Sizin reklam burada
Sizin reklam burada
  • Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib

    Yazın ilk günlərindən etibarən havaların qeyri-sabit keçməsi və güclü leysan yağışları şimal-qərb bölgəsində fəsadlara yol açıb. Bölgənin digər dağ çaylarında olduğu kimi, Qax rayonundan keçən Kürmük çayında da suyun səviyyəsi kəskin artıb, nəticədə ərazidə sel və daşqınlar qeydə alınıb.

    Sel sularının artması, həmçinin yaşayış məntəqələrindən keçən suvarma kanallarında bir sıra problemlər yaradıb.

    Leysan yağışları bu günlərdə də davam etməkdədir. Bu səbəbdən Kürmük çayında suyun artması daşqınlara səbəb olub. Çayın təhlükə yaratdığı ərazilərdən biri də Əlibəyli kəndindən keçən hissəsidir. Uzun illərdir Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində ekskavatorçu işləyən Biciko Emraşvili son bir ayda bu ərazidə ağır texnika ilə növbə çəkir. “40 ildir bu sahədə işləyirəm. Kürmük çayını biz həm də “dəli çay” adlandırırıq. Ona görə ki, bu ərazilərdə daşqınlar çox olur. Son aylarda isə belə hallar tez-tez təkrarlanır”, – deyən Biciko sözünü tamamlayıb sükan arxasına keçir və işini davam etdirir. Görülən tədbirlər nəticəsində problemin qarşısı böyük dərəcədə alınsa da, əraziyə nəzarət davam edir.

    Kürmük çayının keçdiyi və son vaxtlar təhlükə yaratdığı yaşayış məntəqələri sırasında Əlibəyli ilə yanaşı, İbaxlı kəndi də var. Sakinlər bildirirlər ki, çayın daşması nəticəsində bəzi ərazilər çaylağa çevrilərək istifadəsiz hala düşüb. Lakin əsas məsələ sel sularından qorunmaq və təhlükəsizliyin təmin edilməsidir ki, bu istiqamətdə də artıq işlər həyata keçirilir.

    Öyrənirik ki, çaydan keçən və Qax şəhərini içməli su ilə təmin edən plastik boru xəttinin bir hissəsini də sel suları yuyaraq üzə çıxarmışdı. Bu isə növbəti günlərdə borunun zədələnməsinə və şəhərin içməli su təchizatında problemlərə səbəb ola bilərdi. Yaranmış problemlə əlaqədar rayon Su Meliorasiya və Suvarma Sistemləri İdarəsinin maşın-mexanizmləri və canlı qüvvəsi əraziyə cəlb olunub, dərhal qabaqlayıcı tədbirlər görülüb. Su xəttinin yuyulan hissəsi yenidən qum-çınqıl qatı ilə örtülüb.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ