Milli Məclisin deputatı,
Mill Cəbhə Partiyasının sədri
Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman, təbii ki, müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər. İdarəetmədə çevikliyin artırılması, funksiyaların daha aydın bölüşdürülməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi baxımından bu kimi addımlar əhəmiyyətlidir.
Lakin, bu fərman birbaşa Bakı şəhərində uzun illər formalaşmış problemlərlə, o cümlədən yağış və qar zamanı üzə çıxan infrastruktur çatışmazlıqları ilə bağlı deyil. Bu daha çox idarəetmənin optimallaşdırılması istiqamətində atılmış institusional addımdır.
Eyni zamanda, bu fərmanı Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə əlaqələndirmək düzgün olmazdı. Məncə, hazırkı mərhələdə belə bir modelin tətbiqi gündəmdə deyil və fərman da bu istiqamətdə hər hansı siqnal vermir.
Ümumilikdə, struktur islahatları vacibdir, lakin real nəticələrin əldə olunması üçün paralel olaraq şəhər təsərrüfatı, infrastruktur və kommunal xidmətlər sahəsində daha dərin və sistemli addımların atılması zəruridir. Gecikmiş də olsa müəyyən addımlar atılır, amma nəticəsini uzun illər gözləməli olacağıq.
