QARABAĞ NUR ALDI HAQQ GÜNƏŞINDƏN
Torpaqlar uğrunda qanlı döyüşdə,
Neçə yaralı var, neçə şəhid var.
Bir amal uğrunda şanlı yürüşdə,
Şirin canlarından keçdi oğullar.
Qorxuda bilmədi heç nə onları,
Düşməni məhv edib diddi igidlər.
Heç vaxt atmadılar bir addım geri,
Yalnız irəliyə getdi igidlər.
Susmadı əllərdə silahlar bir an,
Təşvişə düşərək qaçdı yağılar.
Özgə torpağına göz dikənlərin,
Bilin ki, xanəsi belə dağılar.
Əl çəkə bilmədi iblis felindən,
Günahsız insanlar hədəf seçildi.
Hər dəfə bəd əməl, bəd niyyətiylə,
Düşmən cılızlaşdı, düşmən kiçildi.
Xalqım məğrur durdu, məğrur dayandı,
Qıra bilmədilər iradəsini.
Ali Baş Komandan polad əzmiylə,
Dünyaya çatdırdı haqqın səsini.
Qayıtdı birbəbir torpaqlar geri,
Qarabağ nur aldı haqq günəşindən.
Indi asılıbdlr zəfər bayrağım,
Odlar diyarının hər güşəsindən.
İmtahandır bu dünya
Yaradıbdır Yaradan,
İmtahandır bu dünya.
Yaxşı,yaman sarıdan,
İmtahandır bu dünya.
Sirrdi yaradılışı,
Hələ bilinmir yaşı.
Var kədəri, alqışı,
İmtahandır bu dünya.
Hər kəsi sınamaqçün,
Kimsəni qınamaqçün.
Gələn hər an günbəgün,
İmtahandır bu dünya.
Bəllisi nə bu sirrin,
Düşünürük çox dərin.
Həm acıdır, həm şirin,
İmtahandır bu dünya.
Ey Adəm övladları,
Bizə köməkdi Tanrı.
Yaxşı bilək bunları,
İmtahandır bu dünya.
