Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan erkən nigahlarla bağlı ciddi etiraz təklifi

    Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi 2022-ci il üzrə öz fəaliyyəti haqqında Milli Məclisə təqdim etdiyi məlumatla bağlı Plenar iclasdakı çıxışımın stenoqramını sizə təqdim edirəm:
    "Movcud qanunvericiliyə uyğun olaraq, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı- Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə öz fəaliyyəti haqqında Milli Məclisə təqdim etdiyi məlumatı məqbul sayıram.
    Lakin qısa olaraq 1 məsələyə- erkən nigahlarla bağlı məsələyə toxunacam.
    Mən hesab edirəm ki, ümumiyyətlə erkən nigahlar bizim ölkəmizdə, xüsusilə də müasir dövrdə yolverilməzdir."
    Bu fikirləri Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında
    "Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi 2022-ci il üzrə öz fəaliyyəti haqqında Milli Məclisə təqdim etdiyi məlumatla bağlı çıxışı edərkən deputat İltizam Yusifov səsləndirib. O, bildirib ki, Azərbaycan dövləti müasir, Azərbaycan cəmiyyəti isə açıq bir cəmiyyətdir. Gənclərimizin özlərini tapmaları, sübut etmələri üçün ölkəmizdə bütün şərait yaradılıb. Bizim gənclər oxumalı, savadlı olmalı, yaratmalı, karyera qurmalı və dünyanı fəth eləməlidirlər. Bu həm kişilərə, həm də qadınlara aiddir. Bəli bu gün ölkədə Gender bərabərliyi də təmin olunur. Qadınlarımız kişilərlə bərabər istədiyi yerdə təhsil ala, işləyə bilir. Düzdür burada müəyyən problemlər, çatışmamazlıqlar da mövcuddur. Bu da bizim müəyyən mental dəyərlərimizin müasir dünyada gedən proseslər, yaranan parametrlərlə hansısa məqamda düz gəlməməsi, uzlaşa bilməməsi və bir də Kişi cinsinin qarşı tərəfə şərq mental baxışlarının müəyyən formatda hələ də dəyişməməsindən irəli gəlir. “Qız kəkil çıxardı ver getsin” ifadəsi artıq müasir dünyada keçərli deyil və ya qız ailədə yük kimi görünməməlidir. Və yaxud qız uşağını hər hansı bir ailə dəyərlərini dərk etməyən bir gəncə ərə verəndə valideynin əllərini yüxarı qaldıraraq “Şükür Allaha yük üstümdən götürüldü” deməsi və s. kimi baxışlar məhz bu sahədə problemlərin yaranmasına birbaşa təsir edir:
    "Bəziləri qız uşaqlarının erkən ərə verilməsini pis vərdişlərdən uzaq olmaq, sığortalanmaq üçün lazım olduğunu deyirlər. Pis vərdiş dediyiniz nədir? Bu gün ölkəmizdə rəsmi boşanmalar 40% səviyyəsindədir. Təəssüf ki, son zamanlarda ailə institutu bir qədər çat verib, vəziyyəti yaxşı deyil. Onda sual olunur: boşanmadan sonra bu ailələri kim və necə saxlayacaq? Dağılan ailədə həm də daha böyük problem olur, çünki ortada həm də uşaq olur. Yəni müasir gənclik ailə qurmazdan əvvəl bu məsuliyyəti dərk etməli və ailənin gələcək yaşamını qarantlamalı, hər iki tərəf gələcəkdəki, hətta onlardan asılı olmayan fors-major hallarına hazır olmalııdırlar. Məsuliyyət iki gəncin arasında, bir-birinə olan sevgi, hörmət ilə bitməməlidir. İki gəncin bir-biri arasında olan məsuliyyət onlara aiddir. Amma ailədə uşaq olan təqdirdə onların cəmiyyət qarşısında daha böyük məsuliyyətləri yaranır.
    “Elimin toy kimi adəti var” ifadəsi də bu günkü “toy biznesi” fonunda milli dəyər kimi aktuallığını çoxdan itirib. Bəziləri toyu pulun, varın çoxluğundan, reklam üçün, cəmiyyətə özünü sübut etdirəcək səviyyədə təqdim etməsi üçün, bəziləri isə üzün illər “yatırım” kimi qoruduqları toy dəftərinə uyğun olaraq borcların qaytarılması üçün edirlər. Təəssüf ki, cəmiyyətimizdə yenə də əksər insanlar tərəfindən toya yatırım və ya gəlir mənbəyi kimi baxanlar hələ də mövcuddur. Balanın toyunu görmək və ya kiminsə toyda əhd etdiyi üçün sındıra-sındıra oynamağı müasir dövrdə ailə qurmaq üçün yetərli dəlil deyil.
    Mən təklif edirəm ki, bu sahədə qanunvericilik tələbləri daha da sərtləşdirilməli, Cinayət məcəlləsində Erkən nigahlarla bağlı, erkən nigaha məcburetmədə valideynlərin məsuliyyəti daha da artırılmalı və nigaha girən hər iki tərəf müqabilinin də məsuliyyətə cəlb edilməsi qanunvericilikdə əksini tapmalıdır."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ