Sizin reklam burada
Sizin reklam burada
  • "Məhkəmənin əsas missiyası yalnız qərar vermək deyil, ədaləti təmin etməkdir"- Razi Nurullayev

    "Məhkəmə hakimiyyəti dövlətin ən həssas və məsuliyyətli institutlarından biridir. İnsan bəzən son ümid kimi məhkəməyə müraciət edir. Çünki vətəndaş inanır ki, məhkəmə zalında onun səsi eşidiləcək, haqqı qorunacaq və qərar yalnız qanuna və vicdana əsaslanacaq.
    Deputat kimi qəbulumda çoxlu şikayətçilər olur. Onların arasında illərlə ədalət axtaran insanlar var. Bəzilərinin müraciətlərini dinləyərkən görürəm ki, ciddi araşdırmaya ehtiyac var. Elə hallar olur ki, vətəndaş öz haqqını sübut edə bilmir və ya proseslərin uzun çəkməsi səbəbindən ümidsizliyə qapılır. Bu, bizi düşündürməlidir.

    Əlbəttə, biz anlayırıq ki, hakimlərin üzərinə böyük yük düşür. İş sayı çoxdur, məsuliyyət ağırdır, vaxt məhduddur. Amma bu amillər heç vaxt əsas verməməlidir ki, bir insan haqsız yerə mühakimə olunsun və ya haqqı olan şəxs öz hüququnu bərpa edə bilməsin. Çünki məhkəmənin əsas missiyası yalnız qərar vermək deyil, ədaləti təmin etməkdir."

    Bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında MCP sədri, millət vəkili Razi Nurullayev səsləndirib.
    Milli vəkili bildirib ki, məhkəmə orqanının tam müstəqilliyi də burada xüsusi əhəmiyyət daşıyır:

    "Hakim yalnız qanuna və öz vicdanına tabe olmalıdır. Ədalətli məhkəmə üçün cəmiyyətin ən böyük gözləntisi məhz budur. İnsanlar inanmalıdır ki, onların taleyi hər hansı təsirdən deyil, hüquqdan və obyektiv araşdırmadan asılıdır.
    Eyni zamanda, onu da qeyd etməliyik ki, son illər məhkəmə-hüquq sistemində mühüm və müsbət irəliləyişlər var. Elektron məhkəmə sisteminin tətbiqi, şəffaflığın artırılması, hakim korpusunun yenilənməsi və islahatlar vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir və davam etməlidir.
    Bu gün təsdiq etdiyimiz hakimlərdən gözləntimiz böyükdür. Onlar yalnız qanunu tətbiq edən deyil, həm də ədalət hissini qoruyan insanlar olmalıdırlar. Çünki məhkəməyə inam güclü olduqca dövlətə inam da güclənəcək."- Razi Nurullayev deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ