Sizin reklam burada
Sizin reklam burada
  • Təhlükəsizliyin keşiyində: Onların xidməti ilə ölkə daha güvəndədir



    " Azərbaycan polisi dövlətə və xalqa sədaqətlə xidmət edən güclü hüquq-mühafizə institutudur"

    İyulun 2-si Azərbaycanda Polis Günüdür. Bu tarix təkcə daxili işlər orqanları əməkdaşlarının peşə bayramı deyil, həm də hüququn aliliyinin, ictimai sabitliyin və milli təhlükəsizliyin təmin edilməsində polis institutunun rolunu bir daha qiymətləndirmək üçün mühüm gündür. Dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmin olunması polis xidmətinin əsas missiyasını təşkil edir. Məhz buna görə də müasir dövrdə polis fəaliyyəti yalnız hüquq-mühafizə funksiyası ilə məhdudlaşmır, ölkənin təhlükəsizlik arxitekturasının ayrılmaz elementi kimi çıxış edir.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Polis gününün əhəmiyyətini ifadə edən məqamlara diqqət çəkib.

    Deputat bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daxili işlər orqanlarının formalaşdırılması və müasir standartlara uyğun inkişaf etdirilməsi dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən biri olub:

    "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, cinayətkarlığa qarşı ardıcıl mübarizə və hüquq-mühafizə sisteminin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində polis orqanlarının maddi-texniki bazası gücləndirilib, idarəetmə sistemi müasirləşdirilib, rəqəmsal texnologiyalar geniş tətbiq olunub və xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun daşıyır. Əgər bir zamanlar polis fəaliyyətinin əsas istiqaməti ənənəvi cinayətkarlıqla mübarizə hesab olunurdusa, hazırda kibercinayətkarlıq, transmilli mütəşəkkil cinayətkarlıq, terrorizm, radikalizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və informasiya təhlükəsizliyi kimi yeni risklər hüquq-mühafizə orqanlarının qarşısında daha mürəkkəb vəzifələr qoyur".

    Deputat bu baxımdan hesab edir ki, polisin fəaliyyəti operativ çeviklik, yüksək peşəkarlıq və müasir texnologiyalardan səmərəli istifadə tələb edir:

    “Son illər daxili işlər orqanlarında aparılan institusional islahatlar polis xidmətinin keyfiyyətinə mühüm töhfə verib. Elektron xidmətlərin genişləndirilməsi, videomüşahidə sistemlərinin tətbiqi, rəqəmsal idarəetmə mexanizmlərinin inkişafı, süni intellekt və analitik informasiya bazalarından istifadənin artırılması cinayətlərin qarşısının alınmasına, onların operativ açılmasına və vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edir. Polis-vətəndaş münasibətlərində şəffaflığın artırılması, müraciətlərə operativ baxılması və ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsi də hüquq-mühafizə sisteminə olan ictimai etimadı gücləndirən əsas amillərdəndir.

    Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan da daxili təhlükəsizlik məsələlərinin aktuallığını artırır. Cənubi Qafqazda davam edən siyasi proseslər, transmilli təhdidlər və qlobal təhlükəsizlik çağırışları fonunda ölkədə daxili sabitliyin qorunması strateji əhəmiyyət daşıyır. Dövlətin həyata keçirdiyi iri iqtisadi və nəqliyyat layihələrinin, enerji marşrutlarının və beynəlxalq tədbirlərin təhlükəsizliyinin təmin olunması hüquq-mühafizə orqanlarının peşəkarlığını və hazırlıq səviyyəsini daha da ön plana çıxarır”.

    A.Nağıyev hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar da polis orqanlarının fəaliyyət istiqamətlərini genişləndirib. İşğaldan azad olunmuş ərazilərdə hüquq qaydasının təmin edilməsi, dövlət qurumlarının normal fəaliyyətinin təşkili, qanunsuz silahlı fəaliyyətlərin qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması və əhalinin təhlükəsiz yaşayışının təmin edilməsi daxili işlər orqanlarının üzərinə mühüm vəzifələr qoyub. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi üçün təhlükəsiz mühitin yaradılması da məhz peşəkar hüquq-mühafizə sisteminin fəaliyyəti ilə sıx bağlıdır:

    “Azərbaycan polisi yalnız hüquq pozuntularına reaksiya verən qurum deyil. Müasir polis modeli profilaktik tədbirlərin həyata keçirilməsini, hüquqi maarifləndirməni, gənclərlə işi, ictimai əməkdaşlığın genişləndirilməsini və cinayətlərin baş vermədən qarşısının alınmasını əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.

    Polis əməkdaşlarının peşəkarlığı yalnız gündəlik xidmətdə deyil, həm də dövlətçiliyin qorunması uğrunda aparılan mübarizədə özünü göstərib. Birinci Qarabağ müharibəsindən başlayaraq 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri zamanı daxili işlər orqanlarının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi fədakarlıq nümayiş etdiriblər. Onlar həm ön cəbhədə döyüş tapşırıqlarını yerinə yetirib, həm də arxa cəbhədə ictimai sabitliyin qorunmasını təmin ediblər. Bu xidmətlər nəticəsində yüzlərlə polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb, minlərlə əməkdaş müxtəlif dərəcəli xəsarətlər alıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub”.

    Deputat eyni zamanda bildirir ki, Azərbaycan polisi təkcə ictimai asayişin keşiyində dayanan qurum deyil, həm də dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda böyük qəhrəmanlıq salnaməsi yazmış təsisatdır:

    "Hər bir polis əməkdaşının fəaliyyəti dövlətimizin təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Polisə olan hörmət dövlətə olan hörmətdir”. Dövlət başçısının vurğuladığı kimi, polis əməkdaşları qanunun keşiyində dayanır, cinayətkarlığa qarşı mübarizə aparır və vətəndaşların təhlükəsizliyini təmin edirlər. Regionda mürəkkəb geosiyasi proseslərin davam etdiyi hazırkı şəraitdə hüquq-mühafizə orqanlarının üzərinə daha böyük məsuliyyət düşür".

    Deputat əlavə olaraq vurğulayır ki, Polis Günü münasibətilə daxili işlər orqanlarının fəaliyyətinə nəzər salarkən aydın görünür ki, təhlükəsizlik yalnız hüquq-mühafizə sisteminin deyil, bütövlükdə dövlətin davamlı inkişafının əsas şərtlərindən biridir. Güclü iqtisadiyyatın, sabit investisiya mühitinin, sosial rifahın və vətəndaşların təhlükəsiz həyatının təmin olunması etibarlı polis institutunun fəaliyyəti ilə birbaşa bağlıdır.

    “Müasir çağırışlara uyğun inkişaf edən Azərbaycan polisi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin təhlükəsiz gələcəyinin təmin olunması istiqamətində öz missiyasını uğurla davam etdirir”, – deyə deputat bildirib.

    A.Nağıyev sonda Polis Günü münasibətilə daxili işlər orqanlarının bütün şəxsi heyətini təbrik edərək onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb. O vurğulayıb ki, qanunun aliliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyəti dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

    P.S. “Həftə içi” qəzeti və Hafta.az olaraq Azərbaycan Polisini, daxili işlər orqanlarının hər bir əməkdaşını peşə bayramları münasibətilə təbrik edirik.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ