Sizin reklam burada
Sizin reklam burada
  • İrandan Azərbaycana narkotik daşıyan dron tutuldu – sərhəddə yeni təhlükəli marşrut üzə çıxdı

    Azərbaycan-İran sərhədində narkotik qaçaqmalçılarının istifadə etdiyi yeni üsulun qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin keçirdiyi əməliyyat nəticəsində İrandan Azərbaycana narkotik vasitələrin pilotsuz uçuş aparatı vasitəsilə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Hadisə DSX-nin Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Sərhədçilərin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı sərhədyanı ərazidə naməlum pilotsuz uçuş aparatının atdığı yük aşkarlanıb. Araşdırmalar nəticəsində yükün içərisində ümumi çəkisi 13 kiloqram 956 qram olan marixuana olduğu müəyyən edilib. Narkotik vasitələr götürülərək ekspertizaya təqdim olunub. Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanları narkotik yükünün göndərilməsi və Azərbaycanda qəbul edilməsi üçün yaradılmış mümkün şəbəkənin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, İrandan Azərbaycana narkotik daşıyan dronun aşkarlanması adi narkotik qaçaqmalçılığı faktı kimi deyil, milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir: “Pilotsuz uçuş aparatlarının sərhəd cinayətlərində istifadəsi yeni təhlükə seqmenti yaradır. Bu baxımdan Lənkəran istiqamətində aşkarlanan narkodron hadisəsi bir neçə mühüm məqama diqqət çəkir. Birincisi, burada söhbət təxminən 14 kiloqram marixuananın ölkəyə keçirilməsi cəhdindən gedir. Lakin əsas məsələ yükün həcmi deyil, istifadə olunan texnologiyadır. Dron vasitəsilə sərhədin pozulması gələcəkdə narkotikdən başqa silah, partlayıcı maddə, rabitə vasitələri və ya digər qanunsuz yüklərin daşınması üçün də istifadə oluna biləcək mexanizmin sınaqdan keçirilməsi deməkdir. İkincisi, İran istiqaməti uzun illərdir regionun əsas narkotik tranzit marşrutlarından biri hesab edilir. Əfqanıstan mənşəli narkotiklərin beynəlxalq bazarlara çıxarılmasında İran ərazisinin istifadə olunması müxtəlif beynəlxalq hesabatlarda da qeyd edilir. Azərbaycan sərhədçilərinin son illərdə məhz bu istiqamətdə ardıcıl olaraq yüzlərlə kiloqram narkotik vasitə aşkar etməsi problemin sistemli xarakter daşıdığını göstərir”.

    Arzu Nağıyev deyib ki, belə halların arxasında yalnız fərdi qaçaqmalçılar deyil, yaxşı təşkilatlanmış transmilli cinayət şəbəkələri dayanır: “Bu şəbəkələr müasir texnologiyalardan istifadə etməklə hüquq-mühafizə orqanlarının fəaliyyətinə uyğunlaşmağa çalışırlar. Buna görə də sərhəd təhlükəsizliyi sistemləri də daim yenilənməli, pilotsuz uçuş aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi imkanları genişləndirilməlidir. Narkotiklərin yayılması yalnız kriminal problem deyil, həm də sosial və demoqrafik təhlükədir. Narkotik dövriyyəsindən əldə olunan gəlirlər digər cinayət növlərinin, o cümlədən terrorçuluğun, qanunsuz silah ticarətinin və transmilli cinayətkar qrupların maliyyələşdirilməsinə xidmət edə bilər. Məhz buna görə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində narkodronun zərərsizləşdirilməsi təkcə növbəti uğurlu əməliyyat deyil. Bu hadisə göstərir ki, Azərbaycan sərhədlərinə qarşı tətbiq edilən üsullar dəyişir və təhlükəsizlik strukturları da həmin çağırışlara adekvat cavab verir.

    Dövlət Sərhəd Xidmətinin bu əməliyyatı həm ölkənin narkotiklərlə mübarizə imkanlarını, həm də hava məkanına nəzarət potensialını nümayiş etdirən mühüm fakt kimi qiymətləndirilə bilər. Azərbaycanın milli təhlükəsizliyinə yönəlmiş potensial risklərin qarşısının alınması baxımından narkodron hadisəsi strateji təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir”.

    Arzu Nağıyev deyib ki, son illər İranla sərhəd boyunca narkotik qaçaqmalçılarının fəaliyyətində ciddi dəyişikliklər müşahidə olunur: “Əvvəllər əsasən canlı daşıyıcılar, qaçaqmalçı qruplar və gizli keçidlərdən istifadə edilirdisə, indi texnologiyanın imkanlarından yararlanaraq pilotsuz uçuş aparatları vasitəsilə narkotik daşınmasına üstünlük verilir. Dronlar vasitəsilə daşınma qaçaqmalçılar üçün daha az riskli görünür. Lakin Azərbaycan sərhəd xidmətinin son illərdə texniki imkanlarını genişləndirməsi bu cür cəhdlərin aşkarlanmasını xeyli asanlaşdırıb”.

    Bəs İran marşrutu niyə aktualdır?

    Arzu Nağıyev deyib ki, beynəlxalq hesabatlara görə, İran uzun illərdir Əfqanıstandan gələn narkotiklərin əsas tranzit marşrutlarından biri hesab olunur: “Bu marşrut vasitəsilə müxtəlif ölkələrə, o cümlədən Cənubi Qafqaz regionuna narkotik daşınması cəhdləri vaxtaşırı qeydə alınır. Azərbaycan isə həm coğrafi mövqeyinə, həm də Avropaya uzanan nəqliyyat dəhlizlərinə görə narkotik qaçaqmalçılarının maraq dairəsində qalır. Məhz buna görə də sərhəd zonalarında nəzarət tədbirləri mütəmadi gücləndirilir. Bu səbəbdən pilotsuz uçuş aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi imkanlarının daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ