Sizin reklam burada
Sizin reklam burada
  • Dostumu axtarır, qəmli gözlərim...



    Deyirlər ki, insanların bəzisi bu dünyaya gələndə xeyirxahlıq, alicənablılıq, istiqanlılıq, ziyalılıq və s. kimi ali-mənəvi dəyərlər də onlarla qoşa doğulur və qoşa böyüyürlər.Ömrünün 40-cı ilinə qədəm qoyan, yüzlərlə,minlərlə insanın dərin hörmət və məhəbbətini qazanan, onların yaxın dostuna, həmdəminə, sevimlisinə çevrilən Cəmil Məmmədov da belə insanlardan biri idi.
    Cəmil Oxtəkin oğlu Məmmədov 1982-ci il, mart ayının 25-də Ağdaş şəhərində anadan olub.Üçuşaqlı ailənin böyük övladı idi.Hələ 4-5 yaşı olanda onun qeyri-adi hərəkətləri, davranışı tay-tuşlarından çox fərqləndiyini büruzə verirdi.Tez-tez öz oyuncaqlarını sındırıb bərpa etməyə çalışar, hətta, işləyən elektrik ütüsünü,radionu söküb-yığmağa cəhd edərdi.Onun bütün bu hərəkətləri sanki gələcəkdə istedadlı bir mütəxəssiz olacağından xəbər verirdi.
    O, 1987-94-cü illərdə Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbdə təhsil alıb.Məktəbin direktoru Ədilxan Ədilov Cəmilin riyaziyyat fənnindən xüsusi istedada malik olduğunu belə vurğulamışdı: “Onda olan riyazi təfəkkür,məntiqi fikir aydınlığı diqqətəlayiqdir.Heç bir məsələ və hadisə haqqında tələsik qərar çıxarmır, hər hansı bir tapşırığı yerinə yetirəndə yüz ölçüb bir biçirdi.İnanıram ki, məktəbdə təlim-tərbiyəsi ilə həmişə yoldaşlarına nümunə olan Cəmil gələcək həyatında layiqli yerini tuta biləcəkdir”.
    Cəmil Məmmədov orta təhsilini 6 il Ağdaş Özəl Türk Liseyində davam etdirib.Həmin illərdə sinif nümayəndəsi kimi həm müəllimlərin,həm də şagird yoldaşlarının böyük hörmətini qazanib.Bəzən elə anlar olub ki, Cəmil özündən yaşca böyük olan şagirdlərə də ağıllı məsləhətlər verib.O, 1998-99-cu tədris illərində Ağdaş şəhəri üzrə tarix fənnindən keçirilən bilik yarışmasında 1-ci yeri tutub.1999-2000-ci tədris illərində müxtəlif fənlər üzrə bilik yarışmasında yüksək nəticələr əldə etdiyinə görə tərifnamələrlə, fəxri fərmanlarla təltif olunub.
    Humanitar fənlərə xüsusi maraq göstərən Cəmil ingilis dili ilə yanaşı, doğma ana dilini, ədəbiyyatı, türkçəni, tarix və coğrafiyanı eləcə də, bilgisayar proqramlarını mükəmməl şəkildə öyrənmişdi.Təhsildəki addımları ilə seçilməklə bərabər, bütün ictimai işlərdə təşkilatçılıq qabiliyyəti ilə fərqlənirdi.Ağdaş Özəl Türk Liseyinin müdiri Abdullah Akça məktəbdə göstərdiyi uğurlu nəticələrə görə bütün kollektivin onun haqqında yanılmadığını söyləmişdi.
    Orta təhsilini başa vurduqdan sonra 2000-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunub.Eyni ildə ölkəmizdən kənarda Ali məktəblərə də sənəd verən Cəmil Türkiyə Respublikasındakı Uludağ Universitetinin xarici dillər fakültəsinin ingilis dili bölməsinə qəbul olunub. 2004-cü ildə orada təhsilini başa vurduqdan sonra İstanbul Universiteti Təhsil Elmləri Şöbəsinə qəbul olunub.Cəmil bu ali məktəbdə də yaxşı oxuyur və ixtisasına dərindən yiyələnmək üçün Universitetdən kənar məşğələlərə gedir.Onun bu çalışqanlığına qibtə edən türk tələbə yoldaşlarından biri demişdi: “Sən mənim ilk azəri dostumsan.Öz timsalında mənə Azərbaycan xalqını iyi bir şəkildə tanıtdın.Heç zaman mənfi tərəfini görmədim.Hər zaman dürüst, doğru inandığım biri olaraq tanıdım səni.Hər zaman belə qal”.
    Cəmil qardaş Türkiyədə oxuduğu illərdə özünün ən yaxşı keyfiyyətləri ilə seçilərək, tələbə yoldaşlarının sevimlisinə çevrilmişdi.Onlar inanırdılar ki, bu gənc oğlan öz yüksək qabiliyyəti və istedadı ilə mükəmməl bir mütəxəssis kimi doğma Vətəninə layiqincə xidmət edəcəkdir.
    Bəli doğurdan da Cəmil doğma xalqına, Vətəninə ləyaqətlə,vicdanla xidmət etdi.O. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Türkiyənin Uludağ Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) bakalavr, İstanbul Universitetində Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsilini aldı.Qeyd edək ki, C.Məmmədov daha əvvəl Bakı Mühəndislik Universitetində Pedaqogika kafedrasının müdiri vəzifəsində çalışmış, ömrünün sonuna kimi Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru olmuşdur.
    Filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov qısa və mənalı ömrünü təhsilimizin, elmimizin inkişafına həsr etdi, son nəfəsinədək bu missiyanı uğurla davam etdirərək əlindən gələni əsirgəmədi.
    Cəmil Məmmədov bir çox elmi məqalələrin, monoqrafiyanın və “Şəxsiyyət nəzəriyyələri haqqında” adlı dərs vəsaitinin müəlliflərindən biridir.İstedadlı alim haqqında Ə.Zaman və D.Qaraşlının birgə nəşr etdirdikləri “Azərbaycan 21-ci əsrə istedadlarla” adlı kitabında ətraflı məlumat veilmişdir.
    Əgər ömür vəfa etsəydi heç şübhəsiz ki, Cəmil müəllim onlarla yeni-yeni elmi əsərlərin müəllifi olacaqdı, elm aləminə, xalqına samballı töhfələr verəcəkdi.Çox təəssüf ki, zənn etdiyimiz kimi olmadı.Onun böyük arzuları, məqsədləri və planları ömrü kimi yarımçıq qaldı.Ötən ilin fevral ayının 5-də amansız xəstəlik uzunmüddətli müalicəyə baxmayaraq onu aramızdan apardı,həyatını xilas etmək mümkün olmadı.
    Vəfatının ildönümü ərəfəsində ata-anası,doğmaları,əzizləri,sadiq dost-tanışları onu dönə-dönə xatırlayaraq, kövrək xatirələri dilə gətirirlər.Yaxın dostu Abdulxaliq Qafaroğlunun bu ağır itkiyə həsr etdiyi şeirindən:
    Xatirən zehnimdə canlanıb durur,
    Sanki xəyalınla danışır qəlbim.
    Keçmişə boylanır nəmli gözlərim,
    Sən varsan,mən varam,xatirələr var,
    Dostumu axtarır qəmli gözlərim.
    Bəli, doğurdan da, hamımızın gözü gənc alimimizi, əziz eloğlumuzu axtarır.Doğmalarına, əzizlərinə, dost-tanışlarına Uca Allahdan səbr diləyirik!
    Allah gənc alimimizə qəni-qəni rəhmət eləsin! Amin!

    Şahin Nuhov “Ağdaş" qəzetinin müxbiri

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ