Sizin reklam burada
Sizin reklam burada
  • UNUTSAQ, UNUDULACAĞIQ!


    “SPARTAK KAMİL”İ İTİRDİK,
    yox, QƏLBİMİZDƏ BİTİRDİK!

    Vətənimdən gözəl diyar görmədim,
    Nəzər saldım nə zamandı ha yana.
    Odu qalmaz hər doğulan oğulun,
    Yad ocaqda ha alışa, ha yana!

    Oğul odur Vətən sevə, yurd seçə,
    Oğul odur bunun üçün can keçə.
    Oğul odur el başına and içə,
    Qeyrətindən kömək uma, hay ana!

    Dərd sinəmdə düyün-düyün yarandı,
    Vətən, sinəm para-para, yarandı!
    Müqəddəsdi ana andı, yar andı,
    Qurban olum ismətinə, hayana

    Hə, bax belə- başına and içilən oğullarla Vətən basılmaz olur! 44 günlük İkinci Qarabağ savaşlarında bir daha bu həqiqət özünün təsdiqini tapdı. Amma, bəlkə bir az səmimi olaq. Bəlkə Birinci Qarabağ döyüşlərində canından-qanından keçən igid, basılmaz cəngavərlərimizi də yada salaq. Axı, onlar müasir hərbi texnika və texologiyalarla döyüşə atılmamışdılar. Onların silahı qeyrət idi! Təəssüf ki, o dövrdə belə igidlərimiz qələbə həsrətiylə alışıb-yansalar da, arzuları 30 il (bəzilərinin isə, şəhid olduqları üçün əbədi) gözlərində qaldı.
    Qanlı-qadalı illərdən yaslı-yaralı çıxmış könüllülərimiz, eləcə də, yenicə yaradılan Milli Ordumuzu formalaşdıran ilklərimizin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbədə payları yoxdurmu?! Məhz elə həmin oğulların övladları deyildimi Zəfər salnaməsini yazanlar?!
    Birinci Qarabağ döyüşlərinin iştirakçılarının sayı azalmaqdadır. Gündə bir-ikisinin doğma yurd-yuvaya dönməmiş əbədiyyətə qovuşduqları sorağını eşidirik.
    Belə oğullardan biri də Birinci Qarabağ döyüşlərinin məşhur kəşfiyyatçı komandiri olmuş Kamil Əmirxan oğlu Mehtiyev idi...
    ***
    Hələ 2020-ci ildə sosial şəbəkədən yayılan bəzi müsahibə-verilişlərdən əsəbləşib, belə bir müraciət eləmişdim FS-dən: “TV-kanallar, internet TV-lər, sayt rəhbərləri, xahiş edirik: Kəlbəcəri tanıyan ziyalıları verilişlərinizə dəvət edin! Kəlbəcərdin müdafiəsində dayanan, veteran olan oğullarımızı, el ağsaqqallarını, şəhid ailələrindən, eləcə də Kəlbəcər haqqında ətraflı bilgisi olan qələm və söz adamlarını dəvət edin! Yalandan əyninə hərbi geyim geyinib özlərini vətənpərvər kimi təqdim etmək istəyənləri bizə sırımayın.
    Nə özünüzün xəbəriniz var, nə də o verilişlərinizə dəvət etdiklərinizin! Bununla siz kəlbəcərlilərin yarasına diz basırsınız, xəbəriniz olsun! Bəli, Xalid Əsgərov kimi reportyorarımızı axtarıb tapmalısınız! Kəlbəcərin təbii sərvətlərindən xəbəri olan geoloqlarımız var. Onu qurub-tikən mütəxəssislərimiz, mühəndislərimiz, 5 il mühasirədə qalan Kəlbəcərimizi qoruyan “Spartak Kamil” və onun kəşfiyyatçı dostları var…
    Kəlbəcərə yalnız şeir yazanlar bilmir o yerlərin Azərbaycan üçün necə strateji məkan olduğunu!
    Kəlbəcərin şəhidlərinin qəhrəmanlıqlarını kitab-dəftərlərə, qəzetdə məqalələrə yazan jurnalist həmkarlarınızdan xəbəriniz varmı?
    Yoxsa bu da sifarişlədir?! Burada özünütərif hər bir kəlbəcərliyə təhqirdir! Buna da ictimai nəzarətmi lazımdır?!
    Kəlbəcərin elə ziyalıları var ki (bütün peşə sahiblərindən – geoloqundan tutmuş həkiminədək, alimindən tutmuş ağsaqqalınadək), bunları unudub, tanıdığınız artistləri çıxardırsız verilişlərinizə! Onlar onsuz da hər gün ekranlarınızdan düşmür. Kəlbəcər haqqında nə bilirlər ki, desinlər?! Siz Kəlbəcəri onların timsalında təqdim etməyin! Kəlbəcəri tanıyan və uğrunda özünü fəda edənləri dəvət edin!”
    Məqsədim heç də bir daha TV-kanalizasiyaları “pərpətöyün” kimi, alaq otutək bürüyən savadsızları sizlərə tanıtmaq deyil, dostlar! Həmin müraciətdə belə bir cümləm vardı: “...Onu qurub-tikən mütəxəssislərimiz, mühəndislərimiz, 5 il mühasirədə qoruyan “Spartak Kamil” və onun kəşfiyyatçı dostları var…”
    Məhz söhbət “Spartak Kamil”dən gedir. Kəlbəcərin 5 il mühasirədə “yaşadığı” o müdhiş 1988-93-cü illrədə özü kimi qeyrətli, igid, erməninin “cini” olan oğulları da başına toplayaraq, könüllü özünümüdafiə dəstələrindən batalyon yaradaraq, düşmən həmləsindən doğma ata-ana yurdunu qoruyan Kamil Mehtiyevdən - “Spartak” ləqəbi ilə tanınan həkim-kəşfiyyatçı komandirdən gedir.
    ...Onu da itirdik. Başın sağ olsun, Vətən!
    “Spartak Kamil” kimi, neçə-neçə igid oğulun layiq olduğu Milli Qəhrəman adına layiq görülsə də, Ülfət Kərimov da başda olmaqla, hamısı unuduldu. Yox! Xalqımız unutmadı. Əlaqədar qurumlar, qurumsaqlar, “yoldaşlar”, səlahiyyətlilər qulaqardına vurdular. Çünki belə oğullar Nəcməddinkimilərinin necə biri olduğunu bilir və “əmri”nə tabe olmadıqları üçün cəzalandırılırdılar - layiq olduqları fəxri addan məhrum edilirdilər.
    Sözüm onda da deyil. Üç gün öncə eşitdiyimiz bu ağır xəbər çoxları kimi, məni də sarsıtdı, çünki “Spartak Kamil”in bir şəxsiyyət kimi, dəyərliliyini daha geniş auditoriyaya çıxara bilmədik. O, layiq olduğu ünvanda da dəfn edilmədi. Niyə, nəyə görə?! Məgər Birinci Qarabağ döyüşlərinin igidləri buna layiq deyillərmi?! Ən azı, İkinci Fəxri xiyaban belə cəsur, vətənpərvər, xalqının, dövlətinin keşiyində ayıq-sayıq dayanmış igidlərin sonuncu məkanı ola bilməzmi?!
    “Spartak Kamil” kimi tanıdığımız bu ucaboy, göygöz, sarışın oğlan Kəlbəcər şəhərində 1950-ci ildə anadan olub. Orta məktəbdən sonra Tibb İnstitutunu bitirib, həkim-psixoloq idi.
    1988-ci ildən başlayıb, 1993-cü ilin aprel ayınadək olan müddətdə o da digər vətənpərvərlərimiz kimi, Bakıdan, Sumqayıtdan çıxıb gedərək, uzaq doğma Kəlbəcərinin müdafiəsinə qalxdı. O vaxtlar nə hərbi birləşmələr var idi, nə də ki, indiki kimi gücümüz. Yalnız düşmən qabağına çıxmaq üçün damarlarında türk qanı axmalıydı ki, qeyrətini silaha çevirib, yağı üstünə gedəsən!
    Bəli, Kamil Mehdiyev də digər kəlbəcərli könüllülərdən biri olaraq (əslində, birincilərindən biri, çünki, könüllü batalyonu yaradanlardan biri o idi) sinəsini Vətənə sipər elədi. Könüllülər Batalyonunun kəşfiyyat komandiri kimi, fitnəkar erməni saqqallı silahlı quldurlarının Kəlbəcərə dəfələrlə etdiyi təxribat xarakterli hücumlarının qarşısının alınmasında fədakarlıq göstərdi.
    O vaxtlar bu sətirlərin müəllifi Kəlbəcərdə çıxan rəsmi “Yenilik” rayon qəzetində çalışırdı. Dəfələrlə Spartak Kamillə və partizan döstəsinin ayrı-ayrı üzvləri ilə görüşmüş və fikirlərini alaraq, kəlbəcərli oxucularla bölüşmüşdü. Lakin, “Spartak Kamil” hələ sinəsi dolu müdriklərimiz kimi, çox şeyləri açmamışdı və söz vermişdi ki, onların fəaliyyətləri ayrıca bir kitablıqdır. Sağ olsun, həmin komandadan olan şair dostumuz Akif Kamal bu barədə kitab buraxdı. Amma dəqiq bilmirəm ki, “Spartak Kamil”in fikirləri və döyüş yolu orada necə əks edilib.
    Budur, oturub onunla olan söhbətlərimizi xatırlayıram. Doğmaların, kəlbəcərli qohumların, adətən, hüzr yerlərində görüşəndə həmsöhbət olmaq istəsəm də, səsinin boğunuq çıxması onu da üzürdü, məni də.
    Dəfələrlə “qınamışdım: “...xəstələri siz müalicə edirsiz, bəs özününz?!” Son illərə qədər bilmirdim ki, o, 30 ildir (Kəlbəcərimizi itirəndən) xərçənglə də “döyüşürmüş”. Boğazından yapışan o zalım xəstəliklə Spartak son 30 ildə döyüşüb, mübarizə aparıb ki, Kəlbəcərimizə qovuşsun. Özü deyirdi ki, “qovuşdum, daha bacara bilmirəm bu zəhrimar xəstəliklə...”
    Mənə bu xəstəlikdən əziyyət çəkən doğmalarımla bağlı təsəlli, təskinlik verən “Spartak Kamil” özü dərdinə əlac tapa bilmədi. Son 30 ili “səssiz-səmirsiz” qaldı. Qəlbindəkiləri kimsəylə bölüşə bilmədi. İnsan necə də aciz olarmış nitqi olmayanda. Deyirdi: “...əmioğlu, Kəlbəcərlə, o mühasirə illəri ilə bağlı o qədər acılı-şirinli xatirələrim var ki, yazacam, danışa bilmirəm...”
    Bəli, hər bir yurddaşımıza, kəlbəcərlimizə, onu tanıyanlara əziz olan dəyərli dostumuzu, Birinci Qarabağ müharibəsində Kəlbəcər özünümüdafiə batalyonunu yaratmış və onun şanlı, əfsanəvi komandiri olmuş, ömrünün son günlərinədək Sumqayıt Narkodispanserinin baş həkimi, misilsiz həkim-psixiatr… dostumuzu, əzizimizi itirdik…
    Sosial şəbəkələrdə bununla bağlı o qədər informasiyalar yayıldı ki. Axı, qara karvanın “atı yeyin olur”,-deyirlər. İçimdən bir ağrı baş qaldırdı: “Nyə axı, bu günü gözləyirdik?! Niyə biz Kamil Mehtiyevi (elə Tahir Mehtiyevi də) və onun vətənpərvər döyüşçü-kəşfiyyatçılarımızı unuduruq?! Buna layiq deyillər axı.
    Kəlbəcərin yazar əllərindən biri olmuş , həmkarım, qələm və ürək dostum Famil Müseyibovun sosial şəbəkədə yazdıqlarını da ürək ağrısı ilə oxuyuram: “Dünən gecə bu acı xəbəri alan kimi, dostumuz İlqar Quliyevə havalı, ümidsiz… bir ismarıc yollaya bildim: "İlqar, noolar, yaz ki, bu xəbər yalandır…”
    İnanmağım gəlmirdi. Heç indi də inana bilmirəm…
    Allah rəhmət eləsin, ölüm haqdı.
    Amma o HAQSIZDI ki, “Spartak KAMİL” kimi vətənpərvər, Vətən, Yurd, Torpaq fədaisi, "torpağı işğalda olan əskərə Qəhrəman adı yaraşmaz" deyə, Milli Qəhrəman fəxri adından imtina edən… bir igidimizə öz yurdunda— KƏLBƏCƏRDƏ UYUMAQ ÜÇÜN öz nəşi boyda Torpaq qismət olmasın!…
    Dəhşətlisi odur ki, artıq 5 ildi azad Kəlbəcərdə, quruculuq-tikinti-abadlıq işləri gedən, yadların, Kəlbəcərə ögeylərin, gəlmələrin, haqqı çatmayanların “Araz” marketləri, İstisu zavodu, digər biznes müəssisələri… qurulan azad Kəlbəcərdə mərhum əzizlərimizə, doğmalarımıza, o torpaq üçün 30 il həsrətdə dodaqları, ürəkləri parçalananlara, qazi və döyüşçülərimizə… uyumaq üçün bir qarış torpaq məsləhət bilinməyə!!!
    Budur haqsızlıq!
    Budur acı!..
    “SPARTAK KAMİL” kimi ilk növbədə haqqı çatanlar— VƏTƏN adamlar, KƏLBƏCƏR adamlar Yurd torpağına əli uzalı, ruhları ağrılı, gözləri həsrətli köçələr bu dünyadan və Bozdağın dibində, Sumqayıtın, İmişlinin… çöllərində qərib yatalar… Ağrımız, acımız, anlamadığımız— BU!!!
    KAMİLİN RUHU RAHAT OLSUN!
    Yeri behişt, məkanı cənnət olsun!
    Ölkəmizin hər qarışı VƏTƏNDİR!
    ƏLVİDA, KAMİL!
    Bizi bağışla, səni Kəlbəcər torpağına, ruhun bağlı olan torpağa qovuşdura bilmədik…”
    ***
    Nəyi yazım? Yazım ki, VƏTƏNə əsl VƏTƏN DAŞI olan “Spartak Kamilimiz” son 25 ildə Sumqayıt Narkoloji Dispanserinin baş həkimi vəzifəsində çalışarkən də, neçə-neçə gənci vaxtsız, amansız ölümün pəncəsindən xilas edib?! Bunu çoxları bilir...
    Daha bir kəlbəcərli qələm dostum Əjdər Əlisaf (İlyasov) da dost, qəhrəman eloğlu itkisindən yana-yana söz açır: “Sonuncu dəfə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təbrik edərkən təmasda oldum. Səsindən hiss etdim ki, vəziyyəti yaxşı deyil.
    Kamil həkim (“Spartak Kamil”) ilə tanışlığım 2019-cu ilin əvvəlinə təsadüf edir. Vətən həsrəti ilə qovrulduğumuz həmin vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsi üçün fikirlərimizin cəmləşdiyi, dərdimizin bölüşüldüyü Şəhidlər xiyabanı bizlərin təsəlli yeri olmuşdu.
    Birinci Qarabağ Müharibəsinin veteranlarını bir-bir itiririk - köhnə dostları, qocalar seyrəlir, cavan da gedir.
    28.01.2025-ci il tarixində daha bir dostumuzla, mənə çox əziz olan, Kamil Əmirxan oğlu Mehtiyevlə - “Spartak Kamil”lə son dəfə vidalaşaraq onun cəsədini sevdiyi torpağa əmanət etdik.
    Kamil doktor “Spartak” ləqəbini hələ ötən əsrin 70-ci illərində Tibb İnstitutunun tələbəsi olarkən, sovet rejiminin haqsızlıqlarıyla, o zamanlar universitet və institutlardakı rüşvətxorluğa, kasıb ailələrdən olan tələbələrin əzilməsinə qarşı üsyan edən zaman, KQB-nin təqiblərinə məruz qaldığı mübarizədə, ali təhsil aldığı institutun tələbə, müəllim və professor heyəti tərəfindən verilən fəxri ad kimi qazanmışdır. Ömrünü haqsızlıqlarla mübarizəyə həsr edən “Spartak Kamil” sovet imperiyasının süqutundan sonra da bu mübarizəni davam etdirmiş, 90-cı illərin əvvəlində könüllü, həkim xalatını silaha dəyişərəkŞ doğma yurdu Kəlbəcərə qayıtmış və könüllülər batalyonuna ləyaqətlə komandanlıq etmişdir. Hər zaman öz fərdi düşüncə və əməlləriylə seçilən “Spartak” döyüş meydanında da cəsur komandir kimi tanınmış, o zamankı ölkə rəhbərliyi tərəfindən Azərbaycan Rrespublikasının Milli Qəhrəmanı adına təqdim edilsə də, bu addan könüllü imtina edərək demişdir: “Yurdu işğalda qalan oğul Milli Qəhrəman ola bilərmi?!”
    Kamil həkim uzun müddət, 2000-ci ildən dünyasını dəyişdiyi vaxtadək Sumqayıt şəhər Psixiatrik Xəstəxanasının baş həkimi vəzifəsində təmiz adla, insansanlıq ləyaqətiylə çalışdı və 20 ildən artıq idi ki, xərçəng xəstəliyiylə mübarizə aparırdı.
    Kamil Kəlbəcər təbiəti kimi saf, havası kimi təmiz, bulaqları kimi qəlblərə axan, şəfa verən bir insan idi.
    Bu da son...
    Ruhun şad, məkanın cənnət, axirətin gözəl olsun, əziz qardaşım. Yoxluğunu düşünmək çox çətindir, qəbul etmək mümkün deyil, Allah rəhmət eləsin!
    ”Kəlbəcərə Qayıdış” İctimai Birliyinin bir qrup üzvünün “Spartak Kamil”in dəfn mərasimində iştirak etməsi, ən azı, təqdirəlayiq haldır. Çünki bu birliyin üzvlərinin bir çoxu məhz vaxtilə Kəlbəcərin müdafisində duran könüllülərdir. Dəfn mərasimində məzar başında çıxış edənlərdən Ramiş Abışov, Əjdər Əlisaf (İlyasov), Müzəffər Əliyev və digərləri “Spartak Kamil”in dostlarının yaddaşına əbədi yazıldığını bildirdilər.
    Təəssüfedici hal o idi ki, bu birlıiyin üzvlərindən (təmsilçilərindən) başqa, rayon ictimaiyyətinin tanınmış simalarının matəmdə iştirak etdikləri gözə görünmədi.
    Yerin behişt olsun, əziz qardaşım! Kəlbəcərdə sizə verdiyim sözü bu gün də tuturam: Siz kəlbəcərli könüllülər VƏTƏNİN DAİMİ ƏSGƏRLƏRİ-GENERALLARISINIZ!
    Yeriniz behişt olsun! Son qəmin olsun, Vətənin bir parçası - KƏLBƏCƏRİMİZ!
    VƏTƏN torpağının hər qarışı ana qucağıdır, Kamil Əmirxan oğlu! Rahat uyu ki, Kəlbəcərimiz azaddır və ziyarət etdiniz!

    Məhəmməd Nərimanoğlu,
    “Yenilik-press” qəzetinin baş redaktoru,
    Bakı, 30 yanvar 2025-ci il.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ