Bunu Milli Məclisin "Aqrar siyasət komitəsi"nin bu gün keçirilən iclasında millət vəkili, MCP sədri Razi Nurullayev deyib. O, ən mühüm yeniliklərdən biri kənd təsərrüfatı təyinatlı torpaqlarda fəaliyyətə mane olan yaşıllıqların götürülməsinə hüquqi əsasın daha aydın şəkildə müəyyən edilməsi olduğunu dilə gətirərək qeyd edib ki, Qanuna əlavə edilən 13.1.7-ci maddə fermerlərə öz torpaqlarında daha səmərəli fəaliyyət göstərmək imkanı yaradır. Bu, uzun illər praktikada mövcud olan, lakin hüquqi baxımdan qeyri-müəyyən qalan bir boşluğu doldurur:
"Kolların kəsilməsi ilə bağlı tətbiq edilən “məlumatlandırma icraatı” da mühüm yenilikdir. Belə ki, fermer əvvəlcədən məlumat verir və 10 gün ərzində etiraz olmazsa, fəaliyyətə başlaya bilir. Bu yanaşma icazə mexanizmlərinin sadələşdirilməsi baxımından müsbət addımdır və artıq bürokratik yükün müəyyən qədər azaldılmasına xidmət edir.
Bununla belə, bəzi məqamlar var ki, əlavə təkmilləşdirməyə ehtiyac duyur.
Birincisi, ağaclara münasibətdə bərpa dəyərinin saxlanılması fermerlər üçün ciddi maliyyə yükü yarada bilər. Praktikadan məlumdur ki, bir ağacın köçürülməsi və ya kəsilməsi zamanı hesablanan bərpa dəyəri kifayət qədər yüksək olur. Kənd təsərrüfatı sahəsində gəlirlərin aşağı səviyyədə olduğunu nəzərə alsaq, bu xərclər bir çox hallarda fermerin iqtisadi maraqları ilə uyğunlaşmır. Bu səbəbdən, xüsusilə kənd təsərrüfatı məqsədli torpaqlarda bərpa dəyərinin ya sadələşdirilməsi, ya da daha aşağı məbləğlərlə müəyyən olunması məqsədəuyğun olardı.
İkincisi, qanunda kolların kəsilməsi üçün nəzərdə tutulan 10 günlük "məlumatlanıdrma icraatı" müddəti kağız üzərində çevik mexanizm kimi görünsə də, praktikada müəyyən risklər yaradır. Təcrübə göstərir ki, əksər hallarda 10 gün tamamında cavab verilir, lakin bu cavabların davamı müxtəlif əsaslandırmalarla aylarla, hətta illərlə uzadıla bilir. Bu isə fermerin fəaliyyətini faktiki olaraq bloklamaq gücünə malikdir. Əgər müvafiq icra orqanları tərəfindən süni uzatma halları davam edərsə, bu mexanizmin effektivliyi ciddi şəkildə zəifləyəcək.
Nəticə etibarilə, dəyişikliklər ümumi istiqamət baxımından doğrudur və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Lakin onların real nəticə verməsi üçün tətbiq mexanizmlərinin sadələşdirilməsi, xüsusilə bərpa dəyəri və inzibati prosedurların optimallaşdırılması vacibdir. Əks halda, qanunun niyyəti ilə onun tətbiqi arasında uyğunsuzluğun yaranmasını real görürəm."- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
