Sizin reklam burada
Sizin reklam burada
  • Qaxın “İçəribazar” tarix-mədəniyyət kompleksində Peşə festivalı keçirilib

    Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional filialı və Qax Peşə Liseyinin dəstəyi ilə Qax şəhərinin qədim tarixi hissəsində - “İçəribazar” tarix-mədəniyyət kompleksində Peşə festivalı keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, “İstedadını peşəyə çevir!” devizi ilə təşkil edilən festival gənclərin və məktəblilərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.
    Festival iştirakçıları əvvəlcə Qax Peşə Liseyində ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin, həmçinin rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgilərə baxıb, sənətkarlıq nümunələri ilə tanış olub, müxtəlif peşələr üzrə ustad dərsləri izləyiblər.
    Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirib ki, festivalın keçirilməsində əsas məqsəd iştirakçılara müasir peşələr və gələcəyin iş sahələri barədə ətraflı məlumat vermək, cəmiyyətdə peşə təhsilinin nüfuzunu qaldırmaq və gəncləri bu sahəyə cəlb etmək, yeniyetmə və gənclərin öz bacarıq və maraqlarına uyğun sahələri tapmasına kömək göstərməkdir. RİH başçısı həmçinin Peşə festivalının çox əlamətdar bir günə - 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyini xüsusi vurğulayaraq, ölkəmizdə uşaqların qayğısız böyümələri üçün hər cür şəraitin yaradıldığını bildirib, uşaqları təbrik edib, onlara Vətənimizə layiq övladlar kimi yetişməyi arzulayıb.
    Tədbirdə Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, Şəki-Zaqatala Regional Məşğulluq filialının müdiri Abdulla Kərimov və Qax Peşə Liseyinin direktoru Səbuhi Bilalov çıxış edərək, əmək bazarında aktual olan peşələrin gənclərə və yeniyetmələrə tanıdılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
    Festival rayonun uşaq musiqi və rəqs kollektivlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"




















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ