Sizin reklam burada
Sizin reklam burada
  • Zəngəzuru tanıyaq və tanıdaq (On üçüncü yazı)

    Musa Urud
    Milli Məclisin deputatı,
    şair, publisist, politoloq

    Zəfər yolu və Zəngəzur bayatıları

    Zəngəzur haqqında silsilə yazılarımı ötən ilin sonunda yekunlaşdırmağı düşünürdüm. Lakin cənab Prezident İlham Əliyevin 24 dekabr 2022- ci il tarixdə, öz ad günündə Qərbi Azərbaycan icmasının binasının açılışında söylədiyi konseptual fikirlər məni bu mövzunu davam etdirməyə sövq etdi. Cənab Prezidentin həmin görüşdə söylədiyi "biz ata- babalarımızın yurdlarına qayıdacağıq", "bu bizim haqqımızdır", "biz sülh yolu ilə qayıdacağıq"- kimi fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının kontur cizgiləri kimi qiymətlidir və hər birimiz bu yolda bacardığımızı etməli, öz töhvələrimizi verməliyik. Deməli, bizi Şuşaya qovuşduran Zəfər yolu davam edir. Bu yol bizi Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə, Ağbabaya aparacaq. Necə deyərlər, ömür bitər, yol bitməz. Yolumuz açıq olsun. Mən inanıram ki, o yurdlara gedəcəyik, bizdən öncə isə arzularımız, sözlərimiz, nəğmələrimiz gedəcək o ellərə. Bu vəsilə ilə də "Zəngəzur bayatıları" nı yazdım. Məndən əvvəl də Zəngəzura bayatılar yazan Sarı Aşığa, Hüseyin Kürdoğluya, Ağa Laçınlıya, Eldar Baxışa, Zəlimxan Yaquba, İlham Qəhrəmana və digər söz ustadlarımıza Salam olsun!

    Zəngəzur bayatıları

    Mən aşiq Zəfər yolu,
    İgid yolu, ər yolu.
    Zəngəzura gedənin
    Qədəminə sər, yolu.

    ****
    Yolum Zəngəzuradı,
    Kəbəm, qibləm oradı.
    Hər qayası bir ayə,
    Hər dağı bir surədi.

    ****
    Aşıq Zəngəzurludu,
    Üzü, gözü nurludu.
    Yurdsuz xar olan igid,
    Eliynən qürurludu.

    ****
    Əzuzim buz bulaqlar,
    Yanı yarpız bulaqlar,
    Dəniz, insafın olsun
    Körpədi qız bulaqlar.

    ****
    Əzizm İşıqlıya,
    Gün düşüb İşıqlıya.
    Göy göl Kəpəzə aşıq,
    Qara göl İşıqlıya.

    ****
    Salvartıda qara bax,
    İgid düşüb dara, bax.
    Çən - dumandan xəbərsiz
    Yol gözləyən yara bax.

    ****
    Əzizinəm Qafan oy,
    İtirən oy, tapan oy!
    Sinəsindən gül açan,
    Butasından gopan, oy!

    ****
    Mən aşıq Qazan gölə,
    Xustuba, Qazan gölə.
    İndi düşmən tor atır,
    Bir vaxr yar üzən gölə.

    ****
    Mən aşiqəm şıxlara,
    Sofuluya, Şıxlara.
    Yağı yolu kəsibdi,
    Həsrətdi aşiq yara.

    ****
    Urud, Ağdü, Vağədi,
    Xandı, bəydi, ağadı.
    Bazar çayın boynunda
    Üç qızıllı cığadı.

    ****
    Mən aşiq Ağbulağa,
    Gorusa, Ağbulağa.
    Qar yağmır neçə ildi
    Həsrətdi bağ bulağa.

    ****
    Zorzor bulaq gur gəlsin,
    İç, gözünə nur gəlsin.
    Əvvəl yol, dəhliz olsun,
    Sonra Zəngəzur gəlsin!

    ****
    Mən aşiqəm düz, düzə,
    Gəl oturaq diz- dizə.
    Əl uzatsan çatandı
    Zəngəzurdan Təbrizə.

    ****
    Bəd gözdə nəzər yana,
    Nə zərgər, nə zər yana.
    Araza od düşməsin,
    Qorxuram Xəzər yana.

    ****
    Aşıq nagüman ağlar,
    Yamacda duman ağlar.
    Oxçu, Yaycı viranə,
    Ox ağlar, kaman ağlar.
    ****
    Mən aşıq, tel üşüdü,
    Cıqqada tül üşüdü.
    Üçtəpədə yel əsdi,
    Gorusda gül üşüdü.

    ****
    Buğda əkdim dəmiyə,
    Maral doldu zəmiyə.
    Zəngilandan nə qalır
    Lökə, Maralzəmiyə?

    ****
    Quzeydə qar qalandı,
    Qırğılar qarğalandı.
    Şəkiyə gedəmmədim,
    Yoluma qar qalandı.

    ****
    Dərdli hər dərdə ağlar,
    Kiriyər, bir də ağlar.
    Qərib aşıq əlində
    Tel ağlar, pərdə ağlar.

    ****
    Yaz arzum qışa döndü,
    Gözümdə yaşa döndü.
    Qırxqız dağında qırx qız
    Daş oldu, daşa döndü.

    ****
    Əziziyəm İrəvan
    Şuşa, Təbriz, İrəvan.
    Gözümüzün nurusan
    Candan əziz, İrəvan!

    ****
    Əzizim Zəngəzura
    Yol gedər Zəngəzura
    Daha nə qəm yaraşmır,
    Nə kədər, Zəngəzura.

    ****
    Əzizim Alagözə,
    Aşiqəm ala gözə.
    Qar yağıb Ağbabaya,
    Gün düşüb Alagözə.

    ****

    Mən aşiq Comərdliyə,
    İgidliyə, mərdliyə.
    Çatdınsa Ərəfsəyə,
    Nə qalır Comərdliyə.

    ****
    Xan gəlsin, paşa gəlsin
    Qəlbimiz cüşa gəlsin.
    İrəvanla Təbrizin
    Müjdəsi qoşa gəlsin.

    ...Zəngəzur Azərbaycandır!
    ... Hamımız Qərbi Azərbaycanlıyıq!
    .. İrəvanda görüşənədək!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ