Sizin reklam burada
Sizin reklam burada
  • O biri dünyadakı bir yaşını qeyd edirik, Şakir Kərimov

    Amma, kədər, nisgil və... ehsanla

    “Görəsən dünyaya nöş gəlib insan?” mahnısını neçə toyumuzda, ad günümüzdə, şad günümüzdə oxumuşdunsa, dəqiq bilən yoxdur. Dəqiqi odur ki, məclislərimizin bəzəyi idin. Masallıdan, sizin kənd qəbirsanlığından çıxanda dönüb məzarına bir də baxdım. Ürəyimdəki problemi yaxşı bilən İsgəndər Namazov – o, səninlə ən çox zarafat edən, sən isə onun zarafatlarını ən yaxın sirdaş kimi qəbul edən tələbə yoldaşları idiniz – mənə geri çevrilməyi “qadağan elədi”. İsgəndər bilmirdi ki, mən o anda məkanı, ünvanı məlum olmayan kimdənsə soruşurdum: “Görəsən dünyadan nöş köçür insan?”
    O biri dünyadakı bir yaşının tamam olması xəbərini mənə Nüsrət Nəsirov dedi. Nəsirov xatırlatdı ki, dostların, tanışların, tələbə yoldaşlarının xeyirində, şərində iştirak eləmək məsələsində Şakirin tayı-bərabəri yox idi.
    Mən çox sonralar öyrənmişdim ki, sən hələ institutdan xeyli əvvəl də bizim ən təmkinli tələbə yoldaşımız olan Pənah Süleymanovla dostluq, yoldaşlıq etmisənmiş. Elə ona görə də biz Masallıdan qayıdanda Pənah sənin Rusiyada, Gürcüstanda, Qazaxıstanda yaşayan soydaşlarımızın çoxsaylı toy-nişan məclislərində iştirak etdiyini söyləmişdi. Mən də əlavə eləmişdim ki, o siyahının əvvəlində Azərbaycanın adını çəkin.
    Mən bu sətirləri qələmə alanda Təranə Balayevanın, Rahibə Seyidovanın, Sinəxanım Məmmədovanın, Nazır Rüstəmovun, Aslan Fətullayevin, Gültəkin Məmmədovanın, Şəfiqə Məmmədovanın, Zümrüd Məhərrəmovanın, rəhmətliklər Telman Əliyev və Əlislam Səmədovun sənin haqqında söylədikləri fikirləri də yada salmaq istədim. Amma çox kədərli olduğuna görə bir az üzdən keçdim.
    Yadımdadır. Tələbəlik illərində Şamir Vəliyev, İsgəndər Namazov, Nüsrət Nəsirov, Pənah Süleymanov və mən öz aramızda “Beşlik” dediyimiz bir qrup yaratmışdıq. Gənclik cığallıqlarımız hər addımda sezilirdi. İsgəndər həmin qrupun “qapısını bağlamışdı”. Yəni oraya əlavə kimisə qəbul etmirdik. Əlislam Səmədov da bizim qrupa üzv olmaq istəyəndə üzünə qapı açılmadı və özünəməxsus jestlərlə dedi: “Siz heç mənə lazım da deyilsiniz. Şakir sizin hamınızdan üstündür”. O ifadə indi yerinə düşür, a Şakir!
    Allah Əlislama da, sənə də rəhmət eləsin! Qayğısız, problemsiz dünyadakı bir yaşın mübarək!

    1977-ci ildə İncəsənət İnstitutunun Mədəni-maadif fakültəsinə (təşkilatçı metodist ixtisası) qəbul olunmuş dostların adından “A” qrupunun tələbəsi
    İttifaq QAÇAYEV
    Xırdalan şəhəri, 6 mart, 2023-cü il.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ