Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi və şəhidlər xiyabanında Azərbaycan dövlətinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.
Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları, ictimaiyyət nümayəndələri və polis veteranları iştirak edib.
"Atributinfo.az" məlumat verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbirdə çıxış edərək bildirib ki, bu gün yüksək peşəkarlıq, vətənpərvərlik və qanunun aliliyinə sadiqlik prinsipləri ilə fəaliyyət göstərərən Azərbaycan polisi dövlətçiliyimizin əsas dayaqlarından biri, qanunun aliliyinin, ictimai-asayişin və vətəndaş təhlükəsizliyinin etibarlı təminatçısı olmaqla ölkədə sabitliyin qorunmasına, cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə mühüm töhfələr verir.
Azərbaycan polisinin müasir inkişaf mərhələsi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi dövründə daxili işlər orqanlarında əsaslı islahatlar həyata keçirilmiş, polis orqanlarının peşəkarlığının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və hüquq-mühafizə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
RİH başçısı Elvin Paşayev tərəfindən qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi yeni inkişaf mərhələsinə qədəm qoymuş, hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmişdir. Ölkə rəhbərinin müəyyən etdiyi təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunması, ictimai asayışın təmin edilməsi və cinayətkarlığa qarşı effektiv mübarizənin gücləndirilməsi olmuşdur. Bu məqsədlə ölkəmizdə polis əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi və xidmət şəraitinin yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər həyata keçirilmişdir.
Qeyd edilib ki, Vətən müharibəsi Azərbaycan Polisinin şərəfli fəaliyyət tarixində yeni qəhrəmanlıq səhifələri açıb. Polis əməkdaşları həm döyüş bölgəsində, həm də arxa cəbhədə üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək tarixi Zəfərin qazanılmasına öz layiqli töhfələrini veriblər. Rayon İcra Hakimiyyətinin başçısı peşə bayramı münasibətilə polis veteranlarını və xidmətdə fərqlənən polis əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Qax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Qarayev və Rayon Prokuroru Rəşad Bəşirov, Azərbaycan Polisinin keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolundan söz açmış, dövlət başçısının polis əməkdaşlarına göstərdiyi diqqət və etimadın onların gələcək işlərində də məsuliyyətini daha da artıracağını və Azərbaycan Polisinin, dövlətimizin və xalqımızın keşiyində ayıq-sayıq dayanacağını və ölkəmizin təhlükəsizliyinin, sabitliyinin qorunmasına öz töhfəsini verəcəklərini vurğulamışlar.
Tədbirin sonunda Azərbaycan Polisi Günü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə və polis veteranlarına ünvanladığı təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb, xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Qax Rayon İcra Hakimiyyəti və Qax Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən təltif olunub.
Bəradər,
Zahir
"Atributinfo.az"
