Sizin reklam burada
Sizin reklam burada
  • Rəhim Rəhimov şəhid Vüsal Kazımovun məzarını ziyarətdən sonra onun məzunu olduğu məktəbdə olub

    Vətənə, onun daşına, torpağına ilahi bir sevgi zəfər şəhidi baş leytenant Vüsal Kazımovun qəlbinə, ruhuna lap ana südü ilə birgə axıb hopmuşdu. Odur ki, yurduna dadanmış yağıdan qisas almaq onun əsas amalı idi. Vüsal məqsədinə çatmaq üçün 44 günlük haqq savaşımız başlanan kimi cəbhənin ən qaynar nöqtəsində yağıya qarşı döyüşə girir. Şuşa istiqamətində gedən qanlı müharibədə son nəfəsinə qədər döyüşə-döyüşə şəhidlik zirvəsinə yüksəlir. Şərəfli ölümü ilə Vətəninə, millətinə başucalığı gətirən igid ürəklərdə özünə əzəmətli abidə ucaldır. Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatan şəhid baş leytenant Vüsal Kazımovla indi bütün Azərbaycan xalqı qürur duyur və ölümsüzlüyə qovuşan qəhrəmanı yad etməyi, xatirəsini əziz tutmağı hamı özünə müqəddəs borc bilir.
    Zəfər şəhidimiz Vüsal Kazımov Lənkəran rayonunun Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin məzunudur. Təhsil ocağında onun şərəfli ömür yolunu özünə örnək bilirlər. Gənc nəsil Vətəni sevməyi, doğma torpağı neçə qorumağı onun qoyub getdiyi əməllərdən öyrənirlər.
    Məktəbin qonağı olan Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov şəhid baş leytenant Vüsal Kazımovun məzarına baş çəkib, xatirəsinə ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyub. Həmçinin söhbət zamanı onun göstərdiyi qəhrəmanlıq, doğma Azərbaycana bağlılığı bir daha böyük iftixarla xatırlanıb. Bildirilib ki, adı bizlərə əziz, qəlbimizdə yaşayan Vüsal Vətənin azadlığı uğrunda odlardan, alovlardan keçərək qanı bahasına şanlı tariximizi yazanlardan oldu. O, göstərdiyi hünərlə torpağa gömülmədi, ruhu əlçatmaz, ünyetməz göylərə ucaldı. Cismən aramızdan gedən igidimiz həm də bizim üçün qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna döndü. Eləcə yarımçıq arzularını cücərdəcək iki qız övladı həmişə atalarının adına şərəf olacaqlar.
    Rəhim Rəhimov ziyarətdən sonra Vüsalın Kazımovun məzun olduğu məktəbin maddi-texniki bazası ilə də yaxından tanış olub, həyətyanı əraziyə və burada yaradılmış yardımçı sahəyə baxış keçirdib, məktəbdə fəaliyyət göstərən peşə təmayüllü siniflərlə maraqlanıb, həmçinin söhbət zamanı bu istiqamət üzrə təhsil alan şagirdlər və onların öyrəndikləri ixtisaslar barədə ətraflı məlumat alıbdır.
    Rəhim müəllim həm də məktəbdə rəqəmsal bacarıqların tədrisi üçün yaradılmış otaqlara baxıb, burada formalaşdırılmış şərait və mövcud imkanlar barədə ona danışılıb. Təhsil ocağının foyesində və dəhlizlərində müxtəlif fənlər üzrə hazırlanmış fotostendlər də onu razı salıb. Məktəbdə son dövrlərdə həyata keçirilən işlər və yeniliklər ətrafında fikir mübadiləsi aparılıb.
    Məktəbin direktoru Ramiz Ramazanov deyib:- Rəhim müəllimin məktəbimizə gəlməsi, tədris mühiti ilə yaxından tanışlığı bizim üçün xoş bir görüş kimi yadda qaldı. Məktəbdə görülən işlərə diqqət göstərməsi və proseslərlə maraqlanması gələcək fəaliyyətimiz üçün istiqamətverici xarakter daşıyır və daha məsuliyyətli yanaşmaya stimul verir·
    Onu da əlavə edim ki, “ Məktəbdə Podkast” layihənin ilk efir yayımının qonağı da məhz R. Rəhimov olub.
    Aparıcı Yağmurun təqdimatında Rəhim müəllimə həm şəxsi fəaliyyəti, həm iş təcrübəsi, həm də ümumilikdə məktəb həyatı ilə bağlı maraqlı suallar ünvanlanıb. Səmimi şəkildə sualları cavab verən qonaq təhsil sahəsindəki baxışlarını və təcrübəsini də bölüşüb.

    Zəfər Orucoğlu,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ