
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elmir Bagirov “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə rayon gənclərini təbrik edərək, ümummilli lider Heydər Əliyev tərəfindən gənclər siyasəti sahəsində aparılan uğurlu islahatlardan, 1994-cü il 26 iyul Fərmanı ilə Gənclər İdman Nazirliyinin yaradılmasından, 1996-cı ildən etibarən Gənclər Forumlarının keçirilməsindən, 1997-ci ildən etibarən 2 fevral günün Gənclər Günü elan edilməsi və gənclərlə bağlı qəbul edilən digər qanun və dövlət proqramları haqqında məlumatlar verdi. Eyni zamanda o, bu gün Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirilməsindən, 44 günlük Vətən müharibəsində gənclərin rolundan, qəhramanlıq şücaətlərindən, dövlətin gənclərimizə göstərdiyi böyük diqqət və qayğılardan, onlar üçün yaradılan imkanlardan bəhs etdi.
Daha sonra tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva, Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayonun Qaralar kənd sakini qazi Elvin Abbasov, Rayonun Novruzlu kənd tam orta məktəbinin müəllimi İntiqam Mərdanlı və Məmmədabad kənd tam orta məktəbinin müəllimi Rüfanə Mirzəyeva da dövlət tərəfindən gənclər üçün yaradılan geniş imkanlardan, Vətən müharibəsində gənclərin Ali Baş Komandanın ətrafında sıx birləşməsindən, Azərbaycan gənclərinin təkcə respublika çərçivəsində deyil, dünya arenasında da öz bilik və bacarıqları ilə fərqlənməsindən, Azərbaycan həqiqətlərinin dünyaya çadırılmasında əsas istiqamətverici qüvvələr olduğundan danışdılar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında və xidməti fəaliyyətlərində fəallıq göstərən gənclər rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
Zahir Məmmədov



