Sizin reklam burada
Sizin reklam burada
  • AMEA-da Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzi yaradılıb

    AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin bazasında Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzinin yaradılması haqqında olub.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, 2023-cü ilin yanvar ayında AMEA-nın Rəyasət Heyətinin aparatında dövlətimizin və müasir dünyanın çağırışlarına uyğun olaraq, “Elektron Akademiya” şöbəsi yaradılıb. Daha sonra buna müvafiq olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında “Elektron xidmətlər” şöbələri yaradılıb, rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox uğurlar əldə edilib.

    Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və dövlət başçısının 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələrək 2025-ci ilin sentyabr ayında “Elektron Akademiya” şöbəsinin adının “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” olaraq dəyişdirildiyini deyib. Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında, regionlarda yerləşən Elmi Bölmələrində və Mərkəzlərindəki “Elektron xidmətlər” şöbələrinin əsasında Rəqəmsal elm sahəsi və süni intellekt şöbələrinin yaradıldığını söyləyib.

    AMEA rəhbəri qeyd edib ki, ölkəmizdə rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət səviyyəli tədbirlər, eləcə də süni intellekt, rəqəmsallaşma, elektron idarəetmə və kibertəhlükəsizlik kimi strateji istiqamətlər üzrə müəyyən edilmiş prioritetlər Akademiyanın elmi fəaliyyətində konseptual baxımdan daha müasir yanaşmaların formalaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə Akademiyada rəqəmsallaşma, süni intellekt və elektron xidmətlər sahəsində həyata keçirilən fəaliyyətlərin vahid strateji əsaslar üzərində əlaqələndirilməsi, elmi müəssisə və təşkilatlarda yaradılmış müvafiq struktur vahidlərinin fəaliyyətinin sistemli şəkildə koordinasiya olunması, rəqəmsal infrastrukturun inkişaf etdirilməsi və bu istiqamətdə görülən işlərin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin bazasında Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzinin yaradılması zərurətinin yarandığını diqqətə çatdırıb.

    Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə sözügedən şöbənin bazasında Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzi yaradılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ