Möhürbənddən deyil, ilk bənddən tanınan müəllifSəməndərli, bitməyibdi pillələr, səninkidir o görünən zirvələr
Ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünü kökü tarixin minillik qatlarına uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagürüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bugünümüzə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor nümunələri, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi-bədii nümunələr daxildir. Təsadüfi deyil ki, böyük fikir sahiblərinin, söz sərraflarının, ədəbi nəslin klassik nümayəndələrinin yaşadığı dövrlərdən bizi ayıran zaman məsafəsi dəyişdikcə onların yaratdıqları elmi-fəlsəfi, ədəbi-bədii sənət nümunələri formalaşaraq zənginləşir və öz dəyərini artırır.
Dastan və nağıl dilli ozanlarımızdan bizlərə, sonrakı nəsillərə qalan yadigarlar təkcə onların ardıcılları deyil, həm də şeir-sənət nümunələridir. Axı, klassik aşıq şeirləri məhz onlara məxsus olub. Folklorumuzdan başlayan bu ulu yolu nurlandıran da məhz səslə sözün bir sinədən qopmasıdır.
Bu gün davam etdirilən həmin ənənə, min illər bundan sonra da yaşayacaq və öz təravətini qoruyub-saxlayacaq. Ona görə ki, yalnız yaradıcı aşıqlar deyil, poetik dünyanın ədəbi simaları da həmin milli ənənənin keşikçiləri kimi yazıb-yaradırlar. Yeni nəsil şairlərimizin yaradıcılığında klassik aşıq şeirlərinin geniş yer alması da bunu təsdiqləyir. Çünki milli-mənəvi sərvətlər xalqın tarixi keçmişini, onun zəngin mədəni irsə malik olduğunu təsdiqləyən faktlardandır.
Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çulğayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Sözün lətafətinin su kimi qəlblərə, duyğu olub könüllərə axmasının fərqinə onda varırıq ki, sinəmiz məlhəm sözün təşnəsinə çevrilir. Sözün məlhəmi onun kəsəri qədər olanda özünə “uzunömürlülük vəsiqəsi” qazanır, fərq eləməz, həmin söz nəzmə çəkilsin, yaxud nəsrin dili ilə deyilsin.
Son illər müxtəlif nəşriyyatlarda çeşid-çeşid kitabların çap olunması təqdir olunasıdır, baxmayaraq ki, həmin bolluğun içərisində Baş sözün yanında boş sözlər daha çoxdur. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsərlər”in “müəlliflər”i xalqımızın söz salnaməsini yaratmaq məsuliyyətini daşımaq qabiliyyətində deyillər.
Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların üzərinə düşüb. Belə söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlarda yaşayıb, klassikləşiblər, ədəbi söz mülkünün sahibinə çevriliblər.
Klassiklərimiz də deyib ki, mayası halallıqdan, ruhdan tutulanda o, Baş sözə çevrilir. Elmi ədəbiyyatın söykəndiyi, barınıb-bəhrələndiyi şifahi xalq ədəbiyyatı inciləri zaman-zaman araşdırılsa belə, bu gün də təhlilinə ehtiyac duyulan folklor nümunələrimiz ədəbi-bədii, mill-mənəvi sərvətimiz, tükənməyən xəzinəmiz kimi bəşər övladını təəccübləndirməkdədir. Çünki qaynaqları (“bulağın gözündən süzülüb gələn mirvari inciləri yerin yeddi qatından çıxar”) əsrlərin, nəsillərin yaddaşından süzülüb gəlir.
Şifahi xalq ədəbiyyatı yaradıcılarından olan ozan-aşıq, yanşaq və ya varsaqlar dədəlik titulunu qazanana qədər ustad yolu keçib, usiadnamələr müəllifi kimi tanınıblar. Əlbəttə, onların heç də əksəriyyəti ustadnamə yazmaya bilərdi, lakin toy-düyünlərdə, el şənliklərində ustadlarından ustadnamə söyləməmələri mümükün deyildi. Divani ilə açılan məclisin müxəmməslə başa çatması sanki bir dərs idi. Ümumiyyətlə isə ozan-aşıq sənəti ustadlarından bugünümüzə ədəb-mərifət, mədəniyyət, əxlaq dərsləri gəlib çatıb ki, yeni nəslin tərbiyəsinə, soy-kökünə bağlılıq prinsipi baxımından onların böyük əhəmiyyəti var.
Əsl mənada Sözün nazını çəkən, cəfasına dözən, əlindəki qələmini sinəsində telli sazla qoşalaşdıran, coşqun və poetik nitqin zirvəsindən boylanan, təkcə Sözün əsgərinə, sərkərdəsinə çevrilməyən, həm də onu poeziya zirvəsinə aparan yollara nur çiləyən, keçdiyi əzablı, məşəqqətli dolaylar xarakterində əzmkarlıq, bütövlük, həmçinin əlavə bir gözəllik də formalaşdıran, yaşadıqları yaşamağa macal verməsə də, Sözün yaşamasını və məlhəmə çevrilməsini varlığından çox istəyən, klassik şeir növünü ruhun laylası sayan, böyük Türk dünyasının sevimlisi kimi tanıdığım Bəradər Səməndərlinin qəlbinin işığınqa bir yol başladım ki, bəlkə mən də qəlbən, ruhən bir qədər paklaşım, durulaşım...
Vüqar və əzəmətini təkcə xarakterində deyil, Vətəni və xalqı, nəhayət, Türk milləti qarşısındakı xidmətlərində belə göstərən bir qələm dostumun bədii yaradıcılığı barədə beş-üç kəlmə yazmaq mənim çoxdankı arzum və mənəvi borcum idi. Sağ olsun ki, bu günlərdə mənə yeni kitabının nəşrə hazırlandığını xatırlatdı.
Yenə də gecikdiyimi anladım. Mən onun jurnalist olaraq fəaliyyətini daim izləyən bir həmkarı kimi qabiliyyətinə, publisistikasına bələd idim. Çox da ki, o, məndən yaradıcılığından nəsə yazmağımı ummayıb. Amma, mən daxilən bunu istəmişəm axı. Baxmayaraq ki, onun, özüm kimi, jurnalistika ilə məşğul olduğunu bilmişəm, lakin aradabir məclislərdə şeirlə fikrini ifadə edəndə duymuşam ki, yanılıram, Bəradər qardaşımın daxilində “qütbləşmə” var. Şair Bəradərlə jurnalist, qəzetçi Bəradər illərdir ki, mübarizə aparır. Nə yaxşı ki, biri digərini “blok”a salmır.
Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən jurnalistlərimizdən biri kimi onu görmüş, müxtəlif tədbirlərdə şəxsiyyətinə necə hörmət qoyulduğunun dəfələrlə şahidinə çevrilmişəm.
Türk dünyasının, həm də Şərqin klassiklərini dərindən mütaliə etməsi onu ədəbiyyat aşiqinə çevirib.
Deyirəm bəlkə, hələ bədii yaradıcılıq nümunələrinə-şeirlərinə nəzər salmamışdan öncə, özünü, bir şəxsiyyət kimi təqdim edək. Elə isə jurnalist Bəradər Səməndərlinin bioqrafiyasını vərəqləyək.
Xanəliyev Bəradər Seyfulla oğlu (Bəradər Səməndərli) 1966-cı il oktyabr ayının 10-da Saatlı rayonunun Məzrəli kəndində anadan olub. 1973-83-cü illərdə Məzrəli kənd orta məktəbini bitirib. 1983-84-cü illərdə Saatlı rayonu 184 nömrəli Texniki-Peşə Məktəbində "Elektrik və qaz qaynağı" peşəsinə yiyələnib. 1984-86-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-87-ci illərdə Saatlı rayonunun "Vətən" kolxozunda ilk əmək fəaliyyətinə başlayıb. 1987-89-cu illərdə isə Saatlı rayonundakı Kolxozlararası Təmir-Tikinti İdarəsində ən ağır işdən yapışıb: fəhlə işləyib.
Nə olsun ki, tale onu ilk gündən ağır sınaqlara məruz qoyub. Lakin Tanrısı onu digərlərindən seçib: qələmi ilə qəlblərə yol açıb: 1989-91-ci illərdə Saatlı rayonunda çıxan "Dönüş" qəzetində işə dəvət edilib, baxmayaraq ki, o vaxta qədər - Bəradər Səməndərli imzasını təsdiqləyənədək o, mətuatda olmamışdı. 1991-93-cü illərdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının göndərişi əsasında Ural İqtisad Kollecinə qəbul olunaraq, "Kiçik biznesin hüquqşünası" fakültəsini bitirən bu qələm sahibi, eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin nəzdində fəaliyyət göstərən Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1993-cü ildə sənədlərini AFTK-ə (Azərbaycan Fasiləsiz Təhsil Kompleksi Açıq Universiteti) verərək, beynəlxalq jurnalistika fakültəsinə (Futroloq) qəbul olunub. 1998-ci ildə həmin ali təhsil ocağını da bitirib.
Qardaşımız ailəlidir, 3 oğul atası olan Bəradər bir cox mətbu orqanlarında, eləcə də Azərbaycan Radiosunda (Azteleradioda) fəaliyyət göstərib. Əslində, harada çalışıbsa, orada bir istedad sahibi olduğunu aşkar ediblər.
2003-cü il may ayının 10-da hazırda rəhbərlik etdiyi “Atribut” qəzetini, 2015-ci ildə isə "Atributinfo.az" saytını təsis edib. Beləliklə, o, peşəkar mətbuat camesində özünün də ayrıca dəst-xətti olan bir media qurumunun başçısı kimi tanınıb.
Ədəbi yaradıcılığa 1983-ci ildən gəldiyini deyir. Hələ ötən əsrin səksəninci illərində Saatlı rayonunda çap olunan “Dönüş” qəzetində ardıcıl şeir, məqalə, hekayələri işıq üzü görəndən oxucu sevgisini qazanıb. Maşallah olsun, bu günədək mindən çox məqaləsi müxtəlif qəzet-jurnallarda dərc edilən jurnalist Bəradər Səməndərlinin 5 kitabı da işıq üzü görüb ki, onlardan 3-ü ədəbi-publisistik yazılarından, 2-si isə şeirlərindən ibarətdir.
Hələ bütün bunlar redaktor Bəradər Səməndərlinin yaradıcılığının hamısı demək deyil. Onun özü də iki kitabın redaktorudur.
Bəradər Səməndərlinin bədii yaradıcılıq mümunələri sıradan bir oxucu sevgisi qazansaydı, bəlkə də o, bu qədər poeziyaya ürək verməzdi-bağışlamazdı. O, fəxr edir ki, ilk şeirlər kitabına (“Hər şey məhəbbətdən başlanır”) Məmməd Araz kimi dahi, sözü səsindən gur eşidilən ilahi varlıq, ikincisinə isə (“Bu dünyaya imtahana gəlmişik”) çox hörmətli akademik, ədəbiyyatın bədiiyyyatına bir az da şirinlik qatan Nizami Cəfərov xeyir-dua verib. Yaradıcı isləri davam edən şair qardaşımızın nəşrə hazırlanan növbəti "Qaytar məni gəncliyimə" adlı kitabına ön söz yazmaq kimi bir şərəfə layiq görülürəmsə, nə xoş mənə...
Azərbaycan Jurnalistlər və Yazıçılar, eləcə də Azərbaycan Ziyalılar birliklərinin üzvü, “Qızıl Qələm” ali media mükafatı laureatı adına layiq görülən Bəradər Səməndərlinin poetik dünyasına boylanmaq məqamı yetişdi.
Yaxşı bilirik ki, klassik aşıq şeir növlərindən olan təcnis ustadları sınağa çəkən şeir növlərindən biridir. Onu hər ozan, şair yaza bilməyib. Xüsusən, ifaçı aşıqlar təcnisi “Təcnis Alı”ya, Dədə Ələsgərə... bağlayıblar. Lakin günümüzdə də elə dəyərli təcnis yazanlarımız var ki, saymağa ehtiyac yoxdur.
Bəradər Səməndərlinin də təcnis yazmaq qabiliyyəti olmasını təsdiqləyən bir nümunəyə baxaq:
Yamacda yurd saldın, yenə tapdasan,
İtirsən özünü bacar, tap asan.
İlanın quyruğun əgər taptasan,
Çevrilib o səni saz çalar, çalar.
İblis nəfsimizə rəhmət kinləmiş,
Çalış, el dilinə rəhmətinlə düş.
Hərdən gitaranı rəhmətlik Rəmiş,
Görərdin kökləyər, saz çalar, çalar.
Hələ yetişməyib göycə, güldümü,
Heç tut da dəyməyib, göy çəkildimi?
“Kərəmi”, “Dilqəmi”, “Göyçəgülü” nü
Bəradər, ozanlar, sazçılar çalar.
Əslində, mən gərək şair qardaşımın divanisi ilə başlayaydım bu yazımı. Çünki ustadlar məclisi ustadnamə ilə başlayardılar. Şairlərimiz də klassik şeir növlərində qələmlərini sınayanda divanidən, təcnisdən başlayıb, qoşmaya, gəraylıya, müxəmməsə keçirlər.
Mənim üçün maraqlı o oldu ki, bu klassik şeir növlərinin hamısına Bəradər qardaşımın yaradıcılığında rast gəlmək mümkündür. Bəlkə də yaradıcılığının əsasını təşkil edir bu ustad yollu şairimizin. “Oynayır” rədifli divanisi bu baxımdan olduqca diqqətçəkəndir:
Çərxi-fələk tərsə dönüb, ayaq başda, baş ayaqda,
Başsız bədənlər qoymayır ömrü rahat yaşayaq da!
İndi qəssabxanalarda bahalasıb baş-ayaq da,
Bunlar oyun meydanında durub xaş kimi qaynayır,
Oynamayanlar utanır, utanmayanlar oynayır.
Nişan taxıb, toy eyləyir dəbdəbəli, itlərinə,
Həkim-cərrah yiyə çıxır sonda qızıl küplərinə.
Qarın doysa da, göz doymur, girib xalqın ciblərinə,
Dünya malın iki əlli qamarlayanlar oynayır.
Oynamayanlar utanır, utanmayanlar oynayır.
Fırıldaqla baş qatanlar yüksək kürsülərdədilər,
Maskalı soyğunçudular, qara rəngli pərdədilər.
Bu ləkəli oyunları, qoşa düşən zər nə bilər,
Qalxdığı ağacın kökün mişarlayanlar oynayır.
Oynamayanlar utanır, utanmayanlar oynayır.
Çıxma zilə Səməndərli, bəmin sığortandı sənin,
Təbin coşmamışdı hələ bu qədər coxdandı sənin.
Batanda əl uzatdığın xidmətini dandı sənin,
Əsəbinlə kişiliyi bacarmayanlar oynayır.
Oynamayanlar utanır, utanmayanlar oynayır.
Mən, əslində, şair qardaşımın poeziya nümunələrinin bəzilərinin bir bəndini verməklə, fikrimi təsdiqləyə bilərdim. Lakin, şair şeirlərində misraları, bəndləri elə bənd edib ki, bir-birinə, onları ayırmaq Arazla Azərbaycanımızı paralamaq qədər ağrılı olardı. Ona görə də şeirlərinin bəzilərini bütöv şəkildə verməyə məcburam.
Onun belə dəyərli ədəbi nümunələrini oxuduqca gəldiyim qənaət belə oldu: Bəradər Səməndərlinin Azərbaycan və ümumiyyətlə, Türk ədəbiyyatına, Şərq poeziyasına göstərdiyi tükənməz məhəbbət, azalmayan sevgisi adını şərəflə yaşadacaq. Tükənməz həyat eşqinə, geniş yaradıcılıq diapazonuna, fenomenal hafizəyə, dərin ensklopedik biliyə, güclü iradəyə, qeyri-adi zəkaya malik olan şair Bəradər Səməndərlinin ədəbi-bədii yaradıcılığı istər Şərqdə, istər böyük Türk dünyasında, Turan ellərində, istərsə də doğma xalqının ədibləri, şair və yazıçıları, elm xadimləri tərəfindən daim yüksək qiymətləndiriləcək.
Bəradər qardaşımın yaradıcılığı iki cəhəti ilə seçilir: şifahi xalq ədəbiyyatı nümunələrindən olan aşıq şeiri ənənələrindən qaynaqlanması və keçmişlə müasirliyin sintezini yarada bilməsi. Sərbəst vəzndə də qələminin bədiiliyi təsdiqləyir ki, o, həm də gənc şairlər sırasındadır.
Mövzudan asılı olmayaraq, öz yaradıcılığında ölümü öldürmək eşqi ilə yazıb-yaradan şairimizi cəmiyyətdəki antipodlara qarşı barışmazlığı da digərlərindən fərqləndirir, məncə. Bunlardan sonra deyim ki, o, məhəbbət mövzusundakı şeirləri ilə də oxucularının qəlbinə yol tapıb və beləliklə uca Tanrıdan şairlik rütbəsinin halallığıını alıb.
Yuxarıda qeyd etdim ki, Bəradərin şeirləri klassikadan başlayaraq, modern ədəbi nümunələrədək yol keçib. Bir yeddiliyi də onu təsdiqləyir:
Qaş çəkilib, tarımdı,
Bu kaman, bu tarımdı.
Şeir göz yaşlarımdı,
Yanan qəlbi isladır.
İnsan xəstə yatanda,
Sanki sökülmür dan da.
Günəş də vaxt çatanda
Qürub eyləyir, batır.
Qan damarda donanda,
Çan bazarda qalanda;
Dərdə əlac olanda,
Zəhər özü bal dadır.
Hərçənd bura vətəndir.
Daha bir fərqlilik: Bəradərin yaradıcılığında mövzu rəngarəngliyi xüsusilə diqqəti cəlb edir. Şeirlərinin mövzuları rəngarəng olsa da, onları birləşdirən oxşar bir cəhət də var. Bu da bütün şeirlərin eyni məhəbbət və sevgi ilə qələmə alınmasıdır.
Torpaq bizim deyil, bizik torpağın,
Besiyi torpaqdı xəzan yarpağın.
Yetişir növbəsi ixtiyar çağın,
Gün dönür, qaralır qaş, qocalıram,
Yaş üstə gəldikcə yaş, qocalıram.
Bu beşlik qoşmadakı fəlsəfədə nələr yoxdur ki?! Söhbət qətiyyən qocalıqdan getmir. Bu, həyat-yaşam fəlsəfəsidir. Bənzətmələr də öz yerində. Təhlilə ehtiyac yox.
Müqəddəs sözlər müqəddəs şəxsiyyətlərimizə və müqəddəs varlıqlarımıza məxsusdur. Vətəni necə sevməyi öyrədən, torpaqlarımızın bütövlüyü uğrunda mücadiləni, şəhidlərimizi və şəxsiyyətlərimizi öz şeirlərində tərənnüm edən Azərbaycan oğlunun, Mil-Muğanın yetirməsinin bütövlükdə Türk dünyasına və Türk aləminə olan məhəbbəti bitməz və tükənməzdir. Bütöv Azərbaycan arzulu Bəradərin eşqi, divanəliyi, sevgisi şeirdir. Buna görə mən də ona müqəddəs varlıq kimi yanaşıram.
Beşikdi, məzardı Vətən torpağı,
Bu qədər sevirik nədən torpağı?
Torpaq bədənindi, bədən torpağın,
Bəsləsək də kəhkəşanın içində,
İtiririk bircə anın içində.
Bu bəndi də məhz ondan yuxarıdakı fikrimə dayaq üçün nümunə göstərirəm.
Əziz oxucular, məni qınamayın. Bu şeiri də “paralaya” bilmədim. Yoxsa məzmunu izah edə bilməyəcəkdim. Görün klassik aşıq şeirlərini, modern ədəbi nümunələrini də bizə ərmağan edən şairimiz necə gözəl yaşadır öz yaradıcılığında. Bu, Dədə Qorqud yaşlı ustadnamədir.
İnsanın çəkisi sözundən keçir,
Ocağın həniri közündən keçir.
Lap götür iynənin gözündən kecir,
Dəvənin adına dəvə deyirlər.
Dağa Tanrı demə, ona əl çatır,
Bu sözun altında gör nələr yatır.
Xalçanın adı da elə xalçadır,
Palaza, kilimə gəvə deyirlər.
Uşaq ağsaqqala dərs keçir, əfsus,
Böyük danışanda demirlər ki, sus!
Hər elin, mahalın özünəməxsus
Danısıq dilinə şivə deyirlər.
Sağaltmaq çətindi söz yarasın da,
Yuyanlar nə çoxdu üz qarasın da.
Babalar, nənələr söz əsnasında,
Övladdan şirindi nəvə, deyirlər.
Nəvələr bağçanın barı kimidi,
Heyvası kimidi, narı kimidi.
Ağ saçlar dağların qarı kimidi,
Qapqara saçlara şəvə deyirlər.
Sanmayın Bəradər danışmır, laldı,
Axirət imtahan, dünya sualdı.
Nənə nəsihətin yadına saldı,
Cırtdan rast gələndə divə, deyirlər.
Poeziyanı nəsrdən ayıran onun fikri yığcam ifadə etmək imkanı olmasındadır,-deyirlər. Mənə elə gəlir ki, nəsrdə fikri ifadə etmək imkanları daha çoxdur. Bir bənd şeir bir romanı ifadə edə bilirsə, şairliklə yazıçılıq arasındakı fərq göz önündədir.
Mən burada əslində, jurnalist Bəradərlə şair Bəradər Səməndərlini üz-üzə qoymaq istəyərdim. Görək, gündüzlər jurnalistika ilə məşğul olub, balalarına çörək-əppək qazanan Bəradər Xanəliyevlə ilə gecənin bir aləmində
Səməndərli, bitməyibdi pillələr,
Səninkidir o görünən zirvələr.
Sinəmə qəm toxuyanda ilmələr,
Dost kədərli, düşmən isə şən oldu,
Saçlarıma vaxtsız düsən dən oldu,-
deyən şair Bəradər Səməndərlinin hansı daha çox iddialıdır. Mən jurnalistikası ilə yaxından tanış olduğum Bəradər, deyəsən vallah şair Bəradərə borcludur. Çörəyi qələmlə yox, qəlblə də qazanmaq olar, amma şeiri qələmdən öncə qəlblə yazırlar, qardaşım. Poeziyanla tanışlıqdan sonra səni daha çox şair kimi təqdim etmək keçdi könlümdən, yanıltma məni. Yaradıcılığındakı paralellikləri unutmuram. Lakin, sən sözün əsl mənasında ilahi vergili, təbli şairsən. Sən şeirsən, şeir də səndir. Bir-birinizə pənah gətirmisiniz. Hər ikinizin də pənahı Ulu Tanrımız olsun! Yaradıcılıq yollarında şölənənən ürəyini, qəlbini, qələmini Yaradan yormasın…
Bakı, 22 yanvar 2025-ci il
