Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar.
"Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.
Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq", - deyə V.Bayramov bildirib.
