Sizin reklam burada
Sizin reklam burada
  • Qaxda tibb işçilərinin peşə bayramı qeyd olundu

    Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli fərmanı ilə hər il iyunun 17-si Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
    Müasir Azərbaycanın inkişafında səhiyyə sahəsinin xüsusi yeri vardır. Son illərdə ölkəmizdə yeni xəstəxanaların və tibb mərkəzlərinin yaradılması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, tibbi infrastrukturun yenilənməsi insanların sağlamlığının qorunmasına verilən böyük diqqətin göstəricisidir.

    "Atributinfo.az" xəbər verir ki, 17 iyun-tibb işçilərinin peşə bayramı günü Qaz rayonunda da qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
    Sonra tədbir Qax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin akt zalında davam edib.

    Rayon rəhbərliyinin və tibb işçilərinin iştirakı ilə keçirilən toplantıda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Toplantıda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Ulu Öndər Heydər Əliyev səhiyyə sahəsinin inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. O, dəfələrlə vurğulayırdı ki, xalqın sağlamlığı dövlətin ən böyük sərvətidir. Məhz onun rəhbərliyi dövründə Azərbaycanda səhiyyə sisteminin möhkəmləndirilməsi, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması və səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

    Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə müasir tibb infrastrukturu formalaşdırılır, səhiyyə xidmətlərinin keyfiyyəti yüksəldilir və vətəndaşların sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır.
    Son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində onlarla yeni xəstəxana, poliklinika və diaqnostika mərkəzi istifadəyə verilmiş, mövcud tibb müəssisələri əsaslı şəkildə yenidən qurulmuşdur. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş bu müəssisələr vətəndaşlara yüksəkkeyfiyyətli tibbi xidmət göstərir. Bu inkişaf təkcə səhiyyə infrastrukturunun yenilənməsi deyil, həm də insan sağlamlığına verilən yüksək dəyərin göstəricisidir.

    Azərbaycan səhiyyəsi bu gün sürətli modernləşmə mərhələsini yaşayır. Rəqəmsal texnologiyaların tətbiqi, müasir diaqnostika və müalicə üsullarının genişlənməsi, icbari tibbi sığorta sisteminin inkişafı səhiyyə xidmətlərinin keyfiyyətini yeni səviyyəyə yüksəldib. Artıq vətəndaşlar daha əlçatan, daha operativ və daha keyfiyyətli tibbi xidmətlərdən faydalana bilirlər.

    Səhiyyənin modernləşməsi sadəcə texnologiyanın yenilənməsi deyil, insan həyatına verilən dəyərin yüksəlməsidir. Müasir avadanlıqlar, rəqəmsal həllər və innovativ müalicə üsulları hər gün minlərlə insana sağlamlıq bəxş edir. Bu gün Azərbaycan səhiyyəsi keçmişin təcrübəsini gələcəyin imkanları ilə birləşdirərək insan sağlamlığının keşiyində daha inamla dayanır. Modernləşən səhiyyə sistemimiz güclü dövlətin, sağlam cəmiyyətin və ümid dolu gələcəyin təməl sütunlarından biridir.

    Bu gün Azərbaycan səhiyyəsinin inkişafında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev fondunun əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələr mühüm yer tutur. Belə ki, Mehriban xanımın təşəbbüskarı olduğu “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər mərhəmət, həyat dolu layihələr, xeyriyyə aksiyaları böyük sevgi və rəğbətlə qarşılanır.

    Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.
    Tədbirdə çıxış edənlər ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlardan və bu uğurların əldə olunmasında Ümummilli lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətlərindən bəhs etmiş, səhiyyə sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    Tədbirin sonunda rayonda əhaliyə göstərilən səhiyyə xidmətində səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisi rayon İcra Hakmiyyətinin fəxri fərmanları ilə təltif olunub.

    Bəradər
    "Atributinfo.az"












    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ