"Atributinfo.az" xəbər verir ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Saatlı rayonunun Soltanabad kəndindən olan Şahbazov Aqif Hasif oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Bu gün Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin 3-cü ildönümü mərasimində iştirak ediblər. Şəhidimizin Soltanabad kəndində yerləşən məzarı ziyarət olunmuş,məzarı üzərinə gül dəstələri qoyulmuş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Daha sonra şəhidimizin 3-cü il dönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak edilmişdir.
Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğı üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə,birinci Vitse-prezident Mehriban Əliyevaya eləcə şəhidlərin anılmasında iştirak edən hərkəsə dərin təşəkkürlər etmiş və razılıqlarını bildirmişdir.
Daha sonra Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açmışdır. Mərasimdə qeyd edilib ki, bu il sentyabrın 20-də ordumuzun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suveren hüquqları tam bərpa edilib. Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları sayəsində yalnız hərbi obyektlərin hədəf alınmaqla, mülki əhaliyə zərər verilmədiyi tədbirlər cəmi bir sutkaya başa çatdırılıb. Nəticədə qanunsuz erməni silahlı qüvvələri tərk-silah edilib və onların Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb. Müdrik rəhbər və rəşadətli ordumuz Azərbaycanın Konstitusiya quruluşunu və suverenliyimizin bərpasına nail olub.
Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bütün ölkə ərazisində olduğu kimi, Saatlı rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilir.
Şahbazov Aqif Hasif oğlu 1991-ci il martın 10-da Saatlı rayonu Soltanabad kəndində dünyaya gəlib.
Aqif Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqif Şahbazov 2020-ci il oktyabrın 18-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri ilə fəxr edir, qürur duyuruq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəradər,
Zahir
"Atributinfo.az"
