Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri satış məqsədilə əldə ediblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, aprelin 23-də polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində ümumilikdə 13,6 kiloqrama yaxın narkotik vasitə də dövriyyədən çıxarılıb.
Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan həm geostrateji mövqeyinə, həm də Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinə görə cinayətkar şəbəkələrin diqqət mərkəzindədir Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər:
“Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır. Sərhədlərdə narkotrafikin ən yaxşı halda 30 faizinə qədərini müəyyən edib götürmək olur. Narkotiklərin əksəriyyəti gömrükdən kənar, sərhədlərdəki zəif, gizli yerlər vasitəsilə keçirilir. SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olunub. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar. Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən bir an belə dayanmır. Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur".
Deputatın sözlərinə görə, Azərbaycan bazarına daxil olan narkotiklərin böyük hissəsi Əfqanıstan mənşəlidir və əsas tranzit xətlərindən biri məhz İran üzərindən keçir. O da vurğulanıb ki, daşınmanın çətinləşməsi bazarda qiymət artımına səbəb ola bilər: “Bu, narkotik bazarının dəyişməz qanunudur – risk artırsa, qiymət də artır”.
Arzu Nağıyev diqqətə çatdırıb ki, narkotik ticarəti təkcə kriminal qazanc mənbəyi deyil, həm də regionda terror və qeyri-sabitliyin maliyyə dayaqlarından biridir. “Bu vəsaitlərin bir hissəsi müxtəlif ölkələrdə radikal qrupların və terror şəbəkələrinin maliyyələşdirilməsinə yönəlir. Lakin hazırda regionda baş verən proseslər – hərbi gərginlik, sərhədlərin bağlanması və beynəlxalq təzyiqlər – bu qeyri-qanuni logistika zəncirini laxladıb”.
Arzu Nağıyev vurğulayıb ki, narkotiklərlə mübarizə yalnız cinayətkarlığa qarşı deyil, həm də milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilməlidir: “Bu sahədən əldə olunan gəlirlər terror qruplarının maliyyələşdirilməsi, qanunsuz silahlı dəstələrin saxlanılması və müxtəlif ölkələrdə sabitliyin pozulması üçün istifadə olunur”.
O, sonda region ölkələrinin və beynəlxalq təşkilatların bu istiqamətdə daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib: “Koordinasiyalı addımlar həm narkotik ticarətini, həm də transmilli cinayətkarlığın digər formalarını zəiflədə bilər”.
