"Qədim Oğuz elində adət imiş. Ov ovlamayan, düşmən qarşısına çıxıb igidliklər göstərməyən gənc ad ala bilməzmiş, ailədə, nəsildə belə oğula hörmət göstərilməzmiş. Oğuz qızları da yalnız öz sevgililərini sayıb mərdliklərinə əmin olduqdan sonra onlara könül verərlərmiş. Babək, Cavanşir, Koroğlu, Nəbi, Tomris, Həcər, Nigar timsallı mərd oğul və qızlarımız zaman-zaman Azərbaycan adlı məmləkətin qəhrəmanlıq salnaməsini yaratmışlar. Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar." Bunu "atributinfo.az"-a açıqlamasında
Göygöl RİH başçısının Qızılqaya Qəsəbə İcra Nümayəndəliyində müavin İlkin Məmmədov deyib. O, əlavə edib ki, xalqımız da haqlı olaraq daima onlarla öyünür, əbədi olaraq qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir. Onların ruhu hər birimizi böyük qələbəyə, şəhidlərimizin qisasını almağa səsləyir:
"Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, hamımız Vətənimizin əsgəriyik. Hər an düşməni törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq. Bizi yalnız bir amal birləşdirir - Vətən torpaqlarını yağılardan qorumaq.
Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
Hər kəs baş əyir məzarının önündə, «Səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni!» deyir.
Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Çünki Şəhidlərimiz torpağı Vətən etdilər, Vətəni bütöv etdilər. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar Şəhidlik qanı ilə yoğrulan- Qarabağ Azərbaycandır!"- İlkin Məmmədov deyib.
Zahir Məmmədov
"Atributinfo.az"
