yalnız şair duyğusu ilə dilə gətirib deyə bilər ki, onuda Oruc Dadaşi Elman qardaşımız gözəl, səlis, rəvan olaraq demişdi ;
Düşünüm sevgi nədir, düz yolu könlüm tanısın,
Ürəyimdən güc alan çağrını iman yaşadım.
Şair qardaşımız o qədər gözəl və aydın fikirlərlə duyğusunu çatdırır ki, onun gözəlliyini pozmamaq üçün izahlı şərh, ruha sığalın sanki ləngidir . Çünki şair, öz gözəl poetik lirikası ilə oxucusunun qəlbinə rahatlıqla yol tapıb, onu ovsunlaya bilir.
Məsələn,
QATILIM gül-çiçəyin HƏR AÇILAN YARPAĞINA,
DOĞULAN hər SƏHƏRİN bağrını ƏLVAN yaşadım.
Səni bir K'ƏBƏ görən, var-yoxumun QİBLƏSİ OL
BAŞINA DÖNMƏK üçün, KÖNLÜMÜ QURBAN yaşadım.
Bu qədər gözəl, bu qədər rəvan bir sevgi hissini oxucusu ilə birgə yaşamaq bacarığı olan şair qardaşımız Elman daha sonra deyir;
Tutulan CAN GÜNƏŞİN HÖRMƏLƏRİNDƏN düyün aç,
Sənilən BİRLİK EDİM, SEVMƏLİ DÖVRAN yaşadım.
Şairlərimiz çox vaxt yaradıcılıqlarında sevginin gözəlliyini yalvarışda gördüklərindən, şair Elman da, bu yalvarışı, milli dəyərlərimiz olan, el deyimlərimiz üzərində qurması ilə, şeirinə daha bir gözəllik qatır.
ƏTƏYİNDƏN DAŞI TÖK, ayrılığı qoy qırağa,
Səvinən göz yaşımın damcısın ümman yaşadım.
NAĞILIN son dəyərin, ALMA deyirlər ÜÇ ədəd,
Mənim ALMAM ÖZÜN OL, gözləri bağban yaşadım.
Şair, bu qəsidəsində gözəl nüansa toxunub. O, qəsidə janrında tərənnümü Qəzəlin şah qızı saymaqla, yalnız onun mülkünün sözlü ürəklər olduğun çox cazibəli orjinallıqla verib.
Qəzəlin ŞAH QIZISAN, SÖZLÜ ürəklər SARAYIN,
QƏLƏMİMDƏN YEYƏ DÜR, orda NİGƏHBAN YAŞADIM.
Nigəhban sözü fars mənşəli söz olsada, klassiklərimizdən üzübəri bir çox şairlərimiz öz şeirlərində bu sözdən məharətlə istifadə edib, şeirlərinə bir gözəllik qatıblar. Şair qardaşımızda, İran Azərbaycanında YAŞAMASINI nəzərə alsaq bu ifadəni şeirində də o çox gözəl istifadə edib. Belə ki, bu sözün mənası yükü ilə şair özünü keşikçi bağban anlamında verərək, qələmindən dür yedirdib, bağban kimi keşiyin çəkərək yaşadım - deyir.
DARIXAN KÖNLÜMƏ GƏL , qoy sənə bağrım yarıla,
yaramın MƏRHƏMİ OL, dərdimə dərman YAŞADIM.
Şairin son beytləri də özünəməxsus - "darıxan könlümə gəl, sənin üçün yarılı bağrımın yarasına bir məlhəm ol ki, səni, dərdimə dərman yaşadım - deyərək, sonda özünə xitabən söyləyir.
Yetir Elman diləyin saçları parlaq günəşə,
Açılan hər hörüyün, ömrumə fərman yaşadım.
Günəşin parlaq şəfəqlərin sevgilisinin hörüklərinə bənzədərək, - "Açılan hər hörüyün, Ömrümə fərman yaşadım,-deyir.
Şairin yaradıcılığından görünür ki, onun sevgi şeirləri, məhz onun öz iç dünyasının duyğularından qidalanır. Belə şeirlərindən biri olan, - "UNUTMA" - şeiri məhz bu qəbildəndir. Nisgilli, həsrətlə dolu günlərin yaşantısını çəkən şair, sevgisindən, - "Könlümü saçında bağla bir telə" - deyərək imdad diləyir,
Mən vüsal həsrəti çəkənlərdənəm,
Hicrində qanlı yaş tökənlərdənəm,
Boynumu səsszidən bükənlərdənəm,
Könlümü saçında, bağla bir telə,
Unurma sevgilim, unutma belə.
Şairin bu şeirini oxuyarkən, Cənubi Azərbaycan həsrətli günlərimizdə, soydaşlarımızın ritmik musiqi üzərində yanıqlı, hər birimizin qəlbinə məlhəm olan şirin ləhcədə yayımlanan kadrları yadıma düşdü. Bu şeir mənə o anları, o şirinliyi yaşatdı.
Arzular göyündən çağır könlümü,
Yüngüllət, qanadı ağır könlümü,
Qoyma kı qəm - kədər, sağır könlümü,
Göz yaşım mehnətdən, dönübdür selə,
Unutma sevgilim, unutma belə.
Bir xalq arasında yaşanan həsrət yanqısına bənzər sevgi yaşantısını şair elə gözəl ruhla cilallayıb ki, o yanqı hər bir insanın içində közərib. Bir sevgi dili ilə həsrətə son qoyan şair çox gözəl poetik bir vəsf verib.
Gözlərin, könlümü əlinə alsın,
Məhəbbət sazını, onunla çalsın,
Keçmişdə olanlar, keçmişdə qalsın,
Xəyallar qanadın tapşıraq yelə,
Unutma sevgilim, unutma belə.
Bu gözəl arzular içində, - "Yaşasın dünyamız belədə-elə, Unutma sevgilim, unutma belə."
Baxışlar sevinsin, öz birliyindən,
Dodaqlar titrəsin, söz birliyindən,
Ürəklər alışsın, köz birliyindən,
Yaşasın dünyamız belədən - elə,
Unutma sevgilim, unutma belə.
Sevgi ruhunda yoğrulan dilin yaratdığı dünya, şair Elman ruhu qədər bizə tanışdı.
QƏZƏLLİ dünyamın, QOŞMA dilişən,
Könkümə yaraşan, tək sevgilisən,
Elmanam, sən məndən, yaxşı bilisən,
Elimin diliyəm, bağlıyam elə,
Unutma sevgilim, unutma belə.
Şair qardaşmıza bundan sonra gözəl ruhda yazıb, yaratmasını diləyib, ənənəmə sadiq qalaraq şairin iki şeirini dəyərli oxucuların öz müzakirəsinə verərək, İran Azərbaycanında, Təbrizdə yaşayan, "Ağsu Yazarlar" Ədəbi Birliyinin üzvü Oruc Dadaşi Elman qardaşmıza sağlam can sağlığı, uzun ömür, sevincli günlər, yaradıcılıq uğurları arzulayıram.
QƏZƏLSƏN
Ey nazlı Nigarım bəri gəl şanlı qəzəlsən
Dillərdə yaşıl nəğməli ad - sanlı qəzəlsən
Göy qurşağının yeddi qələm nur bəzəyindən
Süddən açılan ağ buluda anlı qəzəlsən
Hər dörd cəhətin yöndəminin birliyi sənsən
Üstən aşağı ortada hər yanlı qəzəlsən
Aydın günəşin nur saçağından hörük almış
Zülmət gecənin bağrına bir danlı qəzəlsən
Hər beytinə padaş verilən cənnətin hüsnü
Küfrün evi səndən dolu divanlı qəzəlsən
Təzmin edə bilməz səni heç vergili şair
Tanrım yaradan sevməli bir canlı qəzəlsən
Qəlbin tacının dövrünə parlaq həyəcansan
Candan - cana eşqin qanadı qanlı qəzəlsən
Dağlar dayağından qaya tək yontalanıbsan
Qoynunda bulağ sürməli ceyranlı qəzəlsən
Yelkən yığılan bir gəmidə, dalğa susursan
Sahil görünən ərşədə tufanlı qəzəlsən
Dəryadə pəri, dağda maral, göydə mələksən
Eycaz yaranan bir bələ ünvanlı qəzəlsən
Meyxanədə mey bardağına doğma şərabsan
Bütxanədə biganəyə qurbanlı qəzəlsən
Alnımda olan səcdə yerin damğasız etmə
bir qul görünüm, el desin Elmanlı qəzəlsən.
SEVGİDƏN SƏNƏ
Dalğadan soruşdum dənizsən dedi
Kəhkəşan, südgöllü bənizsən dedi
Sevginin gözündə əzizsən dedi
Mən necə söz açım sevgiden sənə
Yolların sonunda ürək dincisən
Ürəklər diləyi, can sevincisən
Xilqət sədəfində parlaq incisən
Mən necə söz açım sevgidən sənə
Məhəbbət andının göz kitabısan
Mahnılar ağzının söz kitabısan
Sevginin yazdığı öz kitabısan
Mən necə söz açım sevgidən sənə
Günəşin nurusan, ayın işığı
Verginin dəyəri, payın işığı
Çillənin gecəsi, yayın işığı
Mən necə söz açım sevgidən sənə
Hər kimdən soruşdum, özüsən deyib
Ocaqlar alovu - közüsən deyib
Sevginin ürəyin, çözüsən deyib
Mən necə söz açım sevgidən sənə
Elmanın ürəyi yazan şeyirsən
Yağış tək çilənən yazlı xeyirsən
Şeyrimdə dil açıb özün deyisən
Mən necə söz açım sevgidən sənə

Böyük sevgi və səmimiyyətlə,
Elxas Comərd.
"İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.