YAP Qax rayon təşkilatının rəhbəri heyəti Şəhidin anım mərasimində
Sosial
29-06-2026, 18:55
49
Bu gün - 28 iyun 2026-cı il tarixdə YAP Qax Rayon təşkilatının rəhbəri heyəti tərəfindən rayonun Şəhidlər xiyabanında şəhid Fərid Mirzəyevin anadan olmasının 38-ci ildönümündə xatirəsi anılıb.
"Atributinfo.az" xəbər verir ki, Mirzəyev Fərid Namiq oğlu 1988-ci il iyunun 28-də Qax rayonunun İlisu kəndində anadan olub. 1994-cü ildə Qax rayonu Ləkit kənd tam orta məktəbində 1-ci sinfə gedib. 1996-cı ilə qədər həmin məktəbdə oxuyub. 1996–2005-ci illərdə təhsilini Qax rayonu 4 saylı orta məktəbdə davam etdirib.
21 iyul 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə hərbi xidmətini başa vurub. 2010-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində gizir hazırlığı (kəşfiyyat ixtisası üzrə) taqım komandirinin müavini, qrup komandiri kursunu bitirib. 2011-ci ildən 2017-ci ilədək xidmət edib və Müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılıb.
Yenidən 2021-ci ildən hərbi xidmətə çağırılaraq taqım komandirinin müavini vəzifəsində çalışmağa başlayıb. 6 fevral 2023-cü il tarixində Zabit hazırlığı kursunda yüksək nəticələr göstərdiyinə görə kiçik leytenant rütbəsi verilib. 2023-cü il sentyabrın 19-da keçirilən lokal antiterror əməliyyatında qəhrəmancasına şəhid olub.
Xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)” yubiley medalı, ölümündən sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Qüsursuz xidmətə görə” III dərəcəli medalları ilə təltif edilib. Qax şəhər Şəhidlər xiyabanında dəfn olunub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.