Sizin reklam burada
Sizin reklam burada

Yubileyin mübarək qardaşım Akif Təvəkküloğlu!


İnsan Tanrı hikməti,
Bu sirr xeyli dərində.
Yaş üstunə yaş gəlir
Ömür pillələrində.

Pillələr qaldırırlar,
Pillələr endirirlər.
Nədən bu nərdivanda
Gül qədər gün görürlər?

Ömür dediyin sayğac
Bir udumluq nəfəsdi.
Ruhun qərar tutduğu
Cəsəd, bağlı qəfəsdi.

Eniş-yoxuşdan keçir,
Yoxdu yolun rahatı.
Üzümüz qibləyədi,
Yolumuz dərgahadı.

Məkan axirətdədi,
Akif, hələ kandayıq.
Hesabatdı sonumuz,
Hər gün imtahandayıq.

Büsbütün sınaq imtahanlarını yaşadığımız fani həyat o qədər qısadır ki, gözümüzu yumub açanda görurük yaş sürət qatarı tək gəlib çatdı yarıya. Elə bu andaca kovrək baxışlarla arxaya dönüb nəzər salırıq; nələri itirdik, nələri qazandıq sualı dayanır qarşımızda. Həəə, əsas məsələ də elə budur. Onsuz da əyləci əlimizdə olmayan ömur qatarı saniyəbə-səniyə şütüyüb getməkdədir. Həyatdan qazancımız isə son
mənzilə bizi anbaan yaxınlaşdıran bu qatarda yeganə təsəllimizdir. Bu qazanc heç də duyumlu, anlamı insanlar ücün dünya malı ilə, pul-parayla, ötəri şan-şöhrətlə ölçülmür. Ən boyük qazanc Tanrı sevgisi, ata-ana məhəbbəti, insanlıq nümunələri, ətrafındakı insanlarla qarşılıqlı dostluq-sədaqət atributları, Vətəninə, xalqına vicdanla xidmət, nəhayət layiqli oğul-uşaq sahibi olmaq, gözəl ailə başçısı olmaq, özündən sonra yolunu, irsini davam etdirəcək ismətli, həyalı övlad yetişdirməkdir. Bax, insan o zaman özünü həyatda xoşbəxt sana bilər. Belələri gələcək nəsillərə daim örnək olubdur.
Haqqında söz açacağım dostum, həmkarım və cox da geniş təqdimata ehtiyac duymadığım Akif Təvəkküloğlu məhz bu mənada həyat məktəbinin sınaqlarından daim alnı açıq, üzü ağ çıxan Tanrının sadiq bəndələrindəndir. Ömrünün 60-cı pilləsində qərar tutan dəyərli həmkarımla görüşüb müsahibə də ala bilərdim, ancaq onu yaxından tanıdığıma, uzun illərin dostları olduğumuza və bu mənada həyat bioqrafiyasına yetərincə bələd olduğuma görə buna lüzum duymadım...
Akif özünə məxsus dünyası olan, yaşadığı ömrün hər anını duymağı, dərk etməyi bacaran, kicik nöqsanlardan hətta, yerindəcə nəticə çıxarmağı bacaran, insanlara pozitiv duyğularla qaynayıb-qarışan, gələcəyinə qəlbinin bəsirət aynası ilə işıq salmağı bacaran, ziyalılığını qoruyub saxlayan, çəkisini bilən, ətrafındakıları xarakterizə edərək doğrü-dürüst qərar çıxarmağı bacaran, dövlətini, millətini, Vətənini, torpağını, ürəkdən sevən, dövlət başçısının apardığı cevik və diplomatik siyasəti əməli şəkildə dəstəkləyən, novator ziyalı, gözəl söz adamı, ən əsası numunəvi ailə başçısıdır.
Onun yüksək keyfiyyətlərindən biri də özünü qarşısındakının yerinə qoymaq bacarığı və dosta sədaqətidir.
Akif Təvəkküloglu barəsində yazımın əvvəlində qeyd etdiyim kimi geniş tanışlığa ona görə ehtiyac duymuram ki, ölkə ictimaiyyəti, media numayəndələri bu insanı yetərincə tanıyır və zamanında qimətini, dəyərini də veriblər.
Bu yazı da mənim dost sozümdür. Hacansa, yaşadıgı ömrün arxivini gözdən kecirəndə Bəradər Səməndərli imzası da nəzərindən yayınmayacaq yəqin ki...
Şair dili ilə desəm,

"Yetmişində batma yasa,
Vaxtsız ələ alma əsa.
Hər kim yüz il yaşamasa,
Gunah onun özündədi."

Bu gün dəyərli dostumuz Akif Təvəkküloğlu 60 illik yubileyini qeyd edir. 100 illiyini də bu təravətdə sağlıqla qeyd etmək nəsibi olsun Akif qardaşımın.
Elə bu məqamdaca onun tərcümeyi-halından qısa sətirləri yazıya əlavə etmək könlümdən keçdi;
Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabr ayının 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.
Əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. O, 1981-ci ildə Azərbaycan Dövlət (indiki Bakı Dovlət) Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. Mətbuata, jurnalistikaya olan meyli və istedadı onu bu sahəyə gətirib. Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-2020-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin mətbuat xidmətinin rəhbəri olmuşdur. Hal-hazırda Azərbaycan Respublikası Həmkarlar İttifaqları konfederasiyasında ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalısır. Dövlət qulluqçusu, 3-cü və ardınca 2-ci dərəcə dövlət müşaviri, Əməkdar jurnalistdir.
Yazını Akif Təvəkküloğlunun özü qələmə aldığı "Xatirə ömrü" şeirindən bir bəndlə yekunlaşdırmaq istəyirəm:

İllər ötür, saçlara qar ələnir,
Ayım, ilim sevgin ilə bələnir.
Ömür bitir, son mənzilə dirənir,
Bəs, bir ömür hardan, hara qədərdi?
Mənim ömrüm xatirələr qədərdi.

Uca Tanrı tərəfindən bəxş olunan acılı-şirinli bütün ömrü boyu insanlara, insanlığa, gerçək həyata, saf duyğulara, dövlətinə, millətinə, dövlət rəhbərinə, eləcə də başçılıq etdiyi ailəsinə, övladlarına qəlbən bağlı olan yubilyarı
bir daha ürəkdən təbrik edir, davamlı həyat və fəaliyyətində daim yüksək uğurlar, möhkəm can sağlıgı arzulayıram.

Bəradər Səməndərli
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ