"Bu gün mən xüsusi olaraq Ədliyyə Nazirliyinin rəhbərliyinə və bütün ədliyyə işçilərinə təşəkkürümü bildirmək istəyirəm.
Deputat kimi vətəndaşlarla işləyərkən müxtəlif müraciətlərlə qarşılaşırıq. Bu müraciətlərin həllində dövlət qurumlarının münasibəti, operativliyi və məsələlərə yanaşması xüsusi əhəmiyyət daşıyır."
Bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.
Razi Nurullayev Ədliyyə Nazirliyinin fəaliyyətində son dövrlərdə müşahidə etdiyi müsbət dəyişiklikləri, müraciətlərə çevik reaksiyanı, məsələlərə diqqətli və dürüst yanaşmanı yüksək qiymətləndirdiyini dilə gətirib:
"Xüsusilə şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin olunması və insanların müraciətlərinə daha həssas münasibət göstərilməsi istiqamətində ciddi irəliləyişlərin şahidi oluruq. Dövlət orqanının fəaliyyətinə verilən qiymət yalnız qəbul edilən qərarlarla deyil, həm də vətəndaşın qarşılaşdığı münasibətlə ölçülür. İnsan müraciətinə vaxtında cavab alanda, probleminə obyektiv yanaşıldığını görəndə dövlətə inamı da güclənir.
Bu baxımdan, ədliyyə naziri cənab Fərid Əhmədova və onun rəhbərliyi altında çalışan bütün əməkdaşlara təşəkkürümü bildirirəm. Hesab edirəm ki, dövlət məmurunun əsas üstünlüyü vətəndaşla münasibətdə səmimiyyət, dürüstlük və məsuliyyət nümayiş etdirməsidir. Ədliyyə sistemində bu prinsiplərin güclənməsi təqdirəlayiqdir.
Arzu edirəm ki, bu müsbət dinamika davam etsin, şəffaflıq və operativlik daha da möhkəmlənsin. Çünki dövlətə xidmət, ilk növbədə, insana xidmət deməkdir. Bu yolda çalışan hər bir ədliyyə işçisinə uğurlar arzulayıram və təşəkkürümü bildirirəm."- Deputat səsləndirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
