Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 16 oktyabr 2026-cı il tarixli plenar iclasında çıxışı

    Hörmətli həmkarlar!

    Bildiyiniz kimi, iki gün sonra, oktyabrın 18-də  xalqımız Müstəqilliyin Bərpası Gününü qeyd edəcək. 35 il öncə həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyətli bir hadisə idi. 

    Ölkəmizin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. 

    Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi. 

    Hörmətli həmkarlar! 

    2003-cü ilin 15 oktyabr günü -  möhtərəm cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açmışdır. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən etmişdir. 

    Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi  nəinki əldə olunmuş  nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələri yerinə yetirməyə imkan yaratmışdır. 

    Son dövrün ən böyük nailiyyətləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaratmışdır. 

    Hörmətli deputatlar! 

    Bu gün Azərbaycan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa işləri həyata keçirir. 

    Eyni zamanda, Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülh yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir. 

    Yeri gəlmişkən, hörmətli həmkarlar, qeyd edim ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin növbəti bir göstəricisidir. Ölkəmizin sədrliyi ilə keçirilən bu böyük miqyaslı beynəlxalq tədbir dünyanın geniş bir məkanında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətimizin rolunu təsdiq edir. 

    Hörmətli deputatlar! 

    Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin liderliyi  və xalqımızın birlik və həmrəyliyi dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir.

    Hörmətli deputatlar!

    Əlamətdar haldır ki, Müstəqilliyin Bərpası Günü ərəfəsində, sabah ölkəmizdə Füzuli şəhəri günü, bir neçə gündən sonra Zəngilan şəhəri günü, daha sonra isə Qubadlı şəhəri günü qeyd olunacaq. Milli iradənin təntənəsini təcəssüm etdirən bu hadisələr möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir.


    Hörmətli həmkarlar!

    Təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ