İnzibati Şuranın iclasında APT-nın icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin hesabatı dinlənilib. Hesabatda təşkilatın büdcə xərcləri, Avrasiya patentlərinin qüvvədə saxlanılması üçün ödənişlər, APT üzv-dövlətlərinin nümayəndələrinin ixtisasartırma və təhsil proqramlarında iştirakı və digər məsələlər barədə geniş məlumat verilib.
APT-nin 2025-ci il üçün büdcə layihəsi müzakirələrdən sonra qəbul edilib.
İclasda İnzibati Şuranın sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov yekdilliklə APT İnzibati Şurasının sədri seçilib.
Tədbirə onlayn formatda qoşulan K.İmanov bu etimada görə təşəkkürünü bildirib. O, təşkilatın fəallığının gücləndirilməsi istiqamətində İnzibati Şura üzvlərinin potensialından daha səmərəli istifadə olunmasına çalışacağını və ümumi məqsədlər naminə Şuranın işinə yeni töhfələr verəcəyini bildirib.
İnzibati Şuranın iclası öz işini sentyabrın 10-da davam etdirəcək.
